#Gənclik-qəzeti

Arzularının ardınca okeanın o tayına gedən fotoqraf

May 23, 12:14 / Mənbə: Kaspi.az

 

Məcid Əliyev:

"Əsl peşəkar ilk növbədə qazandığı pulu yox, gördüyü işin səviyyəsini və

keyfiyyətini düşünür”

 

Foto dünyası çoxdandır ki, axtardığı həyat yoludur.

Onu bu sahədə qazandığı pulların miqdarı deyil, gördüyü işin keyfiyyəti maraqlandırır.

Elə bu bacarığı da həmsöhbətimizi arzularının ardınca okeanın o tayına qədər

aparıb...

Müsahibimiz Amerikada işləyən azərbaycanlı fotoqraf Məcid Əliyevdir.

Ticarət, reklam və sənədli foto sahəsində 12 ildən

çox təcrübəsi var. "McCann”, SIPA, "CondeNast”, "Havas” və s. kimi agentliklərlə

işləyib. "RedBull”, JTI, "Microsoft”, P&G və sair kimi böyük və nüfuzlu

brendlər üçün gördüyü işlər dünya miqyasında marketinq kampaniyalarında yer

alıb. Müsahibələri və foto işləri "CondeNast”, "Cosmopolitan”, OK!, F1.com,

Dünya İqtisadi Forumu və s. kimi jurnallarda və veb portallarda dərc edilib. Rihanna,

Cenifer Lopez, Enrike İqlesias və digər məşhur sənətçilərin konsertləri və həmçinin

"Royal Belum” Dünya Zərb alətləri Festivalı, "ElectricZoo”, "iHeart Radio” "JingleBells”,

"ZharaFest” və s. mühüm festivallarda foto çəkilişlər aparıb. Azərbaycanda isə,

"Atkins”, "Bakı Ağ Şəhər”, "Paşa İnşaat”, "ChalkStudio” və s. kimi şirkətlər  üçün memarlıq çəkilişləri edib. "RedBull”

(dünya miqyasında), "BakuCityCircuit” (Formula 1 Qran Pri Azərbaycan), Baku Cycling Federation (AzVIF) layihələr üzrə fotoqrafdır.

 

 

- Məcid bəy,

fotoaparatla ilk tanışlıq hekayəniz necə olub?

- Fotoaparatla ilk dəfə uşaqlıda tanış olmuşam. Babam

və qardaşı foto həvəskarları idi. Hər dəfə şəkil çəkib vanna otağında qırmızı

lampa ilə çıxarırdılar. Kağız üzərində təsvirin yaranması prosesi mənə çox

maraqlı gəlirdi. Hər dəfə fotoaparat və istənilən digər cihazın iş prinsipi,

texnologiyası barədə məlumat almağa çalışırdım. Məktəb illərində də

fotoaparat  mənimlə idi, sinif

yoldaşlarımın şəkillərini çəkirdim. Bu maraq məni məktəbdən sonra da tərk etmədi

və təxminən 2002-ci ildə əlimə ilk rəqəmsal kamera düşdü. Bu yeni texnologiya mənə

maraqlı idi, çünki əvvəllər fotoaparatlar "plyonka” ilə  işləyirdi. Baxmayaraq ki, o vaxtın 1

meqapiksellik kameraları ilə o qədər də keyfiyyətli şəkil çəkmək mümkün

olmurdu, amma maraqlı idi. Bir neçə aydan sonra isə "sabunqabı” deyilən birinci

HP kameralardan əldə elədim. Həmin vaxt universiteti təzə bitirmişdim və

ixtisasıma uyğun olaraq, kommersiya və reklam işi üzrə yerli reklam şirkətlərinin

birində işə başladım. İş yerimdə da kamera var idi, amma ondan o qədər da çox

istifadə edə bilmirdim. HP kamerasını aldıqdan sonra şəkil çəkmək imkanım daha

çox oldu. Bununla paralel olaraq, köhnə fotoaparatla da çəkirdim. 2004-cü ildə

Azərbaycan Fotoqraflar Birliyinə daxil oldum. Orada gördüklərim və eşitdiyim mənə

çox təsir edib. Əvvəl şəkil çəkmək mənim üçün bir hobbi idisə, bu andan etibarən

başa düşdüm ki, foto dünyası çoxdandır ki, axtardığım həyat yoludur.

 

 

- Sizə görə

foto nədir? Yəni bir foto özündə nələri birləşdirməlidir? 

- Foto çəkəndə seçdiyin janrdan çox şey asılıdır. Məsələn,

insan portretini çəkəndə, həmin şəxslə maraqlanıb, barəsində nə qədər çox məlumat

ala bilirsənsə, yaxşı şəkil çəkmək də o qədər asan olacaq. Yəni insanı

tanımadan onun fotosunu çəkmək olar, amma bu şəkli daha təsirli və maraqlı etmək

üçün çəkdiyin insanı tanımaq lazımdır. Onu xarakterizə edən həyat tərzi, cəhətlər

və hətta əşyalara mümkün qədər çox diqqət yetirilməlidir. Məsələn, musiqiçinin

portretini çəkəndə onun sevdiyi musiqi aləti istifadə olunarsa, bu detal,

obrazını tamamlayıb daxili dünyasını daha aydın şəkildə ifadə edəcək.

Arxitektura və memarlıq janrına aid olan çəkiliş isə tam fərqlidir. Burada daha

çox texniki və həndəsi detallara diqqət yetirib bu detalların daha estetik tərzdə

təqdim olunmasını düşünməlisən. Reportaj çəkəndə isə müvafiq mövzu üzrə

araşdırmalar aparıb, biliklər əldə etmək zəruridir. Tutaq ki, hansısa böyük

idman tədbirində çəkiliş aparırsan. Həmin idman növü və tədbir barədə kifayət qədər

məlumat toplayıb, bu tipli tədbirlərdə səndən qabaq çəkilən peşəkar şəkillərə nəzər

yetirməlisən. Bunun əsasında  həmin idman

növü üzrə standart kimi qəbul edilmiş kadrlarla yanaşı, öz kreativliyindən

istifadə edib daha gözəl şəkil çəkə bilərsən. Bu, xəbərlər, konfrans və digər tədbirlərin

çəkilişlərinə da aiddir. İstənilən fotoçəkiliş hekayə kimi olmalıdır, yəni

fotoreportaja baxanlar hekayənin yeri, əvvəli, mövzusu və sonu barədə məlumat

almalıdır. Burada məqsəd aydın şəkildə təqdim edilməlidir. Fotoaparatı əlinə

götürüb düşünmədən çəkilişə getsən, təsirli, inandırıcı və maraqlı fotolar əldə

etmək çətin olar. Bundan əlavə, müasir foto sənətinin trendlərdən da məlumatlı

olmalı, yenilikləri daim izləməli, onlara uyğun işləməlisən.

 

 

- Çəkdiyiniz

fotonun yaxşı olduğuna necə qərar verirsiniz? Hansı meyarlara əsasən

seçirsiniz?

- Bəzən olur ki, öz çəkdiyim şəkillərdən ən

yaxşısını seçmək çətin olur. Məsələn, hərdən sırf özüm üçün "street” yəni "küçə”

janrında foto çəkib dostlarıma göndərirəm və onlardan,  xoşlarına gələn şəkilləri seçməyi xahiş edirəm.

Çəkdiyim şəkli kompozisiya, texnika, rakurs və digər amillərə görə seçirəm. Şəkilin,

ona baxan insana nə danışacağını başa düşürəm, amma kənardan da fikir almaq mənim

üçün vacibdir. Buna görə, dost-tanışlarıma şəkilləri göndərib, seçdiklərini nəyə

görə bəyəndiklərini mütləq soruşuram.

- Sizcə, peşəkar

fotoqraf olmaq üçün bahalı kamera almaq kifayətdirmi? 

- 2009-2010-cu illərdə müşahidə etdim ki, minlərlə

cavan və orta yaşlı həmvətənlərim bahalı kamera almağa başladı. Bir tərəfdən bu,

mənim üçün xoş idi. Çünki 2004-cü ildə Azərbaycan Fotoqraflar Birliyinə gələndə

gördüm ki, fotoqrafların arasında orta yaşlı təbəqə, demək olar ki, yoxdur.

Fotoqraflar ya çox yaşlı, ya da çox cavan idilər. O vaxtı hiss elədim ki, 90-cı

illərdə insanlar arasında foto sənətinə maraq bir qədər azalıb. Buna görə də,

2010-cu ildən sonra cavan və orta yaşlı insanların fotoya olan marağın artması

məni sevindirdi. O vaxtı rəqəmsal kameraya sahib olmaq artıq adi hala çevrildi.

Çünki plyonka aparatları ilə müqayisədə, onunla şəkil çəkmək prosesi daha rahat

və nisbətən asan idi. Digər tərəfdən, mobil telefon və ya həvəskar kamera ilə çəkilən

şəkillə bahalı rəqəmsal kamera ilə çəkilən şəkil arasında fərq çox böyükdür və

rəqəmsal kameranın yeni sahibləri çəkdiyi şəkilləri o qədər bəyənirdi ki,

bir-iki şəkil çəkəndən sonra özünü artıq peşəkar hiss edirdi, hətta çəkiliş

qiymətini təyin edib fotoqraf xidməti göstərməyə başlayırdı (gülür). Həqiqətən

də, 2010-2014-cü illər ərzində sənətə saysız-hesabsız fotoqraf gəlib, lakin mən

əmin idim ki, min nəfərin içində, bəlkə də, 50 nəfər doğurdan da, yaxşı

fotoqraf ola bilər. Kamera alıb dərhal fotoqraf olan bu cür adamlar tez bir

zamanda gəlir əldə etməyəndə, kameranı qırağa qoyub qazanc axtararaq, digər fəaliyyətlərə

üz tutur.  Eyni vəziyyət DJ, dizayner və

digər müasir peşələrlə də baş verdi, yəni pul hansı peşədə varsa, camaat onunla

da məşğul olmağa çalışırdı. Təcrübə də göstərdi ki, bahalı kamera almaqla

uğurlu fotoqraf olmaq mümkün deyil. Əgər sən illərlə bu peşədə qalıb pul qazana

bilirsənsə, sənin adın öz tanışların arasında deyil, hər yerdə tanınırsa, barəndə

media yazırsa, işlərin məşhur sərgi və medialarda çap olunursa, onda sən uğurlu

fotoqrafsan. Hətta qızıl medalın olmasa və "World Press Photographer” adını

daşımasan belə, işlərin uğur qazanırsa, özünü peşəkar fotoqraf hesab edə bilərsən.

Qazandığın pulların məbləği da əsas deyil. Bir gün çox, bir gün az qazana bilərsən.

Əsl peşəkar ilk növbədə qazandığı pulu yox, gördüyü işin səviyyəsini və keyfiyyətini

düşünür.

 

 

- Siz Azərbaycanda

və beynəlxalq səviyyədə kifayət qədər böyük şirkətlər və layihələrdə işləyibsiniz.

Sizcə, bu məşhur şirkətlər niyə məhz sizi seçib? 

- Təəssüf ki, əvvəllər bir çox şirkət keyfiyyətli çəkiliş

aparan peşəkar axtarmırdı, dost-tanışına xeyir verməyə üstünlük verirdi. Çox

sevindirici haldır ki, bu tendensiya özünü doğrultmadı və insanlar keyfiyyətin

nə dərəcədə vacib olduğunu başa düşüb, əsl peşəkarlara üz tutdu. Bunun sayəsində

mənim üçün də bir çox maraqlı layihədə iştirak imkanları yaradıldı. Vaxt

keçdikdə təcrübəm və portfoliom da artırdı. Portfolio artdıqca, peşəkar

tanınmağa başlayır. Xaricdən və yaxud xarici şirkət nümayəndəliyindən kimsə Azərbaycanda

çəkiliş aparmaq istəyəndə, təbii ki, ilk növbədə yerli peşəkarlar arasında

seçim aparır. Çünki bu həm qiymət, həm də rahatlıq baxımdan daha əlverişlidir.

Onu da deyim ki, əvvəllər bizim fotoqraflarda portfolio anlayışı da zəif idi,

xaricilər üçün isə bu, ən vacib seçim amilidir. Çünki fotoqrafın portfoliosuna

baxanda orada it, pişik və yaxud gül şəkli yox, real və peşəkarcasına gördüyü

işlər təqdim edilməlidir. Amerikada isə ümumiyyətlə, təcrübən olmasa, iş və ya

müştəri tapmaqda çətinlik çəkəcəksən. Buraya köçəndə mənim üçün böyük üstünlük

o idi ki, portfoliomda artıq çox böyük layihələr və böyük şirkətlərin sifarişləri

var idi. Müəyyən vaxt keçəndən sonra tədbirlər və digər istiqamətlər üzrə çəkilişləri

aparmaq üçün dəvətlər almağa başladım. Bu ölkədə "networking” (şəbəkələşmə) tədbirləri

çox məşhurdur. Həmin tədbirlər zamanı müxtəlif sahələr və şirkətlərin nümayəndələri

ilə görüşüb tanış olurdum. Bu tədbirlər gələcəkdə yeni müştəri əldə etmək və

yeni layihəyə dəvət almaq baxımdan çox vacibdir. Eyni zamanda, pulsuz və ya

könüllü şəkildə gördüyüm işlər də həm təcrübə qazanmaq, həm də yeni layihələri tapmaq

baxımından mənə çox kömək etdi.

 - Ümumiyyətlə, dünya səviyyəli layihə və

sifarişçi ilə işləmək peşənin zirvəsində olmaq deməkdirmi? 

- Əvvəllər hər addım sənin üçün köməkdir. Getdikcə

zirvələrlə işləyirsən və alışırsan. Mən hamısı ilə məbləğin çoxluğuna görə işləməmişəm.

Şirkət maraqlı idisə, hətta təcrübə üçün könüllü şəkildə də işləmişəm. Brend məsələsi,

əlbəttə əladır, amma mənim üçün özünüinkişaf, öyrənmək, işin keyfiyyəti daha önəmlidir.

CV-də brendlər çox olsa da, əsas, keyfiyyətli iş ortaya qoymaqdır. Son 7 il ərzində

mən toy, ad günləri çəkilişləri etmirəm. Baxmayaraq ki, yaxşı pul gətirir və

orada zirvədə idim, bezdim... Yaxşı pul qazanırsan, amma öyrənmədiyim üçün mənə

maraqlı olmadı. Mənim üçün zirvə yoxdur, çünki daim öz üzərimdə işləyəcəyəm və

öyrənəcəyəm. 

 

 

- Azərbaycanda

kifayət qədər tanınmış peşəkar idiniz. Amerikaya köçüb sıfırdan başlamağa sizi

nə vadar edib? 

- Amerikaya köçmək çoxdankı planım idi. Mən tez-tez

səyahət edirdim. Qazandığım pulu ya avadanlığa xərcləyirdim, ya da səyahətə.

Bahalı geyim, ev almaqdansa, mənim üçün ölkələri gəzmək, öyrənmək, özümə sərmayə

qoymaq daha önəmli idi. Bilirdim ki, Amerikada sıfırdan başlamalıyam. 3 il

bundan öncə - təzə köçəndə təkcə Nyu-Yorkda rəsmi 67 min "freelans” fotoqraf

var idi. Başqa ölkədən gəlib onların içində önə çıxmaq üçün çevik olmalısan. Gərək

qorxmayasan və bir yerdə oturmayasan. Əsas məsələ, çətin olsa da, komfort

zonadan çıxmağı bacarmaqdır. Məni Bakıda hamı tanıyırdı. Öz müştərilərimi, ətrafımı

itirib sıfırdan başlamaq çətin addım idi. Amma mən bundan qorxmadım. Çünki hiss

elədim ki, bizim ölkədə bazar balacadır və müəyyən müddət sonra inkişaf edə

bilmirsən. Qazancımı yığdım və köçdüm. İlk yarım il ancaq könüllü kimi işləyirdim.

Burada qanuni şəkildə işləməsən, müştərini itirirsən. Təzə vaxtı CV-lərimi göndərirdim

çağırırdılar, deyirdim sənədlərim bir neçə ay sonra gələcək razılaşmırdılar. O

müddət ərzində xidmət sektorunda işlədim. Dostlarım mənə gülürdü ki, sən Azərbaycanda

normal şəraitdə yaşayırdın, orada qutu daşıyırsan? Amma burada ona lağ etmirlər.

İstədiyin işdən başlayıb, xəyalına çata bilirsən. Özümə inandım və bacardım.

Arxaya baxmadan irəli gedirəm. Hazırda Amerikada "Microsoft”la işləyirəm. İnsan

inansa, hər şey alınar. Baxmayaraq ki, Azərbaycan, Belçika, yaxud Zimbabvedə

yaşayırsan, dünyadan nə istəyirsənsə, onu əldə edə bilərsən. Əsas odur ki, nə

istədiyini biləsən.

- Covid-19-la

bağlı yaşadığınız ştatda karantin elan olunub, xeyli insan koronavirusa

yoluxub. Bu dövrü necə keçirirsiniz?

- Nyu-Yorkda vəziyyət pis idi. Özüm də mart ayı xəstələndim.  Simptomları koronavirusa çox oxşadı, amma tez

keçdi. Çalışdım ki, özümü müalicə edim. Bir həftədən sonra çölə çıxdım. Evdə

oturmaq olmaz. Məncə, gəzmək lazımdır. Çünki günəşin altında gəzmək daha çox

vitamindir, nəinki evdə yatmaq. Hazırda şəhərin 25 faizi işə qayıdıb.

Aygün ƏZİZ

 

 

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.