#Idman

"Ronaldo həmin qolu görsəydi, arxamca təyyarə göndərərdi" - Emin Mahmudov

May 23, 12:14 / Mənbə: Qol.az

"Rusiyada ən sevimli klubum "Saturn"dur. İkincisi, oynamasam belə, "Spartak"dır. Üçüncü yerdə isə "Krılya Sovetov" gəlir".

Bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov "İbrakadabra" "YouTube" kanalına müsahibəsində deyib.

28 yaşlı futbolçu bildirib ki, Samara təmsilçisində yaxşı atmosfer olsa da, oyun sarıdan bəxti gətirməyib: "Tez-tez zədələnirdim. 2 dəfə omba nahiyyəsindəki zədəyə görə, daha sonra isə ayağım sındığı üçün uzun müddət oynaya bilmədim. Orada keçirdiyim 2,5 ilin 1,5 ilini müalicə olundum. Sıralamada 4-cü yer "Mordoviya", 5-ci isə "Tom"dur".

Mahmudovun sözlərinə görə, "Mordoviya"da çıxış edərkən ona "Yandex" (axtarış sistemi) ləqəbi veriblər: "İstənilən futbolçunun harada, hansı klubda oynadığını bilirdim. Buna görə mənə "Yandex" ləqəbi qoymuşdular".

Təcrübəli oyunçu "Spartak"da artıq çəkiyə görə cərimələnməmək üçün maraqlı üsula əl atdığını söyləyib: "Demək olar ki, şam yeməklərini buraxırdım. Həmin vaxt 15-16 yaşım var idi. Çəkim artmasın deyə şam etmirdim".

Mahmudov "Spartak"da çıxış edərkən 2012-ci il noyabrın 20-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin "Barselona" ilə Moskvada keçirilmiş oyunun (0:3) fasiləsində İspaniya klubunun kapitanı Xavi Ernandesin onun cərimə zərbəsindən vurduğu qola reaksiyasını xatırlayıb: "Bu, doğrudur. Mənim zərbəmdən sonra Xavi şoka düşmüşdü. Açığı, elə özüm də şokda idim. Kriştianu Ronaldu həmin zərbəni görsəydi, bəlkə mənim üçün təyyarə göndərərdi ki, standart vəziyyətdən necə qol vurmaq lazım olduğunu ona da öyrədim. Çılğın qol idi. Xavinin mənə baxdığını görəndə növbəti dəfə şoka düşdüm. Mənə əli ilə "əla" işarəsi göstərmişdi. Tarixi hadisə idi".

Millimizin üzvü forma dəyişdirmək istədiyi futbolçuların adlarını açıqlayıb: "Uşaq vaxtı top daşıyarkən futbolçularla şəkil çəkdirirdim. "Barselona"dan Aleks Sonqla formamı dəyişdirmək istəyirdim. Daha sonra o, "Rubin"ə keçdi. Dəyişsəydim, gərək, sonra həmin formanı atardım (gülür). Həmçinin Fabreqasla formamı dəyişdirmək istərdim. Amma alınmadı".(Report)

Xəbərin mənbəsi: Qol.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.