#Cəmiyyət

Avropada qadağan olundu, bizdə necə...

May 23, 12:13 / Mənbə: Kaspi.az

Mütəxəssislər deyirlər ki, mentollu

siqaretlərin Azərbaycanda da qadağan olunması vacibdir

 

Avropa

İttifaqı (Aİ) ərazisində mentollu siqaretlərin satışı qadağan edilib. Trend-in

məlumatına görə, bu barədə Avropa Komissiyasının qərarı mayın 22-dən qüvvəyə

minir. Aİ-də tütün məmulatlarının satışına məhdudiyyətlər barədə qanunvericilik

2014-cü ildə qəbul olunmuşdu. Qanunvericiliyə əsasən, ətirli, o cümlədən

mentollu siqaretlərin bazarlardan mərhələli şəkildə yığışdırılması nəzərdə

tutulurdu. 2012-ci ildə ətirli siqaretlərin satışı Avropada ümumi tütün

bazarının 5 faizini təşkil edirdi. Qeyd olunur ki, mentollu siqaretlərin

populyarlaşmasından sonra tütün əleyhinə reklam kampaniyalarının

səmərəliliyinin azalması müşahidə olunub. Bəs görəsən mentollu siqaretlərin

orqanizmə hansı ziyanları var? Bizdə də bu qadağa tətbiq edilə bilərmi? Tibb üzrə ekspert, professor Adil Qeybulla

deyir ki, belə bir qadağa bizdə də tətbiq olunmalıdır: "Bir şeyi bilmək

lazımdır ki, ziyansız siqaret yoxdur. Siqaret tütünündə olan inqredientlər,

xüsusilə də nikotin törəmələri, birbaşa olaraq xərçəng şişinin əmələ gəlməsinə

səbəb olur. Siqaret, həmçinin bronxitlərdə və mədə-bağırsaq sistemində xərçəng

şişinə gətirib çıxarır. Mentollu siqaretlərdə, ola bilsin ki, tütünün və

nikotinin konsentrasiyası nisbətən azdır. Ona görə də bu siqaretlərin yüngül və

zərərsiz olduğu deyilir. Bu siqaret növləri orqanizmə tənbəkidən və tütündən

daha az mənfi təsir göstərir. Amma istənilən halda siqaret çəkmək, birmənalı olaraq,

orqanizmə zərərlidir. Siqaret ən böyük kanserogenlərdən biridir. Təsadüfi deyil

ki, xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrdən analiz götürülərkən onun

hansı aralıqda siqaret çəkdiyi qeyd olunur. 

Ona görə də, siqaretlərin hansısa növünün zərərsiz olduğuna aldanmaq

olmaz. Təəssüflər olsun ki, Azərbaycan təcrübəsi, bəzən dünya təcrübəsi ilə

uzlaşmaya bilir. Biz bəzən həyati kəsb edən məsələlərdə geridə qalırıq.

Düşünürəm ki, müəyyən müddət sonra bizdə də qanunvericiliklə bu qadağa təsdiq

oluna bilər”. 

Sosioloq Əhməd Qəşəmoğlu təəssüflə

qeyd etdi ki, ölkəmizdə  siqaretlə

mübarizə işləri qaneedici səviyyədə deyil: "İnsanın həyatına təhlükə gətirən

bütün məhsullar haram və qadağan olunmalıdır. Mentollu siqaretlər dəbə

düşdükdən sonra kütlə arasında böyük şövqlə qarşılandı. Çünki siqaret sənayesi

çox pul gətirəndir. Tütünlə mübarizə kampaniyası xeyli müddətdir ki, bizdə də

aparılır. Əslində insan sağlamlığı siqaret istehsalçılarının marağında deyil. Çünki

bu, böyük biznes şəbəkəsidir və milyonlarla gəlir gətirir. Amma əgər Avropada

bu siqaret növü qadağan olunursa, deməli, vəziyyət həqiqətən də ciddidir. Bu

onu göstərir ki, mentollu siqaretlərin nə qədər təhlükəli olması ilə bağlı

ciddi elmi-tədqiqat işi aparılıb. Bu tədqiqat işlərinin nəticəsi olaraq

qanunvericilikdə belə bir qadağa irəli sürülüb. Hesab edirəm ki, belə bir

qadağa bizim qanunvericiliyə də əlavə olunmalıdır. Belə siqaretlərin satışına bizdə

də məhdudiyyət qoyulmalıdır. Bəzən bu siqaretlərin zərərsiz olmasına dair

reklamlar yayılır. Amma bir şeyi bilmək lazımdır ki, siqaretin bütün növləri

orqanizmə ziyandır. Düşünürəm ki, bu istiqamətdə maariflənmə işlərinin

aparılmasına ehtiyac var. Yaxşı olar ki, gənclərimiz, ümumiyyətlə, siqaretdən

imtina etsin. Xüsusilə, azyaşlılara siqaret satanlar ağır şəkildə

cəzalandırılmalıdır”.

 

Sosioloq Sahib Altay Avropada

mentollu siqaretlərin satışı ilə bağlı qadağanın tətbiqini müsbət addım kimi

qiymətləndirir: "İnkişaf etmiş ölkələrin inkişafını gerçəkləşdirən şərtlər var.

Bu ölkələrdə insan həyatının önəmi hər zaman qabardılır və  bu məsələlərə hüquqi çərçivədə nəzarət

edilir. Azərbaycanda qaçaqmalçılıq yolu ilə gətirilib qara bazarda satılan

siqaretlər var. Bəzi dünya brendinin tütün məhsulları var ki, onların üzərinə

«Siqaret öldürür» ifadəsi yazılır. Avropada bu siqaretlər standart olaraq

istehsal olunur. Bizdə siqaret çəkməyə dəb məsələsi kimi yanaşırlar. Bu gün

istehsal olunan siqaretlərin hazırlanmasında filter və ximikatlardan istifadə

olunur. Bu ximikatlar siqaretin dadını dəyişmək və xüsusi asılılıq yaratmaq

məqsədi daşıyır. Bu asılılıqdan isə asanlıqla qurtarmaq olmur. Bəlkə də tütün

asılılığından azad olmaq mümkündür, bu ximikatlardan imtina etmək isə çox çətin

olur. Günümüzdə bu siqaretlərin yaratdığı asılılıq səviyyəsi daha güclüdür. Son

dövrlərdə meyvə dadı verən siqaretlərin çeşidi xeyli artıb. Yaponiyanın,

İsveçrənin, Amerikanın istehsal etdiyi brendlərin çeşidləri çoxalıb. Əgər beş

il bundan əvvəl bu siqaretlərin 3-5 növü var idisə, indi bu rəqəm 30-40-dır.

Meyvə dadı qatılan siqaretlər ağ ciyər və nəfəs borusunda müxtəlif problemlər

yaradır. Sulu qəlyanlardan fərqli olaraq bu siqaretlərin tərkibinə meyvə tütünü

qatılmır. Bu siqaretlərə xüsusi qatqılar əlavə olunur. Bu siqaretlər orqanizmə

ikiqat zərərdir. Ona görə də Avropada bu siqaretlərin satışına qadağa qoyuldu.

Əgər Avropada bu qadağan edilibsə, yəqin ki, bu məhsulların istehsalatı da

dayandırılacaq. Düşünürəm ki, bu siqaretlərin satışının dayandırılması vacibdir”.

 

Şəbnəm

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.