#Ikt

NETTY2021 internet mükafatı sizi iştiraka dəvət edir

Nov 01, 12:42 / Mənbə: Oxu.az

Noyabrın 1-də Azərbaycanın NETTY2021 Milli İnternet Mükafatı yarışması başlayır.

NETTY hər il Azərbaycanın ən yaxşı İT layihələrini, veb-saytlarını, tətbiqlərini, sosial resurslarını, informasiya texnologiyaları sahəsində aparıcı şəxsləri müəyyənləşdirir, mükafatlandırır və bu il 16-cı dəfə keçirilir.

İştirakçı ərizələrinin qəbulu 2021-ci il noyabrın 1-dən 30-dək www.netty.az internet saytında aparılacaq. Dekabrın 1-dən 7-dək namizədlərin siyahısı formalaşdırmaqla Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin səsverməsi keçiriləcək. Dekabrın 8-də “NETTY Akademiyası” namizədlər arasından qalibləri müəyyən etmək üçün səsverməyə başlayacaq.

NETTY2021 qalibləri rəsmi olaraq mükafatlandırma mərasimində elan olunacaq. COVID-19 pandemiyası ilə əlaqədar tədbir canlı yayıma və interaktivliyə diqqət yetirməklə hibrid rejimdə keçiriləcək.

Mükafata namizəd olmaq aşağıdakı istiqamətlər üzrə mümkündür: veb-saytlar, tətbiqlər, sosial platformalardakı resurslar. Qaliblər elan edilmiş əsas nominasiyalar üzrə müəyyən ediləcək. İştirakçılar aşağıdakı üç meyara görə qiymətləndirilir: ideya, məzmun, icra.

Ərizələrin qeydiyyatı ödənişlidir, potensial iştirakçılar üçün güzəşt müddəti var, noyabrın 1-dən 7-dək ərizənin qeydiyyatının qiyməti 1 AZN-dir. Yalnız təşkilat komitəsi tərəfindən təsdiqlənmiş ərizələr üçün ödəniş linki göndəriləcək və ərizəçilər iştirak etməyə davam edəcək.

“Virtual münsiflər heyəti” internet istifadəçilərindən formalaşır. Sosial şəbəkələrdən istifadə edərək mükafatın saytında qeydiyyatdan keçmiş istifadəçilər münsiflər heyətinin üzvü ola və müsabiqəyə namizədlərin seçilməsində iştirak edə bilərlər. Münsiflər heyəti “Virtual Münsiflər Heyətinin Seçimi” nominasiyasında iştirakçıların ümumi sayından üç namizəd seçir.

“Ekspert Şurası” müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşdırılmaqla dizayn, proqramlaşdırma, marketinq, jurnalistika və s. sahələr üzrə mütəxəssislərdən ibarətdir. Ekspert şurası hər bir nominasiya üzrə və hər bir istiqamət üzrə üç namizəd seçir.

“NETTY Akademiyası” Azərbaycanın ictimai, dövlət və biznes strukturlarında çalışan nüfuzlu şəxslərlə təmsil olunur. Akademiya hər bir sahə üzrə mövcud nominasiyaların qalibini müəyyən edir.

2021-ci ildə NETTY çərçivəsində saytlar, tətbiqlər və sosial səhifələr arasında resurslar aşağıdakı əsas nominasiyalar üzrə qiymətləndiriləcək:

1. Dövlət və Cəmiyyət

2. Biznes və Maliyyə

3. Elm, Təhsil və İnnovasiya

4. Səhiyyə, İdman və Turizm

5. İnformasiya və Xəbərlər

6. Mədəniyyət, İncəsənət və Yaradıcılıq

Müsabiqədənkənar fəxri nominasiyalar üzrə də qaliblər müəyyən olunacaq:

7. İlin İT Hadisəsi

8. “Azərbaycanda İT-nin inkişafının zənginləşdirilməsinə görə” nominasiya

Bu il mükafatı dəstəkləyənlər:

Baş partnyor – “NAR”.

Mükafatın rəsmi tərəfdaşları “Golden Pay”, “SmartHost”, Renley.az-dır.

Layihənin informasiya tərəfdaşları: Oxu.Az, Media.az, Kaspiy qəzeti, Infocity jurnalı.

Mükafatla əməkdaşlıq üçün [email protected] ilə əlaqə saxlayın.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.