#Hadisə

FHN: Abşeron Gənclər Şəhərciyində intihara cəhd olub

Oct 28, 10:46 / Mənbə: Report.az

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində Abşeron Gənclər Şəhərciyinin ərazisindəki çoxmərtəbəli binada 1 nəfərin intihara təşəbbüs etməsi barədə məlumat daxil olub.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, bina sakinlərindən biri ictimai əsayişi pozaraq (ev əşyalarını eyvandan atmaqla) insanların həyat və sağlamlığı üçün təhlükə törətməklə yanaşı, intihara təşəbbüs niyyətini nümayiş etdirir.

Xilasedicilərdən bir neçəsi intihara cəhd edən şəxsin diqqətini yayındırmaq məqsədilə onunla ünsiyyət qurmağa müvəffəq olub, həmin vaxt qalan xilasedicilər tərəfindən xilasetmə və digər zəruri tədbirlər, o cümlədən təhlükəsizlik çadırının çəkilməsi təmin edilib. Ətrafda olan insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan sonra, xilasedicilər mənzilin qapısını açıb polis əməkdaşlarının içəri daxil olmasına şərait yaradıblar. Vətəndaş polis əməkdaşları tərəfindən saxlanılaraq zərərsizləşdirilib.

Ev əşyalarını balkondan tullayan 1978-ci il təvəllüdlü qadın Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həkim nəzarəti ilə idarəyə dəvət olunub.

"Report" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Məlumatda deyilir ki, hazırda onun müvafiq müalicə mərkəzinə yerləşdirilməsi ilə bağlı iş aparılır:

"Yaxın dəqiqələrdə ixtisaslaşmış həkim briqadasına təhvil veriləcək. Bu barədə qohumları məlumatlandırılıb. Qadın həmin ünvanda tək yaşayıb, heç bir təzyiqə və zorakılığa məruz qalmayıb".

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.