#Ask

Pambıqçılığın nüvə texnologiyası ilə inkişafına dair layihə təqdim edilib

Oct 21, 18:10 / Mənbə: Report.az

Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə təşkilatçılığı ilə “Pambıq istehsalında torpaq, qida maddələri və suyun idarə edilməsi sahəsində qabaqcıl kənd təsərrüfatı təcrübələrinin gücləndirilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə nazir müavini Sarvan Cəfərov, Nazirliyin Aparatı və tabeli qurumlarının əməkdaşları, AEBA-nın nümayəndələri, pambıqçı fermerlər, pambıq emalı müəssisələri iştirak ediblər.

S.Cəfərov bildirib ki, Prezidentİlham Əliyevin tapşırığına əsasən Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Aqrar sahənin ən mühüm istiqamətlərindən birinin pambıqçılıq sahəsi olduğunu deyən nazir müavini əlavə edib ki, dövlət dəstəyi pambıqçılığın sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaradıb. O, pambıqçılığın inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə AEBA arasında əməkdaşlığa da toxunub.

Tədbirdə çıxış edən Nüvə texnologiyasının tətbiqi üzrə FAO-AEBA Mərkəzinin direktoru Qu Liang pambıqçılıqda torpaq, qida maddələri və suyun səmərəli idarə olunmasının əhəmiyyətindən bəhs edib və iqlim dəyişikliyinin mənfi təsirlərindən yayınmaq üçün resursların səmərəli idarə olunmasının zəruri olduğunu vurğulayıb. Nazirliyin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov, Aqrar Kredit və İnkişaf Agentliyinin direktoru Seymur Mövlayev dövlət dəstəyi və ardıcıl həyata keçirilən tədbirlər nəticəsində bu sahədə inkişaf tempinin davam etdiyini vurğulayıblar. Qeyd olunub ki, AEBA-nın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr əlverişsiz mühit amillərinə qarşı davamlı pambıq sortlarının yaradılmasında əhəmiyyətli rol oynayır. AEBA-nın layihə koordinatoru Nəzakət İsmayılzadə “Azərbaycanda pambıqçılığın vəziyyəti: qabaqcıl kənd təsərrüfatı metodlarının tətbiqi” mövzusunda çıxış edərək mövcud resurslar, ənənəvi becərmə texnologiyaları və iqlim dəyişikliyi fonunda qabaqcıl kənd təsərrüfatı metodlarının tətbiqinin zəruriliyinə toxunub.

Daha sonra “Nüvə texnologiyası və aidiyyəti metodlardan istifadə etməklə mutant seleksiya və torpaq, su və qida maddələrinin səmərəli idarə edilməsi ilə Azərbaycanda pambıqçılığın dayanıqlı inkişafına dair strateji məsləhətləşmə” mövzusunda müzakirələr aparılıb. Yüksək məhsuldarlıqla yanaşı, xəstəliklərə, quraqlığa dözümlü sortların yaradılmasının vacib olduğunu vurğulayan tədbir iştirakçıları pambıqçılığın inkişafı ilə bağlı qabaqcıl təcrübələrin tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.