#Mədəniyyət

İstanbulda “VI Türk Dünyası Sənədli Film Festivalı”nın qala və mükafatlandırma mərasimi keçirilib - FOTO

Oct 15, 19:37 / Mənbə: Oxu.az

Oktyabrın 15-də İstanbulda “VI Türk Dünyası Sənədli Film Festivalı”nın qala və mükafatlandırma mərasimi keçirilib.

“Report”un Türkiyə bürosu xəbər verir ki, “Dünya Dili Türkcə” şüarı altında keçirilən festivala tələbə və peşəkar nominasiyaları üzrə “Türk mədəniyyəti” və “Türkün dünyaya baxışı” mövzularında ümumilikdə 13 ölkədən 226 sənədli film təqdim olunub. Tələbə nominasiyası üzrə 10, peşəkar nominasiya üzrə isə 16 film final mərhələsinə keçib.

Ölkəmizdən festivala “Batalyon”, “Son düşən qala”, “Qalxan və qılınc” kimi bir çox ekran əsəri təqdim edilsə də, final mərhələsinə “Biz”, “Son sütun”, “Hədiyyə” və “Sonuncu” filmləri keçib.

Tədbirdə Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyevə “Biz” filmi ilə “Münsiflər heyəti təşviq” mükafatı təqdim edilib.

Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən hazırlanan 41 dəqiqəlik “Biz” tarixi-sənədli filmi Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr olunub.

Ekran əsərinin ideya müəllifi və rejissoru, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev, prodüseri Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov, operatorları Əli Əliyev və Ziya Babayev, səs rejissoru Azad Vəliyev, redaktorları Ayaz Mirzəyev və İlham Bərxudar, montajçısı isə Əsgər Rəhimovdur.

Filmdə Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qəhrəmancasına döyüşən Azərbaycan əsgəri, eləcə də arxa cəbhədəki vətənpərvər sadə vətəndaşların bu tarixi Qələbənin əldə olunmasındakı rolu əks etdirilib.

Festivalda mükafatlandırılan filmlərin iştirakçı ölkələrdə nümayişi nəzərdə tutulur.

Festival Türk Dünyası Jurnalistlər Federasiyası, Türk Dünyası Mədəniyyət, İncəsənət və Film Vəqfi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə baş tutub.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.