#Fərdi

Gənclər və İdman Nazirliyi Anım Günü ilə bağlı tədbirlər keçirib

Sep 28, 00:14 / Mənbə: Report.az

Gənclər və İdman Nazirliyi Anım Günü ilə bağlı bir sıra tədbirlər keçirib.

Nazirlikdən “Report”a verilən məlumata görə, əvvəlcə Respublika Stend Atıcılığı üzrə İdman Kompleksində nazir Fərid Qayıbovun iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Nazirliyin kollektivi və atıcılıq idmanı üzrə yığma komanda üzvləri kompleksin həyətində ümumilikdə 100 ağac əkiblər.

Ölkə üzrə isə ümumilikdə Nazirliyin tabeliyində olan 44 idman kompleksi və gənclər evinin ərazisində, şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq, 2 907 ağac əkilib.

Nazirliyin rəhbərliyi və kollektivi, eləcə də gənclər təşkilatlarının və idman ictimaiyyətinin nümayəndələri II Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət ediblər. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşərək həlak olmuş qəhrəmanlarımızın məzarları önünə gül-çiçək düzülüb, əziz xatirələri ehtiramla yad edilib.

Anım mərasimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) akt zalında keçirilib. Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə Vətən müharibəsində canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, ADBTİA-nın rektoru Fuad Hacıyev, Vətən müharibəsi şəhidi Səbuhi Sadıxovun atası Rövşən Sadıxov, Vətən müharibəsi qazisi, ADBTİA-nın magistrantı Elnur Əkbərov və Olimpiya çempionu Namiq Abdullayev çıxış ediblər.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.