#Siyasət

Prezident: “Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”

Sep 25, 10:16 / Mənbə: Kaspi.az

İlham Əliyev BMT tribunasından dünya ictimaiyyətinə müraciət edərək ərazilərimizə

istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və

manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıb

 

BMT Baş

Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində

keçirilən illik ümumi müzakirələri zamanı Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin videoformatda çıxışı təqdim olunub.

 

"Azərbaycan özünümüdafiə hüququndan istifadə etdi” 

 

Prezident

Ermənistanda hərbi cinayətkarlar Köçəryan-Sarkisyan rejimi devrildikdən sonra

yeni hökumətin ciddi şəkildə danışıqlarda iştirak edəcəyi ilə bağlı müəyyən

ümidlərin olduğunu, lakin yeni hökumətin də Azərbaycanla dinc qonşuluq əvəzinə,

işğalın davam etdirilməsi yolunu seçdiyinin şahidi olduğunu əlavə edib. Nəticədə,

2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən

açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaş həlak oldu:

"Ötən il buradakı çıxışımdan üç gün sonra - sentyabrın 27-də Ermənistan Azərbaycanın

hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Buna

cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş

özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum

əməliyyatına başladı”.

 

BMT qətnamələrinin icrası

 

Ali Baş

Komandan qeyd edib ki, 44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə

yerləşən rayonlarımızı və şəhərlərimizi intensiv şəkildə atəşə tutdu. Ermənistan,

həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ,

Siyəzən, Xızı və digər şəhərləri də "Skad” və "İsgəndər-M” tipli

ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli

sursatlardan istifadə edərək atəşə tuturdu. Ermənistanın bu hərbi cinayətləri nəticəsində

100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox

insan yaralanıb.

Prezident

bildirib ki, 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin

böyük bir hissəsini azad etdi. Onun sözlərinə görə, kapitulyasiya aktına imza

atmağa məcbur olan Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən –

Ağdam, Laçın və Kəlbəcərdən də çıxarmağa məcbur edildi. Azərbaycan BMT Təhlükəsizlik

Şurasının qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis

edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.

 

"Dağlıq Qarabağ adında inzibati ərazi vahidi

yoxdur”

Dövlət

başçısı qeyd edib ki, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi

vahidi yoxdur və biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq:

"Fürsətdən istifadə edərək mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə

istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və

manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.

Prezident

vurğulayıb ki, təqribən 30 illik işğal ərzində Azərbaycanın 9 şəhəri və yüzlərlə

kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Onun sözlərinə görə, Ermənistan

keçmişdə işğal altında olan ərazilərimizdə qanunsuz olaraq təbii sərvətlərimizi,

o cümlədən qızıl və digər qiymətli metal və mineralları istismar edib. Lakin

işğal altında olmuş ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz

istismarı ilə məşğul olan müxtəlif ölkələrdən olan xarici şirkətləri müəyyən

edilib və onlara qarşı hüquqi tədbirlərə başladılıb.

Dövlət

başçısı vurğulayıb ki, I Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın itkin

düşmüş vətəndaşımız var və Ermənistan onların taleyi ilə bağlı bizə məlumat

verməlidir. Onun sözlərinə görə, etibarlı məlumatlara əsasən, onların demək

olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq

humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda

basdırılıb”.

 

Ermənistanı məcbur

edilməlidir

 

Prezident

qeyd edib ki, Ermənistanda hökumət tərəfindən təşviq edilən Azərbaycanofobiya

artmaqdadır. Ermənistanda rejim dəyişikliyinə baxmayaraq, ölkədə faşist

ideologiyası hökm sürür. Azərbaycan təkcə Ermənistanın işğalçı qüvvələrini

deyil, həm də erməni faşizmini məğlub edib.

Dövlət

başçısı onu da qeyd edib ki, azad olunmuş ərazilərdə irimiqyaslı tikinti işləri

həyata keçirilməkdədir. Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına

görür və təkcə bu il bu məqsədlə 1.3 milyard ABŞ dolları məbləğində vəsait

ayrılıb: "Lakin əsas çətinlik azad olunmuş ərazilərdə Ermənistan tərəfindən

yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır. Ermənistan tərəfindən

kapitulyasiya aktının imzalanmasından sonra bu günə qədər 2 jurnalist daxil

olmaqla, 30 Azərbaycan vətəndaşı həlak olmuş, 130 nəfər isə yaralanmışdır. Ermənistan

dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ermənistanın üç

rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faizdir.

Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz

üzrə dəqiq mina xəritələrini bizə təqdim etsin.

Azərbaycan

Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə

almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız

ərazi iddiaları arasında seçim etməlidir”.

Bəxtiyar Məmmədli

                         

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.