#Idman

Samir Abbasov: “Sosial şəbəkədə bizi qınayanları dindirsək, hərə bir heyət deyəcək”

Aug 04, 00:29 / Mənbə: Oxu.az

“Maraqlı oyun keçdi. Bugünkü bərabərlik rəqibə cüzi üstünlük verə bilər. Səfər qolu üstünlüyü ləğv olunduğundan, artıq HİK bir topla öndə olmayacaq".

Oxu.Az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abbasov Avropa Liqasının III təsnifat mərhələsində HİK-lə keçirilən ilk oyun barədə danışarkən deyib.

Finlandiya klubu ilə “Bakcell Arena”dakı matç 2:2 hesabı ilə nəticələnib. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abasov fikrini bu sözlərlə davam etdirib:  

“Qapıçımız Aqil Məmmədovun zədələnməsindən sonra meydanda ruh düşkünlüyünü aradan qaldırmaq istədik. Sağ olsun, Kamran İbrahimov bizi peşman etmədi, qapıda inamlı dayandı. Hər şey ikinci oyuna qalıb. Fərqli rəqibə qarşı çıxış edəcəyik. 

Kane çempionat matçlarında da müdafiənin sağ cinahında oynamışdı. Bu üzdən Emin Mahmudova bu matçda çox yük düşdü. Xəyal Nəcəfov bəzi epizodlarda mövqeni bağlamaqda çətinlik çəkdi. Emin özü çox qaçan oyunçudur. Bugünkü duruma görə hamısı çox iş gördü.

Aqil Məmmədovda birinci dəfə deyil ki, belə hal olur. Onunla yanaşı, Mirabdulla Abbasovun da səhhətində problem var idi. Bəzi oyunçular üç gün məşq edə bilmirlər. Belə dəyişikliklər edəndə çoxları üçün müəmmalı qalır. Aqil “Olimpiakos”la matçdan əvvəl də hərarət içində idi. Həm onun, həm də Eminin vəziyyəti o qədər də ürəkaçan deyil.

Ümumilikdə bütün oyundan razı qaldım. Narazı qaldığım heç nə yox idi.

Qınaqlara baxıb heyət qurmağımız düz olmaz. Sosial şəbəkədəkiləri dindirsək, hərəsi bir heyət deyəcək. Kimi meydana buraxmaq baş məşqçinin edə biləcəyi yükdür. Xəyalı tanıyıram, onu çox istəyirik. “NeftçI” üçün böyük işlər görəcək. Sosial şəbəkədə məni də qınayanlar çoxdur. Bu, normal haldır.

Süni örtükdə oynamaq bizə çətin olacaq. Süni örtükdə məşq edib, oynayan komandalar orada özlərini daha yaxşı hiss edirlər. Çox uzağa getməyək. “Səbail”lə oyunlarda həmişə çətinlik çəkmişik. Çünki ora öyrəşiblər, orada tam fərqli oynayırlar. Mən özüm də futbolçu olanda süni örtükdə məşq etdiyimiz zaman orada oynamaq rahat olurdu. İki gün əvvəl gedib ora öyrəşməyə çalışacağıq.

Həmişə təbii örtükdə məşq edən komandanın süni örtükdə məşq etməsi zədələrə yol aça bilər. Kaxaber Sxadadzenin vaxtında da bunu yaşamışıq. Həmçinin bunun acı fəsadlarını çox görmüşük. Ona görə də Finlandiya səfəri öncəsi Bakıda süni örtüklü meydanda məşq keçməyəcəyik.

Namiq Ələsgərov Türkiyəyə gedib. Üzünə qoyulacaq maska orada yoxlanılacaq. Ardından bura gələrək məşqlərə qoşulacaq. Maska ilə meydana çıxıb-çıxmaması bizim həkimlər tərəfindən müəyyənləşəcək. 

Transferlə bağlı işlər gedir. Gec olsa da, axtarışdayıq. 3-4 danışdığımız hücumçu olub. Adamlar bura gəlmək, masa arxasına oturmaq istəmirlər. Bu, bizim klubdan qaynaqlanmır. Ümumi durumla bağlıdır. Geniş siyahıda oyunçu göstərilir. Səhərə qədər baxırıq, birinin üzərində dururuq. Bir həftə, 15 gün yalvarırsan, proses davam edir, menecerlərlə danışırsan. Fikirləşirik ki, bir neçə günə buradadırlar. Hətta bəzi oyunçularla özüm şəxsən danışmışam. “Gəlirəm” deyirlər, axırda gəlib çıxmırlar. Bəzi məqamlar var. Əlimizdə olan imkanlara görə addımlamaq məcburiyyətindəyik. Transferlər yüz faiz olacaq. Oyunçu çatışmayan mövqelərimiz var”.

Səbuhi Musayev

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.