#Iqtisadiyyat

Kənd təsərrüfatı məhsullarının ixracı üçün bazarlar şaxələndirilməlidir - Ekspert

Aug 04, 00:01 / Mənbə: Az.trend.az

Bakı. Çingiz Səfərli - Trend:

Kənd təsərrüfatı məhsullarının ixracı üçün bazarlar şaxələndirilməli, Rusiya bazarından asılılıq aradan qaldırılmalıdır.

Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, xüsusən, intensiv istehsalçılıq inkişaf etdikcə, istixanalar, aqroparklar, kütləvi məhsul istehsalı artdıqca, Azərbaycanın bazarları şaxələndirmə zərurəti də güclənməkdədir: "Çünki kənd təsərrüfatı məhsullarının 90 faizi, hətta bəzi yerlərdə 92-93 faizi Rusiya bazarlarına satılır. Bu isə bazardan asılılıq yaradır. Düşünürəm ki, burada bir neçə istiqamətdə addımlar atılmalıdır. İlk növbədə, bazarlar şaxələndirilməlidir. Hətta etibarlı tərəfdaş olsa belə, bir bazardan asılılıq heç vaxt uğurlu olmur. Bəzi hallarda burda təkcə inzibati maneələr deyil, iqtisadi, sosial məsələlər də prosesə öz təsirini göstərir. Məsələn, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi kimi faktor var. Buna görə də bazarların şaxələndirilməsi, yeni bazarların tapılması istiqamətində fəaliyyətlər daha da gücləndirilməlidir".

Ekspert bildirib ki, bəzi hallarda biz özümüz də müəyyən mənada əsaslar veririk ki, məhsulların idxalını məhdudlaşdıra bilsinlər: "İstehsal prosesində keyfiyyətin artırılması istiqamətində mütləq standartlar formalaşdırılmalı və bu, beynəlxalq bazarın tələbinə uyğun standartlar olmalıdır. Tərəfdaşlıq etdiyimiz ölkələrlə qarşılıqlı əməkdaşlığı daha ciddi hüquqi əsaslarla qurmalıyıq. Məsələn, Rusiya Azərbaycana kifayət qədər çox sayda mal və xidmətlər ixrac edir. Azərbaycan da hansısa formada müəyyən alətlər formalaşdırıb Rusiyanın zaman-zaman kənd təsərrüfatı üzərində yaratdığı müvafiq problemə adekvat cavab verə bilər. Bu üsullardan istifadə etməklə kənd təsərrüfatı sahəsindəki problemləri müəyyən qədər neytrallaşdırmaq mümkündür".

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.