#Təfsilat

Politoloq: "Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyənin yanındadır"

Jul 31, 18:53 / Mənbə: Kaspi.az

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin cənubunda meşə yanğınları ilə bağlı qardaş ölkəyə yardım göndərilməsi barədə tapşırıq verib. Təbii ki, Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyənin yanındadır. Ölkəmiz bu və ya digər məsələlərdə hər zaman qardaş Türkiyənin yanında olub və olmağa davam edəcək. Dövlətimiz Türkiyəyə nə lazımdırsa, o köməyi göstərməyə hazırdır və bunu bu gün də bəyan edir. Azərbaycan həm qardaş, həm də humanist ölkə olaraq Türkiyədə meşə yanğınlarının törədilməsini pisləyir. Yanğın başlayandan etibarən azərbaycanlılar Türkiyə xalqı ilə bir yumruq kimi həmrəylik nümayiş etdirirlər. Biz bunu sosial şəbəkələrdə daha yaxından müşahidə edirik. Sosial şəbəkələrdə tirajlanan "Türkiyə sənin yanındayıq” kimi dəstək şüarı azərbaycanlıların qardaş ölkəyə olan sevgisinin, qardaşlıq bağlarının təcəssümüdür.

Kaspi.az xəbər verir ki, bunu Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov söyləyib.

Zaur Məmmədov deyib: "Son günlər Türkiyədə meşə yanğınları gündəmi zəbt edib. Meşə yanğınları nəticəsində Türkiyədə ekoloji böhran baş verib, həmçinin evlərə və infrastruktura böyük ziyan deyib. Eyni zamanda, meşə yanğınları terror aktı da ola bilər. Təəssüflər olsun ki, biz müxtəlif ölkələrdəki ayrı-ayrı qruplar tərəfindən şəbəkə halında Türkiyəyə qarşı aqressiv münasibətin şahidiyik. İstisna etmək olmaz ki, saxlanılan şəxslər bilavasitə PKK terror qruplaşmasının üzvləri olsunlar. Həmçinin ermənilərin bu işdə hər hansı əlinin olması istisna edilmir. Biz bilirik ki, PKK terror təşkilatı ilə ASALA vaxtilə razılığa gəlmişdilər ki, Türkiyəyə qarşı mübarizə aparsınlar. Ayrı-ayrı yaxın Şərq ölkələrinin, ümumiyyətlə erməni terror qruplarının Türkiyə və Azərbaycana qarşı təhdid xarakterli addımları hər kəsə məlumdur.

Politoloq deyib: "Qardaş Türkiyəni bu yanğınlarla və digər terror aktları ilə zəiflətmək mümkün deyil. Bunu planlaşdıranlar anlamalıdırlar ki, ötən illər ərzində buna nail ola bilmədikləri kimi, yenə də bacarmayacaqlar. Hər bir halda, bu yanğının arxasında kimlərin dayanmasından asılı olmayaraq, Azərbaycan bu yanğınların törədilməsini qətiyyətlə pisləyir”.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.