#Təfsilat

Dünyanın ən böyük ailəsinin başçısı Ziona Çana vəfat edib

Jun 14, 22:58 / Mənbə: Kaspi.az

Dünyanın ən böyük ailəsinin başçısı, 39 arvadı, 94 övladı, 33 nəvəsi və 1 nəticəsi olan hindistanlı Ziona Çana vəfat edib.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, Mizoram ştatının sakini, çoxarvadlılıq sektasının başçısı olan 76 yaşlı Ziona Çana iyunun 13-də səhhətindəki narahatlıq səbəbindən təcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ailə başçısının şəkərli diabet və yüksək qan təzyiqindən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, sekta üzvlərinin sayı 4 minə çatan Ziona Çana bütün arvadları, övladları və nəvələri ilə birlikdə Baktavq Tlanqnuam kəndindəki 100 otaqdan ibarət dördmərtəbəli evində yaşayırdı. Onun evi uzun illərdir turistlərin maraq göstərdiyi məkanlardan biridir. Hətta turistlərin gecələməsi üçün evin bağçasında qonaq evi də inşa edilib.

Ziona Çana 2012-ci ildə "Daily Mirror” qəzetinin əməkdaşına müsahibəsində dünyanın ən böyük ailəsinin başçısı olduğuna görə özünü xoşbəxt hesab etdiyini bildirmişdi.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.