#Təfsilat

İkinci Qarabağ müharibəsi hərbi ekspertlər üçün sürpriz oldu

Jun 14, 22:50 / Mənbə: Kaspi.az

Müdafiə və Strateji Araşdırmalar üzrə Alman İnstitutunun (GIDS) elmi referenti, polkovnik-leytenant Mixael Karl təmsil etdiyi institutun debatlarında müasir döyüş hazırlığı, pilotsuz uçuş aparatları (PUA) ilə və onlara qarşı hərbi əməliyyatların təşkili, eləcə də alman ordusunda (Bundesver) tələb olunan islahatlardan danışıb.

AZƏRTAC xəbər verir ki, hərbi ekspert İkinci Qarabağ müharibəsinin bütün dünyada ekspertlər üçün iki məqam üzrə əsl sürpriz olduğunu bildirib: "Bir tərəfdən, dronlar nümayiş etdirdilər ki, onlar hansı döyüş qabiliyyətinə malikdirlər. Digər tərəfdən isə elektron döyüş vasitələri və kəşfiyyatdakı müxtəliflik diqqətçəkən idi”.

M.Karl bu müharibədən alman Bundesveri üçün çıxarılmalı nəticələr və tələb olunan islahatlar barədə danışıb. Qeyd edib ki, PUA-lardan kütləvi istifadə, elektron döyüş aparıcılığı və daha yaxşı kəşfiyyat üçün çoxspektrli sensorlarla təchiz olunmuş avadanlıqdan istifadə hazırda müasir döyüş əməliyyatlarını ciddi şəkildə dəyişdirib. 2020-ci ilin yayında yenidən alovlanan Qarabağ münaqişəsi hərbi ekspertlərin diqqətini cəlb etdi: "Uzun zamandan bəri demək olar ki, bütün dövlətlərdə quru qoşunlarını çoxşaxəli əməliyyatlar şəraitində və keyfiyyətcə müasir silah sistemlərinin tətbiqi ilə mürəkkəb tapşırıqlar sisteminə adaptasiya etmək üçün strateji planlama həyata keçirilir. Qarabağ müharibəsi isə bu istiqamətdə tezisləri dəstəklədi, tendensiyaları təsdiqlədi və fenomenləri aydın şəkildə nümayiş etdirdi”.

Ekspert bildirib ki, Qarabağdakı müharibəni araşdırdıqda silahlı dronlardan istifadə ilə bağlı yeni mənzərə canlanır. Dronların məhvedici təsir gücü həmin müharibədə yüksək itkilərə dair rəqəmlərdə özünü təsdiqlədi. Məhz bu vəziyyətdən öz silahlı qüvvələrini mümkün qədər yüksək səviyyədə təchiz etmək və hazırlamaq üçün düzgün nəticələr çıxarılmalıdır. Ekspert, eyni zamanda, diqqətə çatdırıb ki, Rusiyanın Belarus ilə birlikdə həyata keçirdiyi "Zapad 21” hərbi manevrlərinin 80 faizi dronlarla hücum və dron hücumlarına qarşı müdafiə təlimlərindən ibarət olub.

M.Karl bildirib ki, müasir döyüş meydanı texnoloji cəhətdən ciddi dəyişikliyə məruz qalıb və elektron döyüş aparılmasının kəşfiyyat imkanları da yüksək inkişaf mərhələsi keçib. Bu cür texnoloji dəstəyə arxalanan quru qoşunları yekunda həlledici zərbəni vururlar. Həm texniki avadanlığın alınması və təchizatında, eləcə də şəxsi heyətin seçilməsi və tədrisində böyük boşluqlar mövcuddur. Həmçinin yüksək texnologiyalara əsaslanan dron texnikası və köhnəlmiş hava hücumundan müdafiə texnikası arasındakı uçurum mümkün qədər qısa zamanda doldurulmalı, alman ordusunda dronlara qarşı müdafiə sisteminə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, quru qoşunları yenidən havadan kəşfiyyat və hava hücumundan müdafiə imkanları ilə təmin edilməlidir.

M.Karl debatda bir sıra sensasion sualları da cavablandırıb. Belə ki, "Bundesver özünün hazırkı struktur və texnikası ilə Qarabağdakı kimi bir ssenarinin öhdəsindən gələ bilərdimi?” sualını ekspert belə cavablandırıb: "Aydın şəkildə xeyr. Qarabağdakı müharibənin təhlili göstərib ki, alman qoşun birləşmələri müasir döyüş meydanı üçün ağır hərəkətlidir. Böyük şəxsi heyət və ləng hərəkətə malik birləşmələri kəşfiyyat tərəfindən aşkarlamaq asandır, müdafiəsini təşkil etmək isə çətin. Bizə dronlar həm kəşfiyyat, həm də döyüş üçün lazımdır. Bizə yerdən idarə olunan, mobil hava hücumundan müdafiə lazımdır və bu sistem quru qoşunlarına inteqrasiya edilməlidir”.

Digər çatışmazlıqları da sadalayan ekspert ordunun təsir gücü, kəşfiyyat qabiliyyəti və müdafiəsinin təşkilini silahlı dronlar və avtomatlaşdırılmış silah sistemləri olmadan qeyri-mümkün hesab edib. M.Karl bu məqsədlərə nail olmaq üçün tezliklə alman ordusunda islahatlara və modernizasiya işlərinə başlanılmasına çağırıb.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.