#Təfsilat

Mina xəritələrinin Azərbaycana verilməsi qazanılan böyük qələbənin davamıdır

Jun 14, 22:09 / Mənbə: Kaspi.az

İyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyadalar əleyhinə minaların yerləşdirildiyi ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etməsi böyük bir siyasi-diplomatik uğurdur. Əldə olunan bu nailiyyət bir daha göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev işğal altındakı torpaqların düşməndən azad olunması, bərpa işlərinin sistemli görülməsi və böyük qayıdış üçün geniş bir konsepsiya həyata keçirməyə qadirdir. Minalanmış ərazilərin xəritəsinin müqabilində 15 nəfər saxlanılmış erməninin Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilməsi isə Azərbaycanın regional sülh təşəbbüsündə lider dövlət olduğunu təsdiqləyən növbəti addımdır. Bu müdrik addımın bir adı var: humanizm!

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.

Əldə olunmuş nailiyyətin siyasi, diplomatik, iqtisadi tərəflərini yüksək dəyərləndirən general Yücel Karauz deyib: "Beynəlxalq standartlara görə, bir ədəd minanın zərərsizləşdirilməsi təxminən 1000 ABŞ dolları vəsait tələb edir. Hesablamalar göstərir ki, 97 min minanın xəritəsiz təmizləməyə təxminən 6-7 il vaxt və 100 milyon dollar civarında vəsait tələb olunurdu. Bundan başqa, 97 min ədəd minanın zərərsizləşdirilməsi işini həyata keçirəcək mütəxəssislər və dinc əhali daxil olmaqla çox sayda insan itkisi riski mövcud idi. Digər tərəfdən isə prosesin tezləşdirilməsi əsaslı bərpa işlərinə və böyük qayıdışı yaxınlaşdırır”.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun qazandığı hərbi Zəfəri tarixi hadisə və bütün region üçün sülh və inkişaf mənbəyi kimi dəyərləndirən general Yücel Karauz əminliklə eyib ki, Azərbaycan böyük Qələbə ilə heç kimi, o cümlədən Ermənistanın təhdid etmədi, əksinə təcavüzkar tərəfə mehriban qonşuluğun yeganə düzgün birgəyaşayış yolu olduğunu anlatdı. Əgər Ermənistan xalqı düzgün siyasi qərar qəbul edərsə, bu ölkədəki seçkilərdən sonra region xalqları qarşılıqlı etimad yolunda birgə hərəkət edə bilərlər.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.