#Cəmiyyət

Türkiyə Prezidentinin ölkəmizə səfəri Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirəcək

Jun 14, 22:02 / Mənbə: Kaspi.az

Bu gün daha bir tarix yazılacaq günlərin astanasındayıq. Yenə türk dünyası, "iki dövlət, bir millət” olan Azərbaycanla Türkiyə qoşa qanad kimi dünyaya Zəfər nümayiş etdirir. Qardaş və dost Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsindən, tarixi Qələbə və Zəfərimizdən sonra Azərbaycana, ikinci Vətəninə növbəti dəfə səfər edəcək. Bu səfər gözlənilməz deyildi, onun anonsu hələ xeyli əvvəldən verilmişdi. Belə ki, bir müddət əvvəl Türk Şurası liderlərinin Zirvə toplantısında Rəcəb Tayyib Ərdoğan Ramazan bayramından sonra Azərbaycana, o cümlədən Şuşaya səfər edəcəyini açıqlamışdı.

Ötən həftə AKP-nin Türkiyə Böyük Millət Məclisindəki (TBMM) növbəti qrup toplantsında Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin tarixini açıqladı, Şuşaya gedəcəyini, iyunun 16-da isə Prezident İlham Əliyevlə Bakıda Türkiyə-Uels matçını birgə izləyəcəyini bildirdi. Eyni zamanda, iyunun 13-də Prezident Ərdoğan yerli media üçün növbəti brifinqində bir daha Azərbaycana, Şuşaya səfərinin detallarını açıqlayaraq, onun tarixi əhəmiyyət kəsb edəcəyini vurğuladı.

Qeyd etdiyimiz kimi, bu səfər doğrudan da tarixi səfərdir və bununla yeni tarixin yazılacağı istisna edilmir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, deputat, professor Jalə Əliyeva söyləyib.

O qeyd edib ki, bu səfər türk dünyasının, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğunun timsalında bütövlükdə dünyaya birliyin, həmrəyliyin, dostluq və qardaşlığın növbəti bəyanı olacaq. Dünya bir daha görəcək və şahidi olacaq ki, əsl dostluq, əsl qardaşlıq, əsl birlik, əsl həmrəylik necədir və necə olur. Sözlər, vədlər deyil, əməllər, ürəklər ortadadır. Eyni zamanda, mütləq qeyd edilməlidir ki, artıq Qarabağ münaqişəsinin tarixə çevrilməsindən, münaqişəyə son qoyulmasından 7 aydan çox zaman keçir və bu dönəmdə bir çox önəmli hadisələr baş verib.

Xüsusilə qandan bəslənən dairələr, yenə də başları əzilmək, "dəmir yumruq” istəyənlər, revanşizm əhval-ruhiyyəsi ilə alışıb yananlar son vaxtlar "bulanıq suda balıq tutmaq” sevdasına baş vurmağa, vəziyyəti gərginləşdirməyə yönələn addımlara cəhd edirlər. Amma Azərbaycanın əzmi, iradəsi, qətiyyəti, xüsusilə də "dəmir yumruğu” yerindədir! Cavab necə lazımdırsa verilir və veriləcək, heç kimin buna şübhəsi olmasın! Hər kəs bir daha bilsin ki, bütün cəhdlərə rəğmən, Qarabağ adlı münaqişəni yenidən alovlandırmaq, yenidən fitnəkarlıq ocağı yaratmaq mümkün deyil və olmayacaq. Azərbaycan 8 noyabr Şuşa Zəfəri və 10 noyabr Bəyanatı ilə yağı və murdar düşmən ilə münaqişəyə son qoyub, tarixi Qələbə qazanıb. Artıq geriyə - 27 sentyabrdan əvvəlki dönəmə qayıtmaq mümkün deyil, Azərbaycan buna heç vaxt və heç bir vəchlə imkan verməyəcək.

"Son zamanlar yaşananların fonunda Prezident Ərdoğanın Azərbaycana, xüsusilə işğaldan azad olunmuş ərazilərə, Qarabağa səfəri böyük məna daşıyır. Bu səfər və gerçəkləşdiriləcək layihələr, imzalanacaq sənədlər, sazişlər, atılacaq növbəti birgə addımlar və veriləcək birgə bəyanatlar, mesajlar, heç şübhəsiz, çoxlarına dərs olacaq.Çünki verilən dərslərdən nəticə çıxarmamağın aqibətinin necə olduğunu 44 günlük savaş bir daha göstərdi. Heç kim və heç bir qüvvə Zəfər və Uğur qatarının önünü kəsməyə qadir deyil, kimsə onu geriyə döndərmək, relsindən çıxarmaq iqtidarında deyil”, - deyə J.Əliyeva bildirib ki, Azərbaycanın Zəfər qatarı, bütövlükdə Azərbaycanla Türkiyənin Zəfər və Uğur qatarı heç bir maneə tanımadan irəliləyir və irəliləyəcək!

Diqqətə çatdırılıb ki, bununla yanaşı, bu səfər işğaldan azad olunmuş ərazilərə, o cümlədən Şuşaya ilk xarici dövlət başçısının səfəri kimi də tarixə düşəcək. Prezident Ərdoğan Qarabağımıza, işğaldan azad olunmuş torpaqlarımıza, dünyanın mədəniyyət beşiyi Şuşamıza səfər edəcək ilk dövlət başçısı olacaq. Bunun özü də bir xoşbəxtlik, bir qismət, Böyük Yaradanın bir lütfüdür. Bu səfərdən, bu tarixi hadisədən türk dünyası, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, həmrəyliyi bir daha güclənmiş, bir daha sıx tellərlə möhkəmlənmiş şəkildə çıxacaq. Bu səfər türkün yeni inkişaf, yeni zəfər mərhələsi olacaq.

Zəfərin, zəfərlərin mübarək, türk dünyası! Yaşasın, Azərbaycan-Türkiyə qardaşlığı və həmrəyliyi!

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.