#Cəmiyyət

Milli qurtuluşdan başlanan və tarixi qələbəyə aparan yol

Jun 14, 20:37 / Mənbə: Kaspi.az

XX əsrin əvvəllərində müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti iki ilə yaxın bir müddətdə yaşamış və xarici müdaxilə nəticəsində süquta uğramışdır. Ancaq Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini bərpa edəndə yenə də maraqlı xarici qüvvələrlə yaxından əməkdaşlıq edən daxilimizdəki xəyanətkarların əməlləri nəticəsində uçurumun bir addımlığına yaxınlaşmışdı. Respublikamız müstəqilliyini itirməklə yanaşı, həm də parçalanmaq, yox olmaq, dünya xəritəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyət o həddə çatmışdı ki, müstəqilliyimizi gözü götürməyən qüvvələr yerlərdəki əlaltıları vasitəsilə ölkəmizin bəzi regionlarını necə ələ keçirmək barədə düşünürdü.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə deyib ki, dövlət müstəqilliyini əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər çətin və önəmlidir. 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi proseslər, qarşıdurmalar fonunda xarici dövlətlərin kəşfiyyat orqanlarının daxilimizdəki simasız dairələrlə birləşərək getdikcə dərinləşməkdə olan siyasi böhranı daha da gərginləşdirirdilər. Azərbaycan xalqı tarixi şansdan – SSRİ- nin süqutundan istifadə edərək ikinci dəfə qazandığı müstəqilliyi həmin illərdə əldən vermək üzrə idi. Bu dəfə düşmənlərimizin bizim üçün hazırladıqları daha dəhşətli plan- daxili qarşıdurma müstəqilliyini yenicə bərpa etmiş respublikamıza və xalqımıza faciəvi sonluq vəd edirdi.

Hüquq müdafiəçisi vurğulayıb ki, ölkədə yaranmış hakimiyyətsizlik, xaos, anarxiya vəziyyəti getdikcə ağırlaşdırırdı. Tez-tez baş verən hakimiyyət dəyişikliyi siyasi böhranı daha da dərinləşdirirdi. Ayrı- ayrı şəxslərə xidmət göstərən qeyri-qanuni silahlı birləşmələr insanları qorxu, vahimə altında saxlayırdı. Respublikamız müstəqilliyini itirməklə yanaşı, həm də parçalanmaq, yox olmaq, dünya xəritəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Gəncədə Surət Hüseynovun rəhbərlik etdiyi hərbi hissə hökumətə tabe olmur, Prezidentin, Baş nazirin və Ali Sovetin sədrinin istefasını tələb edirdi. Qondarma "Talış Muğan Respublikası”nın rəhbərləri və təşkilatçıları, sadvalçıların separatçı hərəkətləri müstəqil Azərbaycanı kiçik xanlıqlara parçalamaq həddinə çatdırmışdı. Bir tərəfdən də AXC- Müsavat iqtidarında birincilik üstündə davası vəziyyəti daha da ağırlaşdırırdı. Belə bir zamanda ovaxtkı iqtidar düşünülməmiş bir qərar qəbul etdi. Gəncədəki qiyamçı hərbçiləri zərərsizləşdirmək üçün hökumət qoşunlarını oraya yerləşdirdi. Bununla da silahlı qardaş qırğını baş verdi və hər iki tərəfdən ölənlər oldu.

Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, xaos, anarxiya dövrü kimi xatırlanıldığını deyən komitə sədri bildirdi ki, bütün bunlar həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, dövlət idarəçiliyndən bixəbər, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan naşı şəxslərin ölkəyə rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi

Ölkədə yaranmış əziyyət pik həddinə çatığını xatırladan Ç.Qənizadə deyib: "Belə bir vaxtda xalqı arxasınca apara biləcək liderə böyük ehtiyac var idi. Xalqın ümid yeri yalnız dövlət idarəçiliyində zəngin təcrübəsi olan ulu öndər Heydər Əliyev idi. Xalq Heydər Əliyevə müraciət etdi. Azərbaycanın məhv olmaqdan xilası üçün təkidli xahiş sonra ömrünün qalan hissəsini Vətənə, dövlətə və xalqına həsr edən Ulu Öndər xalqın səsinə səs verdi. Belə ağır və çətin bir vəziyyətdə, 1993-cü il iyunun 9-da türk dünyasının böyük oğlu ulu öndər Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya qayıtdı. Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi”.

1993-cü il iyunun 15- də ulu öndər Heydər Əliyev Ali Sovetin sədri seçildi. Azərbaycanın müstəqilik tarixinə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Həmin gün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik, heç zaman unudulmayan bir gündür. Bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Ulu Öndər iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü: "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ulu Öndər problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

"Milli qurtuluşdan başlanan yol xalqımızı tarixi qələbə gününə qədər apardı. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-i Azərbaycanın tarixinə ən şanlı bir gün kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu”, - deyə Ç.Qənizadə vurğulayıb.

Azərbaycanın hərbi-diplomatik uğurlarından söz açan hüquq müdafiəçisi diqqətə çatdırıb ki, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi. Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Və düşmənin 30 illik işğalına son qoyuldu. Bir vaxtlar işğal altında olan ərazilərimizdə indi abadlıq-quruculuq işləri geniş vüsət alıb və xalqımız Böyük Qayıdışın astanasındadır.

Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.