#Qarabağ

"Hər şəhid bir çinardır" yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Jun 14, 20:31 / Mənbə: Report.az

Odlar Yurdu universitetində Vətən müharibəsi şəhidlərinin adını əbədiləşdirmək məqsədi ilə Bakı məktəbliləri arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Nərimanov rayon İcra Hakimiyyəti, Gəncliyə Yardım Fondu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Hər şəhid bir çinardır” adlı yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

BŞGİBİ-nin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirə qazilər, şəhid ailələrinin üzvləri, şəhid övladları, Türkiyənin ölkəmizdəki səfirliyi, Müdafiə Nazirliyi, icra hakimiyyəti rəsmiləri, rektorlar, xalq artistləri və əməkdar artistlər, KİV nümayəndələri qatılıblar.

Yazı müsabiqəsində Bakıda təhsil alan 9 - 11 sinif şagirdləri iştirak ediblər. Müsabiqənin şərtlərinə uyğun olaraq şəhidin qəhrəmanlığı, cəsurluğu, vətənpərvərliyi, nümunəviliyi kimi xüsusiyyətlər canlandırılmalı və seçilən qəhrəman Qarabağ müharibəsində şəhid olanlardan biri olmalıdır.

Müsabiqə üçün 428 yazı təqdim edilib. İlk mərhələdə hər fərdin bir işi nəzərə alındıqda yekun yazı sayı 350 olub. İlkin qiymətləndirmədən sonra 350 yazı arasından 50 yazı seçilib. Daha sonra tanınmış filoloq və ədəbiyyatçılardan ibarət olan münsiflər heyəti tərəfindən 20 yazı qalib olaraq qiymətləndirilib. Müsabiəqədə 1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yerə layiq görülüb, 14 nəfər isə fərqlənmiş olaraq qiymətləndirilib.

Müsabiqədə paytaxtın 9 rayonunu təmsil edən 20 tədris ocağı mükafatçılar sırasına düşüb.

Qeyd edək ki, müsabiqənin məqsədi gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək və şəhid olan bütün vətən övladlarını hafizələrərə əbədi həkk etməkdir.

Tədbirdə şəhid general, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova, "Murov qartalı" ləqəbli şəhid polkovnik Raquf Orucovun həyat yoldaşı fəxri qonaq qismində iştirak ediblər. Onlar tədbirin sonunda şəhid övladlarına təşkilatçılar tərəfindən hazırlanmış diplom və qiymətli hədiyyələr təqdim ediblər.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.