#Cəmiyyət

“Anam şəhid olduğuma inanıb, məni morqda axtarırmış”

Apr 17, 09:52 / Mənbə: Kaspi.az

Təhmuraz Muradov: "Ermənilər qaçmaq üçün hər saniyəni qənimət bilirdilər”

"Müharibəyə gedəndə, yaralanacağımı, şəhid olacağımı düşünmürdüm. Deyirdim ki, nə yaralana bilərəm, nə də şəhid ola. Fikrimdə ancaq sona qədər döyüşmək var idi”.

Bu sözləri bizimlə söhbətində İkinci Qarabağ Savaşının iştirakçısı, Azərbaycan Ordusunda döyüş maşının komandiri olaraq xidmət edən Təhmuraz Muradov bildirdi.

Təhmuraz döyüşün ilk 3 günündə iştirak edir. Ayağından yaralanır və yara ağır olur deyə, döyüşü dayandırmalı olur. Hazırda evdə yarasının sağalmasını, tezlikdə ordu sıralarına qayıtmağı gözləyən döyüşçümüzlə İkinci Qarabağ Savaşı haqqında danışdıq.

 

Qeyd edək ki, Muradov Təhmuraz Gündüz oğlu 1988-ci il yanvarın 24-də Tərtər şəhərində anadan olub. 2006-2007-ci illərdə müddətli hərbi xidmət keçib. 2014-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kurs keçir, gizir kimi ordu sıralarına daxil olur. Bir müddət snayperçi kimi xidmət etdikdən sonra döyüş maşınının komandiri, heyət rəisi vəzifəsinə keçir.

 

"7 ildir ki, ordu sıralarında xidmət edirəm”

 

T.Muradov deyir ki, hərbi sahədə çalışmaq arzusu olduğu üçün bu gün ordu sıralarındadır: "Düzdür, bacım var, amma evdə tək oğlan mən idim. Bizdə də belədir ki, tək oğlan olanda, hərbiyə yönəlməyini istəmirlər, narahat olurlar. Mən də orduda çalışmaq istədiyimi bildirəndə, ailəm, yaxınlarım etiraz etdilər. Hərbidə çətinliklər çoxdur, bunları nəzərə alaraq elə yanaşırdılar. Amma hərbini seçəndə, çətinlikləri gözə almışdım. Şaxtada-qarda çöllərdə qalmağı, dağda-dərədə yatmağı, səngərlərdə xidməti və ən əsası, müharibəni də bilirdim. Şəhid, qazi olmağa da hazır idim. Yəni hər tərəfini düşünüb orduda xidməti seçmişdim. Amma mənim arzum idi, ona görə, qərarlı oldum. Dedim ki, hərbçi kimi ordu sıralarında xidmət etməliyəm, bunu çox istəyirəm. Axırda razılaşmaqdan başqa çarələri qalmadı. Beləliklə, 7 ildir ki, ordu sıralarında xidmət edirəm”.

T.Muradov hərbidə xidmət etməyə başlayandan 2 il sonra Aprel döyüşləri başlayır. Deyir ki, həmin vaxt döyüşün qısa müddətdə bitməsini heç istəmirmişlər: "Gec-tez bu müharibə olmalı idi, çünki məsələnin sülhlə həlli mümkünsüz görünürdü. İlk dəfə belə fürsət Aprel döyüşlərində ələ düşmüşdü. Aprel döyüşlərində hər şey yaxşı davam edirdi. Düşmənə sarsıdıcı zərbələr endirilirdi. Amma qısa müddət davam etdi, sonra dayandı. Azərbaycan ordusu düşmənə öz gücünü göstərmişdi. Mən şəxsən davam etməyini istəyirdim. Çünki Qarabağ problemi üstümüzdə yük idi. Ya 2016, ya da 2020-ci il olsun, biz əvvəl-axır bu yükü üstümüzdən götürüb alnıaçıq gəzməli idik. Növbəti fürsət 2020-də yarandı və biz canla-başla döyüşə qatıldıq”.

 

"Biz düşən kimi maşınların ikisi də partladı”

 

Təhmuraz İkinci Qarabağ Savaşının ilk günündən cəbhədə olur, döyüşlərdə iştirak edir. Sentyabrın 29-u yaralanır və döyüşü dayandırmalı olur: "Bizim bölük ilk gün Goranboyun Gülüstan kəndi istiqamətindən döyüşlərə girdi, düşmənə sarsıdıcı zərbələr endirdi. Meşə şəraiti olduğu üçün bizim texnikaların girişi

məhdudlaşdı, ona görə sonra Talışkənd istiqamətindən döyüşə davam etdik. Sentyabrın 29-u günü səhər tezdən düşmənlə çox yaxın məsafədə idik. Düşmən bizi atəşə tuturdu. Mən döyüş maşınının komandiriyəm. Maşındakı döyüşçülər iki hissəyə bölündü və piyada döyüşə başladılar. Sürücüm Nəriman Atakişiyev, tuşlayıcı Kərim Musayev və mən maşında qaldıq. Biz onlara atəş etməyə hazırlaşanda, düşmənin BMP2 zirehli texnikası qarşımıza çıxdı. Piyada bölüyünün içinə daxil olub şəxsi heyəti məhv etmək istəyirdi. Həmin vaxt sürücüyə komanda verdim ki, BTR82A-nı düşmənin BMP-sinin üstünə sürsün. Az bir məsafə qalanda, BTR-in lyukundan çıxıb düşmən BMP-sinin üstündə olanları güllələdim. Bu vaxt zirehli texnikalar bir-birinə girdi. Bizim maşın düşmənin maşınının üstünə çıxdı. Onların hamısını, sürücülərini də güllələdim. Həmin vaxt artıq maşın alışırdı, ona görə, məcbur olub maşından düşməli idik. Biz düşən kimi maşınların ikisi də partladı. Meşənin içindən çıxan bir erməni məni qıçımdan vurdu. Yaralı olsam da, onu da güllələdim. Yanımıza kömək üçün bir gizir də gəlmişdi, o, şəhid oldu. Sonra sürücümü də vurdular, ağır yaralandı. Mən sürücünü yaralayan ermənini də vurdum. Mən qıçımdan yaralanmışdım, amma sürücüyə 4 güllə dəymişdi. Onu çıxarmağa çalışdım. Həmin vaxt yanımıza bir minomyot mərmisi düşdü, amma partlamadı. Tuşlayıcıya heç nə olmamışdı. Səhərdən axşama qədər yaralı vəziyyətdə mühasirədə qaldıq. Yaramızı sarıyıb mühasirədə döyüşə davam edirdik. Elə oldu ki, axşam bizə kömək gəldi və yolumuzu bağlayan düşmənləri ordumuz məhv etdi”.

"Telefonu açanda, anam sağ olduğuma inanmırdı”

 

Təhmurazın sözlərinə görə, erməni döyüşçüləri çox qısa zamanda geri çəkilirdilər: "Hücum etdiyimiz vaxt düşmən öz mövqeyindən çıxıb bizi atəşə tutdu. Ordumuzda əhval-ruhiyyə o qədər yüksək idi ki, ölümün gözünə o qədər dik baxırdılar ki. Düşmən görürdü ki, qarşısındakı döyüşçülər dayanmır, qorxmur və onlar da silahlarını, geyimlərini, texnikalarını qoyub qaçırdılar. Texnikalarını sürüb qaçmağa cəhd etmirdilər. Qaçmaq üçün hər saniyəni qənimət bilirdilər. O qədər qorxu, həyəcanları var idi”.

Təhmuraz üçün ən ağır məqamlardan biri də sentyabrın 28-ində anasına onun şəhid olduğu haqda məlumat verilməsidir: "Şəbəkə olmadığı üçün evdəkilərlə danışa bilmədim. Atamın xalası nəvəsi var idi. Onunla bir yerdə şəhid xəbərimiz çıxıb. O, həqiqətən şəhid olub. Ona görə, anam şəhid olduğuma inanıb, Tərtərdən Bakıya gedib məni morqda axtarırmış. Deyirmiş ki, heç olmasa, ölüsünün, ya yaralısının xəbərini alım. Ayın 28-i günü telefonda şəbəkə gəldi, tez anamı yığdım ki, yaxşı olduğumu deyim, narahat olmasın. Telefonu açanda, anam sağ olduğuma inanmırdı. Dedim ki, narahat olma, mən arxa tərəfdəyəm, düşmənlə yaxında döyüşmürəm. Həm şəhid xəbərinə çox pis olmuşdu, həm də narahat olmağını istəmirdim”.

 

Bir çox döyüşçülər doğmalarına "mən öndə döyüşmürəm, arxa tərəfdəyəm” deyirlər. Təhmuraz bu haqda da danışdı: "Mən deyirdim ki, maşınla arxadan, meşədən atacağam, önə getmirəm. Evdəkilərin rahat olmalarını istəyirdim. Valideyn biləndə ki oğlu öndədir, hər an yaralana, şəhid ola bilər, çox narahat olur. Bu narahatlıq döyüşçüyə də təsir edir. Valideyn rahat olanda, döyüşçü də rahatlıqla döyüşür”.

 

"Öz canını riskə atmaq bahasına olsa belə…”

 

Təhmuraz deyir ki, döyüşdən gələndən sonra hamı ondan niyə müharibədə video çəkmədiyini çox soruşur: "Mən döyüşün ilk günlərində iştirak etdim. Nəinki mənim, yanımdakı heç bir döyüşçünün telefona baxmağa imkanı yox idi. 10-15 metrlik yaxın məsafədə düşmənlə döyüş gedirdi. Orda telefonla danışmaq belə mümkün deyildi. Mənə sual verirlər ki, bu qədər insan döyüşdə vidolar çəkiblər, sən niyə çəkməyibsən və s. Amma elə şans yaranmadı, telefonla nəsə etmək üçün vaxt lazım idi. Şəhid olur, çıxarmalıyıq, yaralı var, yardım etməliyik, mühasirədə susuz qalanlar var, su aparmalıyıq. Yaralı olanda, ona bir nəfər kömək edirdi, yanında bir nəfər qalırdı, başına 10 nəfər yığışa bilməzdi, vaxt yox idi”.

Döyüşlərlə bağlı ona sual ünvanlayanlar çoxdur. T.Muradov deyir ki, döyüş yoldaşlarının göstərdiyi qəhrəmanlıqları hər kəsə danışır: "Yaşca məndən çox gənc döyüşçülərimiz var idi, onlara görə narahat olurdum. Deyirdim ki, görəsən, onlar döyüşlərdə uğurla iştirak edə bilərlərmi? Amma ayrı-ayrı analiz etsək, hər biri ayrıca qəhrəmandır. Bunları hər kəsə danışıram. Məsələn, bizim komandirimiz Elşən Eminli var. Döyüşün ilk günü bizim maşının birini düşmən vurdu. Mən komandirə təklif etdim ki, gəlsin mənim maşınıma otursun, irəliyə maşınla getsin. Dedi ki, əsgərlərlə piyada gedəcəyəm, piyada da döyüşəcəyəm. Həmin vaxt bizim bir qrup mühasirədə qalmışdı. Bir gün mühasirədə qaldılar. Onlara yardım üçün gedirdilər. Yardım üçün gedən başqa döyüşçülər var idi, amma komandir özü də ora getməyi üstün tutdu. Kiminsə mühasirədə qaldığı öyrənilirdisə, öz canını riskə atmaq bahasına olsa belə, mütləq hamı nəsə etməyə çalışırdı”.

"Hərbçi olmaq mənim üçün şərəfdir”

 

Təhmuraz yarasının sağalmasını və ordu sıralarına qayıdacağı günü səbirsizliklə gözlədiyini də bildirdi: "Ayaq sümüyüm qırılmışdı. Ona görə, bərpası vaxt aparır. İndi ayağım "İlizarov aparatı”ndadır. Əsa ilə gəzirəm. Həkim deyir ki, ayaq hələ bir müddət də aparatda qalmalıdır. Görək necə olur?! Ümid edirəm ki, 1-2 aya tam bərpa olunar və mən ordu sıralarına dönərəm. Hərbçi olmaq mənim üçün şərəfdir. Mən əvvəl snayperçi olmuşam. Azərbaycan ordusunda xidmət edən snayperçilərin yarışında iki dəfə birinci yerə çıxmışam. Daha sonra Belorusda dünyanın 32 ordusu arasında keçirilən yarışda ikinci yerə çıxmışdım. Yəni bu peşəni sevərək məşğul olmuşam. Sonra orduda snayper bölüyü ləğv edildi, ona görə mən döyüş maşın komandiri oldum. Ancaq hər biri vətənə xidmətdir və mən bunu şərəf duyaraq edirəm”.

Qeyd edək ki, T.Muradov "İgidliyə görə”, "Suqovuşanın azad olunmasına görə” medalları və "Rəşadət” ordeni ilə təltif edilib.

 

Aygün Asimqızı

 

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.