#Siyasət

Əminəm ki, Azərbaycan Böyük Qayıdış zamanı da dünyaya nümunə olacaq - Səfir

Apr 12, 22:38 / Mənbə: Baku.ws

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Komitədən BAKU.WS-ə verilən məlumata görə, komitə sədri görüşün Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad edilməsində Türkiyənin dəstəyinin əhəmiyyətli rol oynadığı və xalqımızın yaddaşında həmişə yaşayacağı qeyd olunub.

Həmçinin məcburi köçkünlərin problemlərinin mərhələli şəkildə öz həllini tapdığı, indi isə onların doğma yurda təhlükəsiz qayıdışına hazırlıq, işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində zəruri tədbirlərin görüldüyü vurğulanıb.

Komitə sədri səfir Erkan Özoralı Azərbaycanın yüksək dövlət təltifinə - “Dostluq” ordeninə layiq görülməsi münasibətilə təbrik edib, onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə məcburi köçkünlərlə bağlı tədbirlərə göstərdiyi dəstəyə görə təşəkkür bildirib, gələcək işlərində uğurlar arzulayıb.

Türkiyəli diplomat səmimi qəbula görə minnətdarlıq edərək, Azərbaycandakı fəaliyyətinin onun həyatında unudulmaz bir dövr olduğunu, xüsusən bu dövrdə torpaqlarımızın işğalına son qoyulmasından, Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasından sevinc və qürur hissi keçirdiyini bildirib. O, ölkəmizdə ən çox səfər etdiyi yerin Cocuq Mərcanlı olduğunu xatırladaraq deyib ki, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı zamanı da Azərbaycanın dünyaya nümunə göstərəcəyinə əmindir.

Səfir bundan sonrakı fəaliyyətində də qardaş xalqlarımız arasındakı əlaqələrdə fəal iştirak edəcəyini qeyd edib.

Xəbərin mənbəsi: Baku.ws


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.