#Cəmiyyət

Vahid Fərzəliyev: “Yulğun kolları əksər hallarda “Qırmızı kitab”a salınmış Cuzqunla səhv salınır”

Apr 12, 22:04 / Mənbə: Oxu.az

“Yulğun kolları əksər hallarda Azərbaycan Respublikasının “Qırmızı kitab”ına salınmış Cuzqun cinsinə aid bitki növləri ilə səhv salınır”.

Bunu jurnalistlərə açıqlamasında Nəbatat bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev bildirib. 

V.Fərzəliyev qeyd edib ki, Azərbaycanda yayılmış bəzi bitki növlərinin təsnifatı və xarakteristikasında yanlış şərhlərə yol verildiyindən, konkret fikir bildirmək üçün mütəxəssis rəylərinə diqqət yetirilməlidir:

“Ölkəmizdə yeddi növünə rast gəlinən yulğun bitkisi əsasən düzənlik və dağətəyi ərazilərdə, yarımsəhra  və bozqır tipli çəmənliklərdə, çaysahili Tuqay meşəliklərində yayılıb və bu yeddi növdən heç biri Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilməyib”.

Onun sözlərinə görə, yulğun kolları əksər hallarda Azərbaycan Respublikasının “Qırmızı kitab”ına salınmış Cuzqun cinsinə aid bitki növləri ilə səhv salınır, mütəxəssis olmayan şəxslər bitkilərin ümumi görünüşlərinin oxşar olması səbəbindən “Qırmızı Kitab”da təmsil olunan Cuzqun (Callygonum L.) cinsinə aid növlərlə (C.bakuense və C. aphyllum) səhv salırlar ki, bu cins və növlər də tamamilə başqa bir fəsiləyə-Qırxbuğumkimilər (Polygonaceae Juss.) fəsiləsinə aiddir. 

Mütəxəssis, həmçinin qeyd edib ki, Cuzqun cinsinə aid olan və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına salınan növlərə yalnız Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazilərində rast gəlinir:

“Məlumat üçün onu da deyim ki, yulğun cinsi isə (Tamarix L.) Yulğunkimilər (Tamarixaceae Link) fəsiləsinə aid olub Azərbaycanda yeddi növlə (Florida yulğunu, Hohenekker yulğunu, Koç yulğunu, Meyer yulğunu, Dörderkəkcikli yulğun, Səkkizerkəkcikli yulğun və Budaqlanan yulğun) təmsil olunur. Budaqlanan yulğun, Florida yulğunu və Meyer yulğunu daha geniş areala malik növlər olub, ölkəmizin demək olar ki, bütün ərazisini əhatə edir”.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.