#Digər-ölkələr

Myanmarda 19 nəfər edama məhkum edilib

Apr 10, 15:21 / Mənbə: Report.az

Myanmardakı hərbi məhkəmə bir hərbçini öldürmək və digərini yaralamaq ittihamı ilə 19 şəxsi edama məhkum edib.

“Report” xəbər verir ki, hərbi hökumətə bağlı “Myawaddy TV”nin bildirdiyi kimi, ittihamnaməyə görə, müttəhimlər 27 mart Silahlı Qüvvələr Günü ölkənin ən böyük şəhəri Yanqonun Şimali Okkalapa qəsəbəsində aralarında zərərçəkənlərin olduğu bir neçə nəfərə bıçaq və dəyənəklərlə hücum edib onlara məxsus motosikl və silahı götürüblər.

Müttəhimlərdən hazırda axtarışda olan 17 nəfər barəsində bu hökm qiyabi verilib.

Yanqon şəhərinin Şimali Okkalapa kimi hərbi vəziyyət elan olunmuş bölgələrində ciddi cinayət hadisələrinə hərbi məhkəmələr baxır. Bu məhkəmələrin hökmündən Ali Məhkəməyə apellyasiya verilə bilməz, lakin edam hökmləri hərbi xunta başçısı, Dövlət İnzibati Şurasının sədri Min Aunq Hlainq tərəfindən, daha yüngül cəzalar isə aşağı rütbəli komandirlər tərəfindən dəyişdirilə bilər.

Bu qərarın martın 15-də tətbiq edilmiş hərbi vəziyyət dövründə ilk edam hökmü olduğu bildirilir. Fevralın 1-də baş verən hərbi çevrilişə qədər Myanmarda edam hökmləri çıxarılsa da, 30 ildir icra edilmirdi.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.