#Dünya

Sudan quruya çıxan iqtisadiyyat - VİDEO

Apr 08, 12:54 / Mənbə: News.milli.az

Süveyş kanalının bağlanması Transxəzər Ticarət Dəhlizinə ehtiyacı artırır

Milli.Az Real TV-ə istinadən bildirir ki, Çinə məxsus "Ever Grin" gəmisinin Süveyş Kanalında saya oturaraq bir həftədən də az müddətə dünyanın ən işlək ticarət yolunu bağlaması qlobal iqtisadiyyatın hər saatına 400 milyon dollar ziyan vurub. Bu nəticəyə Britanıyanın "Lloyd List" jurnalının ekspertləri gəlib. Onların hesablamalarına görə, gündəlik kanaldan keçə bilməyən malların ümumi dəyəri isə təxminən 10 milyard dollara çatıb.

COVID-19 pandemiyası ilə əlaqədar qlobal tədarük zəncirinin təzyiq altında olması azmış kimi, Süveyş yolu ilə ticarətin dayanması bu yolun nə qədər kövrək olduğunu bir daha göstərdi. Hökumətlər və özəl sektor bu kimi gözlənilməz böhranlardan qorunmaq üçün alternativ tədarük zəncirlərinə yatırım etməli, belə gözlənilməz vəziyyətlərdən özlərini sığortalamalıdırlar. Ən ideal alternativ isə yüklərin Orta Asiya və Cənubi Qafqaz üzərindən quru yolu ilə daşınmasıdır.

Hazırda Süveyş Kanalı bütün dəniz ticarətinin 12%-ni idarə edir. Amma buna baxmayaraq, "Ever Grin" dastanı göstərdi ki, dünyanın tək bu marşruta etibar etməsi müəyyən risklər daşıyır. Avropa ilə Asiya arasında hər il 1,5 trilyon dollardan çox mal hərəkət edir. Bu həcmdə dövriyyəni nəzərə aldıqda Şərq-Qərb ticarətinin şaxələndirilməsinə ehtiyacın olduğu ortaya çıxır. Transxəzər ticarət və tranzit dəhlizi Şərq-Qərb ticarətini idarə etmək üçün Süveyş Kanalına dəyərli bir alternativdir. Malların Orta Asiya vasitəsi ilə quru və Xəzər dənizi üzərindən daha sonra Cənubi Qafqazdan keçərək Qara dənizə göndərilməsi məşhur İpək Yolu ənənəsini saxlamaqla Avropa və Asiya arasında malların nəqliyyatına yeni etibarlı bir yol ola bilər. Bu marşrut yüksək xərcli təyyarələr və yavaş sürətli gəmilərlə müqayisədə fərqli seçim imkanı verir.

Çin Dövlət Başçısı Si Cinpin 2013-cü ildə Bir Kəmər Bir Yol Təşəbbüsünü elan etdikdən sonra Avrasiya üzərindən quru ticarətinə böyük diqqət yetirilib. Bir Kəmər Bir Yol Təşəbbüsü quru limanları, dəmiryolları, magistral yollar və digər vacib ticarət infrastrukturuna böyük miqdarda investisiya gətirib.

Ekspert deyir ki, Transxəzər yolu ilə malların daşınmasında bürokratik qayda və nizamnamələr nəqliyyat xərclərini artırır. Gərəksiz, köhnəlmiş gömrük prosedurları gecikmələrə, əlavə artıq əməyə və yanacaq xərclərinə səbəb olur ki, bu da çatdırılma tarixləri ilə bağlı etibarsızlıq yaradır. Bölgə ölkələri sərbəst mal axınını artıran xüsusi islahatlar həyata keçirməlidir. Ticarət son məntəqəyə ən aşağı xərc və ən yüksək sürətlə çatmalıdır.

Bundan əlavə, Xəzəryanı dövlətlər Xəzər dənizində ticarətin konteynerləşdirilməsini təşviq etmək üçün addımlar atmalıdırlar. Hazırda Xəzərdə ticarətin əksəriyyəti konteyner olmadan həyata keçirilir.

Transxəzər dəhlizinə sərmayə qoymaq gözlənilməz böhranlara məruz qalmaq riskinin azaldılması və beynəlxalq ticarət şəbəkəsinin qorunması üçün bir seçimdir, lakin bu, təbii olaraq baş verməyəcək. Qlobal ticarətdə yaranmış ətaləti aradan qaldırmaq üçün həm Xəzər bölgəsi, həm də dünyada hökumətlər və şirkətlər Trans-Xəzər dəhlizini 21-ci əsrin rəqabətli ticarət şəbəkəsinə çevirmək üçün ortaq səy göstərməlidirlər.

Milli.Az

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.