#Təfsilat

İsrail mediası yəhudilərin Azərbaycanla həmrəyliyindən yazır

Aug 15, 14:27 / Mənbə: Kaspi.az

İsrail mediası avqustun 9-da bu ölkədə yaşayan Azərbaycan mənşəli yüzlərlə yəhudinin Təl-Əviv Yafoda müstəqil Azərbaycan dövlətinə dəstək və Ermənistanın təcavüzünə etiraz məqsədilə keçirdiyi etiraz aksiyasını işıqlandırmaqda davam edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, İsrailin ILTV beynəlxalq telekanalının "İsrail xəbərləri” proqramında yayımlanan süjetdə, "The Jewish Press” İnformasiya Agentliyinin "İsraildə yaşayan Azərbaycan mənşəli yüzlərlə yəhudi Ermənistanın təcavüzünə qarşı çıxış edib” sərlövhəli xəbərində bildirilib ki, Azərbaycan mənşəli 600 nəfərə yaxın yəhudi şəhər boyunca yürüşdən sonra erməni mədəniyyət mərkəzinin və erməni kilsəsinin önündə nümayişə toplaşıb. Həmvətənlərimiz Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədini artilleriya atəşinə tutması, 12 hərbi qulluqçunun və 76 yaşlı mülki şəxsin həlak olması xəbərindən hiddətləndiklərini bildiriblər. Onlar Ermənistanın Azərbaycan torpağı olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu uzun illərdir işğal altında saxlamasına kəskin etirazlarını ifadə ediblər.

Ravvin Şmuel Siman Tov, siyasi analitik Arye Qut, İsraildə Azərbaycan evinin rəhbəri Şirin Nexamiya Mixaeli və digərilərinin çıxış etdikləri tədbirdə İsrailin mültikulturalizmin, tolerantlığın hökm sürdüyü Azərbaycanla həmrəy olduğu bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırıldığı vurğulanıb. Onlar faşist əlaltısı olan Qaregin Njde kimilərinə heykəl ucaltmaqla Holokost qurbanlarının xatirəsini təhqir edən Ermənistanın iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirə bilməyəcəyini bəyan ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yəhudi əsilli azərbaycanlıların da həlak olduğunu xatırladan natiqlər Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonunun işğaldan azad edilməsi, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz tarixi torpaqlarına qaytarılması tələbi ilə çıxışlar ediblər.

Qeyd edək ki, ILTV beynəlxalq telekanalının "İsrail xəbərləri” proqramının 13:33-cü dəqiqəsindən başlayaraq göstərilən süjetdə Təl-Əviv Yafoda keçirilmiş aksiya, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatları barədə ətraflı danışılıb, eləcə də Tovuz rayonunun sakinlərinin fikirlərinə yer verilib.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.