#Siyasət

Qaydalara əməl etdik, nəticəsini gördük...

Aug 11, 18:02 / Mənbə: Kaspi.az

Unutmayaq ki, bir

balaca laqeydlik, məsuliyyətsizlik çəkilən bu qədər zəhmətin hədər getməsinə,

yoluxma sayının yenidən artmasına səbəb ola bilər

 

Bütün dünyada olduğu kimi, Azərbaycanda da

koronavirus (COVİD-19) pandemiyasına qarşı ciddi mübarizə aparılır. Bu xəstəliyin

qarşısını almaq və əhalinin sağlamlığını qorumaq üçün fevralın 27-dən

başlayaraq bir sıra tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin Sərəncamı

ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, burada iştirak edən

bütün şəxslər, o cümlədən qərargahın üzvü olmayan digər bütün hökumət üzvləri,

dövlət qurumları koronavirusun ölkə ərazisində yayılmasının qarşısını almağı, əhalinin

sağlamlığını qorumağı əsas vəzifə kimi görüb, bu istiqamətdə gecə-gündüz fəaliyyət

göstərirlər. Məlumat üçün qeyd edək ki, ən qısa müddət ərzində

Azərbaycanda koronavirusla birbaşa mübarizə üçün 10 mindən artıq çarpayı yeri

hazırlanıb, respublikanın 35 rayon və şəhərində ümumilikdə 46 xəstəxana prosesə

cəlb olunub. Vətəndaşlardan test nümunələrinin götürülməsi üçün əvvəlki 6

laboratoriyanın sayı 31-ə çatdırılıb. Yaxın gələcəkdə onların sayı daha da

artırılaraq 40-a çatdırılacaq. İndiyə qədər bu laboratoriyalar vasitəsilə 790141

test aparılıb. Hazırda xəstəliyi yüngül formada keçirən bəzi vətəndaşlar xəstəxanalarda

deyil, öz arzularına uyğun olaraq, ev şəraitində, poliklinikaların sahə həkimlərinin

gündəlik nəzarəti altında da müalicə alırlar. Respublikadakı 87 poliklinikada

bu nəzarət funksiyası yaradılıb ki, onun da 40-ı Bakı şəhərindədir. 

 

Sağalananların sayı xəstəliyə

yoluxanların sayını üstələyir

 

Koronavirusla mübarizə tədbirlərinə yerli həkimlərlə

yanaşı, xarici ölkələrdən böyük təcrübəyə malik olan mütəxəssislər də cəlb

olunublar. Türkiyə, Rusiya, Çin, İtaliya və Kubadan ümumilikdə 215 nəfərdən

ibarət tibbi heyət yerli həkimlərlə bərabər fəaliyyət göstərirlər. İndiyədək

ölkədə ümumilikdə 33647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən

edilib. Bu vaxta kimi görülən bütün işlər, xüsusən də Azərbaycan həkimlərinin səyi

nəticəsində 30642 vətəndaş xəstəlikdən sağalıb. Cəmi 492 şəxs koronavirusdan vəfat

edib, aktiv xəstə sayı 2513 nəfərdir. Avqustun 10-na olan statistikaya görə, koronavirus

infeksiyasına sutka ərzində 79 yeni yoluxma faktı qeydə alınıb, 278 nəfər

müalicə olunaraq sağalıb və evə buraxılıb, 2 nəfər dünyasını dəyişib. Artıq bir

neçə gündür ki, koronavirusdan sağalananların sayı, bu xəstəliyə yoluxanların

sayını qat-qat üstələyir. 

 

Qayda-qanunlara, tələblərə

riayət olunmalıdır

 

Bu göstəricilər digər ölkələrlə müqayisədə həddindən

artıq yaxşıdır. Ölkəmizdə xəstəliyin cilovlanması və azalması istiqamətində

uğurlar var. Bunu nəzərə alan Operativ Qərargah avqustun 5-dən etibarən

karantin rejimini bir qədər yumşaldıb. Yay fəsli nəzərə alınaraq, insanların

çimərliklərdən istifadə etməsinə imkan yaradılıb. SMS və icaze.e-gov.az portalı

vasitəsilə icazə mexanizmi ləğv olunub, vətəndaşların sərbəst hərəkəti təmin

olunub. Vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alan

Operativ Qərargah vəziyyətdən asılı olaraq, yaxın zamanlarda bir sıra yumşalma

proseslərinə də hazırlıq işləri görür. Lakin bu, pandemiyanın sona çatması anlamına

gəlməməli, insanlarda arxayınlıq yaratmamalıdır. Ölkə vətəndaşları maska və

sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət

riayət etməlidir. O cümlədən həkimlərin və sanitar-epidemioloji qurumların

tövsiyəsinə əsasən, açılan obyektlərdə qayda-qanunlara, tələblərə riayət

olunmalıdır. Həm istehlakçılar, həm də sahibkarlar bilməlidirlər ki, mövcud

qaydalara ciddi şəkildə riayət olunmasa, koronavirusa yoluxma sayı yenidən

arta, xəstəliyin miqyası genişlənə bilər.

 

Çox ciddi nəzarət

mexanizmi olmalıdır

 

Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində

görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən

müşavirədə çıxış edən dövlət başçısı İlham Əliyev əldə edilən müsbət dinamikanı

qoruyub saxlamağın zəruriliyini vurğulayıb: "Əldə edilmiş nəticələr, eyni

zamanda, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir. Karantin

rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanlarımızı bu xəstəlikdən

qoruyaq, onların həyatını qoruyaq, sağlamlığını qoruyaq və beləliklə, bu vəziyyətdən

az itkilərlə çıxaq. Bu günə qədər biz buna nail ola bilmişik. Hesab edirəm ki,

xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış

addımlardır. ...Müsbət dinamika, əlbəttə ki, indi karantin rejiminin

yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi

olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin

edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət

yeni qaydalar əsasında təşkil edilməlidir. ...Yumşalma bir çox ölkələrdə xəstəliyin

yenidən geniş vüsət almasına gətirib çıxarır. Demək olar ki, bütün ölkələrdə -

harada ki, yumşalma olub, obyektlər, turizm obyektləri, ictimai iaşə obyektləri,

xidmət sektoruna aid obyektlər açılıb, orada xəstəlik yenidən geniş vüsət alır

və buna ikinci dalğa deyirlər. Həkimlərin böyük əksəriyyəti bunu, sadəcə

olaraq, sanitar normaların gözlənilməməsi ucbatından baş vermiş hadisə kimi dəyərləndirir.

Mən də bu yanaşma ilə razıyam. Çünki bu xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə

qarşı mübarizə aparılır. Ancaq heç kim deyə bilməz ki, hansısa ölkə bu xəstəliyə

qalib gəlib. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan

sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox

ciddi nəzarət olmalıdır”.

 

Sosial məsuliyyət və

həmrəylik

 

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti

Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib ki, hələ yoluxma hallarının tək-tək

qeydə alındığı dövrlərdə vətəndaşlara maska taxmaq, fiziki məsafəni qorumaq, şəxsi

gigiyenaya riayət etmək, toplaşmamaq haqqında müraciətlər olunsa da, bir çoxu

buna etinasız yanaşıb. Lakin zaman keçdikcə bunun yanlış olduğu və qaydalara əməl

etməyin vacibliyi bir daha aydın olub. N.Mürsəlova ölkədə tətbiq olunan xüsusi

karantin rejiminin əsas məqsədinin koronavirus sınağından az itkilərlə çıxmaq

olduğunu dilə gətirib. Qeyd edib ki, xəstəliyin yayılma zəncirinin qırılması üçün

yoluxmuş şəxslərin izolyasiyası, onlarla təmasda olan insanların karantin müddətində

müşahidəsi vacibdir. Onun sözlərinə görə, bu qərarların yalnız xalqın mənafeyi

üçün verildiyi birmənalı şəkildə dərk edilməlidir. Nazirlik nümayəndəsi karantin rejiminin

qaldırılmasından sonra normal həyata dönüş barədə də danışıb. Söyləyib ki, normal

həyata qayıdış bir neçə mərhələyə bölünməlidir. Kimsə unutmamalıdır ki, yenə də

məsafənin saxlanılması, şəxsi gigiyena qaydalarına riayət edilməsi, qoruyucu

vasitələrdən istifadə mütləqdir: "Son həftələr ərzində koronavirus

infeksiyasının dinamikasında müsbət meyl müşahidə olunur. Bu da dövlət səviyyəsində

görülmüş işlərin, irəli sürülmüş tələb və qaydaların əhali tərəfindən qəbul

olunması və onlara riayət edilməsinin nəticəsidir. Bu günlər ərzində Təcili və

Təxirəsalınmaz Tibbi Yardıma daxil olan müraciətlərin sayı da 30 faiz azalıb.

Bir daha vətəndaşları COVID-19 ilə mübarizədə sosial məsuliyyət və həmrəylik

nümayiş etdirib tələb və qaydalara riayət etməyə, özlərinin və yaxınlarının

sağlamlığını qorumağa çağırıram”.

 

Yumşalmalar vətəndaşlarımızı

arxayınlaşdırmamalıdır

 

Milli Məclisin

deputatı Naqif Həmzəyev deyib

ki, mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirlərindən sonra bir çox vətəndaşlar

qoyulan qaydalara riayət etməyib, sosial məsafə saxlanılmayıb, maska taxılmayıb,

nəticədə iyun ayının ortalarından koronavirus ölkə ərazisində sürətlə yayılmağa

başlayıb, gündəlik təsdiq edilmiş yoluxma hallarının sayı 500-ü ötüb, virus

qurbanlarının sayı çoxalıb. Deputat bildirib ki, o zaman ölkədəki epidemioloji

vəziyyət qənaətbəxş olmadığı üçün xüsusi karantin rejimi yenidən sərtləşdirilib. Onun sözlərinə görə, əldə olunan müsbət dinamika nəticəsində

virusa yoluxma hallarının ikiqat artımının qarşısı alınıb, gündəlik yoluxma

sayı sabitləşib, əvvəlki mənfi tendensiya aradan qalxıb: "Son həftələr

koronavirus infeksiyasından sağalanların sayında müsbət dinamika müşahidə

olundu. Sağalan xəstələrin sayı gündəlik yoluxma hallarını üstələdi. Bu gün hər

bir vətəndaşın qarşısında duran əsas şərt əldə olunan bu müsbət dinamikanı

qoruyub saxlamaqdır. Sərt karantin rejiminin yenidən uzadılması məhz

pandemiyanın təsirinin daha da zəiflədilməsinə, yoluxma zəncirini mümkün olduğu

qədər qırmağa hesablanıb. Yoluxma sayı azalsa və sərt karantin rejimində bəzi məhdudiyyətlər

aradan qaldırılsa da, arxayınlaşmaq hələ tezdir. Bir balaca laqeydlik, məsuliyyətsizlik

çəkilən bu qədər zəhmətin hədər getməsinə, yoluxma sayının yenidən artmasına səbəb

ola bilər. Karantin qaydalarında yumşalmalar vətəndaşlarımızı

arxayınlaşdırmamalıdır. Ona görə də xüsusi karantin rejiminin qaydalarına

bundan sonra da ciddi əməl etməliyik. Unutmayaq ki, dövlət tərəfindən atılan

bütün lazımi addımlar vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə, hər bir

sakinin sağlamlığının qorunmasına hesablanıb”.

 

Rufik İSMAYILOV

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.