#Cəmiyyət

"Human Rights Watch"un qərəzli rəyi ilə bağlı ictimaiyyət məlumatlandırılmalıdır

Aug 01, 23:59 / Mənbə: Kaspi.az

"Human Rights Watch təşkilatı daima öz hesabatlarında qərəzli olub və ikili standartlara söykənib. Xüsusən Azərbaycana münasibətdə hər zaman bu qərəzi hiss etmişik. Həmin təşkilatın hazırladığı hesabatlar hüquqi hesabatlardan daha çox siyasi qərarlara və ya siyasi qətnamələrə bənzəyir. Bu da onunla əlaqədardır ki, bu təşkilat müxtəlif mərkəzlərdən direktiv alır və ya eyni hadisəyə ikili standartlarla yanaşır. Biz bunun dəfələrlə şahidi olmuşuq. Bu yaxınlarda ABŞ-ın Corc Meyson Universitetinin hüquq professoru Yevgeni Kontoroviç də bu məsələyə toxunub və onun ABŞ-ın nüfuzlu "The Wall Street Journal" qəzetində dərc etdiyi məqalənin əsas məğzi ondan ibarətdir ki, bu necə insan hüquqları ilə əlaqədar hesabat hazırlayan təşkilatdır ki, bənzər hadisələrə fərqli qiymət verir və yaxud eyni hadisəni fərqli cür qiymətləndirir. Müəllif qeyd edir ki, İordaniya çayının qərb sahilində İsrailin həyata keçirdiyi məskunlaşmanı bu təşkilat tənqid edir. Ancaq nədənsə, Azərbaycanın işğal olunmuş torpaqlarında ermənilərin həyata keçirdiyi qanunsuz məskunlaşmanı müdafiə və təqdir edir".

 

Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Sara Li Uitsonun hazırladığı hesabatın qərəzli olması burada bir daha ortaya çıxır: "Məsələ burasındadır ki, biz hər zaman bu cür təşkilatların islamofob və ermənipərəst mərkəzlərdən idarə olunduğunu demişik. İndi bəlli olan bir hadisə var ki, sən demə Sara Li Uitson erməni ailəsində dünyaya gəlib. Yəni bu xanım milliyətcə ermənidir və onun Azərbaycana qarşı hazırladığı bütün hesabatlarda bu xətt çox aydın görünür. Hətta 2018-ci ildə ABŞ-da fəaliyyət göstərən Erməni Milli Komitəsi tərəfindən ermənilər üçün pulyığma kompaniyasına cəlb olunub. Bu də hələ son deyil. Belə ki, bu hesabatları hazırlayan Sara Li Uitson öz facebook səhifəsində paylaşır ki, mənim bu cür fəaliyyətimin məğzi Ermənistandakı vəziyyətə görə, ora xeyriyyəçilik cəlb etmək və eyni zamanda erməni soyqırımının təbliğ olunmasına kömək etməkdir".

Depuata bildirib ki, sağlam düşüncə tərzinə malik olan hər kəs bilir ki, erməni soyqırımı olmayıb: "Amma olmayan soyqırım haqqında dünyada baş verən insan hüquqları pozuntuları ilə bağlı hesabat hazırlamaq missiyasını öz üzərinə götürən bir təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə direktorunun bu fikirləri görün nə qədər qərəzlidir, yəni kökündən yanlışdır. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, bəzi hallarda Azərbaycanın radikal müxalifəti və Azərbaycandan kənarda yaşayan bəzi azərbaycanlılar bu cür hesabatları obyektiv hesab edərək Azərbaycanda insan hüquqlarının pozulduğunu iddia edirlər. Ona görə də, düşünürəm ki, bu iddianı səsləndirərkən və Azərbaycan ictimai rəyinə təqdim edərkən bir də bu nöqteyi nəzərdən baxmaq lazımdır ki, bu hesabatı hazırlayan kimdir və nə üçün hazırlayıb. Hər zaman qeyd edirik ki, ayrı-ayrı insan hüquqlarının müdafiəsi təşkilatları əslində milli dövlətlərə qarşı bu və ya digər səbəbdən təzyiq mexanizmi kimi çıxış edir".

H.Babaoğlu vurğulayıb ki, bu təşkilatların əsas missiyası insan hüquqlarının qorunması və ya onun müdafiəsini təşkil etmək, yaxud da onunla bağlı faktları hesabat şəklində dünya ictimaiyyətinə təqdim edərək obyektiv bir ictimai rəy formalaşdırmaq deyil: "Burada bir qərəz var və Azərbaycana münasibətdə olduğu kimi, eyni zamanda İsrailin timsalında və başqa ölkələrə bu cür ikili yanaşma tətbiq olunduğu bəlli olur. Bununla da bu cür təşkilatlar əslində öz fəaliyyətləri ilə bir daha ifşa olunurlar. Vitse-prezident Mehriban xanım Əliyevanın müraciətində bu məsələlərə toxunmuş və eyni zamanda Human Rights Watch təşkilatı ilə bərabər Amnesty İnternational, Freedom House təşkilatlarının da adları çəkilib, hansı ki, bu təşkilatların da mahiyyətində məhz islamafob fəaliyyət və həmçinin kimlərsə tərəfindən qəbul edilmiş siyasi qərarın insan hüquqları üzərinə manipulyasiya edərək qlobal ictimai rəyə yanlış təqdim olunması durur. Bütün bunlara görə, düşünürəm ki, Azərbaycan hazırki mərhələdə kifayət qədər siyasi baxımdan maariflənib və bu cür fəaliyyətin ifşa olunması üçün daima onların qərəzli rəyi ilə bağlı ictimaiyyət məlumatlandırılmalıdır".

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.