#Cəmiyyət

“Ey millət təəssübü çəkən qardaşlar, vaxt keçməmiş, məktəbxanalar bina edin...”

Jul 31, 12:42 / Mənbə: Kaspi.az

Həsən bəy Zərdabi «Əkinçi»nin səhifələrində yazırdı

 

Zərdabişünas alim Esmira Cavadova

öz həyatını jurnalistikaya, araşdırmaya, elmi tədqiqatlara həsr edib. O,

1920-ci ilə qədər olan Azərbaycan jurnalistikasının zəngin kartotekasını

hazırlayıb. 1980-ci ildən etibarən araşdırma ilə məşğul olmağa başlayıb. Onun

yaradıcılığının əsas hissəsini Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin

həyat və yaradıcılığı ilə bağlı araşdırmalar təşkil edir. 

Bununla yanaşı, Esmira xanım Həsən

bəy Zərdabinin 1897-1907-ci illərdə Bakı Dumasındakı fəaliyyəti ilə əlaqədar də

fundamental araşdırma aparıb. Həmin əsərdə Zərdabinin Dumada qaldırılan məsələlərə

münasibəti öz əksini tapıb. Həmin dövrdə Zərdabi xalqımızın taleyüklü məsələlərini,

o cümlədən elm və təhsillə bağlı qayğılarını, müxtəlif problemlərdən dolayı

narahatlıqlarını dilə gətirib. 

Esmira

Cavadova Həsən bəy Zərdabinin "Əkinçi” qəzetində dərc olunmuş məqalələrini təqdim

edir: "Altı ay yoxdur ki, bizim «Əkinçi» qəzeti çap olunur, amma ingilisin

paytaxtı London qəzetində onun çap olunduğu məlumdur. Oradan bir kitabın bir fəslin

türk dilində olan tərcüməsini bizə göndəriblər ki, onun qəzetini düzəldək. Əlhəd,

bu çox ziyadə gözüaçıqlığın istər. London şəhərində bir neçə yüz qəzet çap

olunur. Onunla belə kişilər dünyanın içində bizim qəzet kimi bir kiçik qəzet

olmağını eşidib istəyirlər ondan da xəbərdar olsunlar, amma bizim adamın çoxu nə

ki, buçağadək bizim qəzeti oxumayıblar, bəlkə bəzi kəslər onun bina olunmağının

xəbərini də eşitməyiblər. Hətta elə adam var ki, qəzet pulu verib onu almaq istəmir. 

Bizim xalq dünya işlərini belə soyuq tutmağı bilirkən biz «Əkinçi» qəzetini

çap etdirməyi başlamışıq və bizim təkcə yuxudan oyananlarımıza ümid olmuşuq ki,

xalq oxuyub ondan mənfəətbərdar olmağa və dünya işlərindən xəbərdar olmağa səy

edəcəklər. 

…Biz müsəlmanlar dünya işini soyuq tutmağa bizim məzhəbimiz səbəb

deyil ki, onu xaricilər bizlərə böhtan deyirlər. Cənab şeyxülislamın bu nömrədə

çap olunan məktubunu oxuyana məlum olur ki, bizim peyğəmbərimiz öz ümmətini irəli

salmaqdan ötrü onlara hökm edibdi ki, hər bir elini təhsil etsinlər”.

«Əkinçi» 1876, 1 yanvar,

1875-ci ilin axırıncı nömrəsi – yəni 12-ci nömrə; «Daxiliyyə».

 

"Peterburqda bir padşahlıq kitabxanası var ki, onun hər ildə 800000

manat xərci olur. Ol kitabxanada 900000 basma, 30000 yazma kitab və 75000 kitab

surəti var. Qiymətli kitabları şüşə altında saxlayırlar ki, onlara dəyməsinlər.

O cümlədən bir qızıl cildli Quran var ki, qiyməti 33000 manatdır”. 

 

Əsgər Gorani. 

«Əkinçi» 1876, N1, 16

yanvar, «Təzə xəbərlər».

 

"Bizim Bakubə şəhərində çiçək naxoşluğu olduğuna (görə - red.) indi

ancaq çiçəkdən danışacağıq.

Çiçək iki qism naxoşluğa deyirlər ki, birisi əsl çiçəkdir və birisi səpgidir.

Əsl çiçəkdən çox adam tələf olur, amma səpgidən yüzdə biri vəfat edir. Keçən

zaman ki, çiçək döymək məlum deyilmiş, çiçək qarayara kimi hər vilayətə düşsə

onu tamam edirmiş. Amma indi onun səbəbi və əlacı məlum olduğuna ol qədər şiddət

etmir. 

Çiçəyi döyülən kəs çiçəkdən xəstə olmur, əgər olsa da az olur. Bəzi

vaxtda çiçəyi döyülən kəs demə sonra çiçəkdən naxoşlayır. Ona binaən təbiblər məsləhət

edirlər ki, hər kəs on ildə bir dəfə çiçəyini döydürsün və belə deyirlər ki, ol

vaxtda ona heç çiçək dəyməz.

Əgər çiçək düşən yerdə təbib olsa, onu xəstənin üstə gətirdib onun məsləhətlərinə

görə əməl etmək gərək, amma təbib olmasa lazımdır xəstəni soyuqdan və istidən

mühafizə edib ona isti və təmiz xörəyi az-az verib, paltarını və bədənini  pak saxlamaq və əgər işlətmə lazım olsa gərçək

yağı vermək. Belə saxlanan xəstənin çoxu təbibsiz də şəfa tapır. Xəstəni ayrı

otaqda saxlamalı ki, orada qeyri kəs sakin olmaya. Xəstəni elə saxlamaq gərək

ki, onun yaralarının üstə milçək düşməsin, yoxsa onun ayaqlarına və qanadlarına

ol yarada olan ələfiyyatın toxumları yapışar və sonra ol milçək sağ adamın

üstünə oturanda ona da çiçək salar”. 

 

«Əkinçi» 1876, N2, 30

yanvar, «Daxiliyyə».

 

"Əkin yerini şuxm etməkdən ötrü əkinçinin ən başlıca aləti kotandır.

Kotan yaxşı olduqcan yeri yaxşı nazik edər, onu işlətməyin zəhməti az və yerin

bəhrəsi çox olur. Yaxşı kotan gərək şuxmu bir qalınlıqda kəsib qalxızıb,

çökürüb əzsin.

 

Kotan üç qism olur: diyircəksiz, dayaqlı və diyircəkli. Diyircəksiz

kotan yüngül olduğuna ona daş ya kəsək rast gələndə onu düzəltmək asandır. Ona

binaən onunla daşlı yeri şuxm etməkdən ötrü işlədirlər ki, yüngül olduğuna az

mal ilə də işlətmək olur. Ona bir ya iki cüt öküz qoşurlar. Onun cırıqları düz

olmadığına şüxumu təmiz olmaz.

* *

Dayaqlı kotanın altında bir ucu yastıq, dayaq ya bir diyircək olur.

Ona binaən onu düz saxlamaq çətin deyil, onun cırıqları düz və şuxmu təmiz olur

və əgər lazım olsa, onun dayağını çıxarıb diyircəksiz kotan yerinə işlətmək

olur. Ona 2 ya 3 cüt öküz bəsdir.

* *

Diyircəkli kotanın iki diyircəyi olur ki, onların üstə qırın başı

dayanıb, onların üstünü basıb kotanı ağır edir. Ona 3 ya 4 cüt öküz qoşurlar,

amma o ağır olduğuna onu düz saxlamaq asandır, hətta əkinçi əldən qoyanda da

çökürülməz. Ona binaən onun cırıqları düz və şuxmu təmiz olur... 

Məzkur kotanları hər vilayətdə bir qeyri cürə qayırırlar. Xülasə,

dünyada kotan çoxdur, amma bizimkindən yamanı heç olmaz. Onun hər bir hissəsi

yaman olduğuna 8 cüt öküz ilə işlədirik və onilə belə yeri narın edib çökürə

(çevirə – E.S.) bilmirik. Ona binaən bizim tavanası olan əkinçilər yaxşı elərdilər

ki, Moskva karxanalarından əla kotanlardan gətirdib işlədəydilər. Çünki indi su

buğu ilə işləyən kotan-maşın ixtira ediblər ki, bir tağar yeri bir saatda şuxm

edir”. 

 

«Əkinçi» 1876, N2, 30

yanvar, «Əkin və riaət xəbərləri».

 

Məqalədən aydın olur ki, Həsən bəy Zərdabi Azərbaycan kəndinə yeni təkmilləşdirilmiş

fabrik kotanlarının gətirilməsini tövsiyə edir, əkinçiliyi yeni əsaslar üzərində

inkişaf etdirməyi məsləhət bilirdi. Lakin Azərbaycan kəndlisinin iqtisadi

yoxsulluğu Həsən bəy Zərdabinin bu arzularının onun yaşadığı dövranda yerinə

yetirilməsinə hələ imkan vermirdi. Odur ki, inqilaba qədər bəzi mülkədar təsərrüfatları

istisna olmaqla Azərbaycanın hər yerində əhalinin əsas şum aləti ənənəvi xış və

ağac kotanlar olaraq qalmaqda idi. 

Bu nömrədə: "Tiflisdə dövlət tərəfindən bir məclis bina olunub ki, Qafqazda olan əkin

sulamaq adətlərini cəm bir qərardad qoysun ki, su xalq arasında doğruluq ilə

paylansın”.

«Əkinçi» 1876, N2, 30

yanvar, «Təzə xəbərlər».

 

"Keçən yanvarın 19-da Şuşa şəhərində, yəni Qarabağın Şuşa qalasında

teleqrafxana açılıb”. 

 

«Əkinçi» 1876, N3, 15

fevral, «Təzə xəbərlər».

 

"Rusiyada torpaq kənd camaatına təəlüq olduğuna bəzi kəndlərdə camaat

əkin-biçini bir yerdə edib, sonra məhsulatı bölürlər. Camaatın belə birləşməsinin

bir xeyri də odur ki, elm yolu ilə təmir olunmuş əsbabları gətirib işlətmək

asan olur. 

* *

Berlin şəhərində qulluqçular üçün məktəbxana açılıb ki, onlar paltar

tikməyi, yumağı, biçməyi və xörək bişirməyi öyrənirlər”.

 

«Əkinçi» 1876, N4, 29

fevral, «Təzə xəbərlər».

 

"3 il bundan əqdəm İngilisdə bir icma bina olub ki, hər bir şəhərdə

qızlardan ötrü məktəbxana açsın. İndiyəcən 9 məktəbxana bina edib. Ol camaatın

hər ildə öz calislərindən 90 min manat cəm olur”.

 

«Əkinçi» 1876, N7, 14

aprel, «Təzə xəbərlər».

 

"Əhəng adamın gözünə düşəndə onu su ilə yumaq yaxşı deyil, ona binaən

ki, sudan əhəng bərkiyib ziyadə azar edər. Yaxşıdır ki, onu qənd suyu ilə

yuyasan”.

 

«Əkinçi» 1876, N8, 28

aprel, «Elm xəbərləri».

 

"Rusiya zakonuna binaən küçələrdə dilənçilik etmək qadağandır. İndiyəcən

Peterburqda 24 icma bina olub ki, dilənçilərdən ötrü əlahiddə mənzillər bina

edib onlara kömək etsinlər. Ol icmaların calislərində hər ildə 118 min manat cəm

olur.

 

* *

450 il bundan sabiq Osmanlı türkləri Avropaya daxil olub Rim dövlətinin

Qəstəntiniyyə şəhərini zəbt edib ona İstanbul, yəni islam şəhəri ad qoyub, ətrafda

vaqe olan xaçpərəst vilayətlərini həm zəbt ediblər. Bir neçə il bundan sabiq

zikr olan vilayətlərin biri ki, olsunlar Serb və Qaradağ, yəni Əşqüdrə, Əflan və

Bağdan əyalətləri Osmanlı dövləti ilə cəng edib onun rizdəstindən çıxıb, indi

ancaq dövləti – Osmaniyyə müəyyən olan xərc verirlər, amma ümrati – daxiliyyələri

özləri ilədir.

Bosnə və Qerdseqovinə əhli Osmanlı dövləti ilə cəng edirlər, onların

həm muradi oldur ki, zikr olan əyalətlər kimi olsunlar... Osmanlıya heç xərc

verməsinlər”.

 

«Əkinçi» 1876, N8, 28

aprel, «Təzə xəbərlər».

 

Həsən bəy Zərdabi dövlət tərəfindən məktəbxanalar barəsində qoyulmuş

yeni qaydalardan danışaraq yazır ki, "ol qaydaya görə hər bir məktəbxana dövlət

tərəfindən açılmalıdır, istər dövlət tərəfindən ya məxsusi olsun, bu məktəblərdə

qeyri elmlərdən savayı rus dili oxunmalı və hər kəs məktəbxanaya baxmaqdan ötrü

dövlət tərəfindən ayrıca çinovniklər təyin olunmalıdır. Bu qaydadan xəbərdar

olan ermənilərin ruhaniləri cənab sərdara ərizə verib bəyan ediblər ki, onların

kilsələrinin yanında olan məktəbxanalarda ancaq ruhanilər öyrədilir və erməni

ruhanisi üçün rus dili bilmək lazım deyil. Ol səbəbə cənab sərdar zikr olan

qaydanı belə dəyişdiriblər: Erməni kilsələrinin və müsəlmanların məscidlərinin

yanında açılan məktəbxanalardan savayı hər bir məktəbxana olsa, orada gərək rus

dili oxunsun və bu məktəbxanalara baxmaqdan ötrü əlahiddə çinovniklər təyin

olunub; bir də hökm olunub ki, əvvəl zaman Gəncə və Bakubə quberniyalarının hər

birində kənd əhli üçün dövlət tərəfindən 3 məktəbxana açılsın. Onların üçü bu

il Gəncə quberniyasında açılacaq, amma Bakubə quberniyasında hələ açılmayacaq.

Çünki ol məktəbxanalarda dərs deməyə müəllimlər yoxdur ki, rus dilindən savayı

xalqın dilini həm bilsinlər, ona binaən Qori şəhərində bir məktəbxana açılıb

ki, orada oxuyan şagirdləri sonra müəllim eləsinlər. Ol məktəbxanalarda 20 nəfər

erməni və gürcü padşahlıq xərcilə oxuyacaq. İndi «Kavkaz» adlı qəzet yazır ki,

doğrudur, müsəlmanların məktəbxanaları üçün müəllimləri oxutmaqdan ötrü sonra əlahiddə

məktəbxana açılacaq, amma indi müsəlmanlardan hər kəs xahiş etsə, zikr olan

Qoridə açılan məktəbxanaya öz uşaqların öz xərcilə qoya bilər. Oraya oxumağa

girən kəs gərək uyezdni şkolada oxumuş ola və özu 16-19 yaşında ola. Orada 3 il

dərs deyiləcək”.

 

«Əkinçi» 1876, N10, 27

may, «Daxiliyyə».

 

Həsən bəy Zərdabi Bakı qubernatoru olmuş cənab Staroselskinin

«Əkinçi» qəzetinin SA olunmasındakı böyük rolundan, yaxşılıqlarından özünün

dediyi kimi bir neçə kəlmə danışmağı özünə borc, vacib bilmişdi. O yazırdı: "3

il idi ki, bizə qəzeti SA etməyə izn vermirdilər. Buna səbəb o idi ki, Bakubədə

dövlət tərəfindən qəzetlərə mülahizə edən adam yox idi. Amma ol cənab bizə

zamin olub ol izni bizim üçün aldı. Çapxanamız da yox idi. Hürufati İstanbuldan

gətirəndən sonra cənab Staroselski həmin hürufatı qubernski pravleniyanın

çapxanası üçün aldı ki, indiyəcən orada bizim qəzet çap olunur. Daha sonra o

uyezdin naçalniklərinə tapşırıq verdi ki, kəndlərə poçt işləmədiyinə görə

onlara qəzeti çaparlar vasitəsilə göndərsinlər. Cənab Staroselski həmişə

«Əkinçi» qəzetinə maddi və mənəvi köməklik göstərirdi. Millət işlərinə elədiyi

yaxşılıqlarına görə onun barədə bir neçə kəlmə yazıb bizim qəzetin dostlarına bəyan

edirik, qoy onun ismi tarixlərə düşüb baqqi olsun”.

 

«Əkinçi» 1876, N12, 25

iyun, «Daxiliyyə».

 

"Ey millət təəssübü çəkən qardaşlar, pəs vaxt keçməmiş elm kitabları

gətirib, məktəbxanalar bina edib, öz dilimizdə təhsili-üluma məşğul olun ki,

müsəlmanlıqda daim olasınız. Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim vətən

qardaşlarımız ilə yüz tutmaq çətindir, siz danışdığınızı onlar başa düşməyib, əfalinizi

şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər. Doğrudur, qeyri

millətlər sizin kamalınızı görüb sizə artıq rütbə verəcəklər, amma insaf deyil

ki, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarımızı atıb, onları kor və

sərgərdan qoyasınız. Sizi nə qədər incitsələr, həcv etsələr, mollalar lənət

oxusalar, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk gələcəkdə millətin gözü

açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq”.

«Əkinçi» 1876, N11, 11

iyun, «Daxiliyyə».

 

Qəzetin həmin sayında «Məktubat» başlığı altında Hacı Seyid Əzim Məliküşşüəranın

öz oğlu Mirsəfərə yazdığı «Nəsihətnamə»si çap olunub. «Nəsihətnamə”dən məlum

olur ki, Seyid Əzim oğlunu Şamaxıda yenicə açılmış uşkola (rus məktəbi – E.S.)

qoyur və xalqın məzəmmətini görüb elm təhsil etməyin vacibliyini oğluna başa

salaraq belə məsləhət edir: (ixtisarla)

 

Cəfər, ey qönçeyi-gülüstanım!

Ey mənim bülbüli-xoşəlhanım!

Demirəm rus, ya müsəlman ol,

Hər nə olsan, get əhli-ürfan ol.

* *

Xassə kim, padşahi-kişvəri – Rus,

Eyləyir tərbiyət kəmal əhlin,

Gətirir halə hər məhal əhlin,

Hər vilayətdə açdı məktəblər,

Çatdılar feyzə əhli-mənsəblər.

Oxunur onda müxtəlif dillər,

Həll olur onda cümlə müşküllər,

Ey oğul, bu dəlili-bişəkdir,

Edəmi-bisəvad eşşəkdir.

* *

Kim ki, bəs bir dil eyləsə hasil,

Oldu bir nemətə o kəs vasil.

Cəhd elə isməti-təmamə yetiş,

Elm təhsil gil, məqamə yetiş.

 

«Əkinçi» 1876, N11, 11 iyun.

 

"Nə qədər ki, cənab Staroselski bizim Bakubədə qubernator idi, bizim qəzet

haqqında elədiyi yaxşılıqlardan danışmırdıq, amma indi o cənab Bakubədən çıxıb

gedib, ona binaən onun yaxşılıqlarından bir neçə kəlmə danışmağı biz özümüzə

vacib bilirik. Cənab Staroselski bizim qəzetin bina olunmağına bais olub. 3 il bizə

izn vermirdilər ki, qəzeti çap etdirək. Buna ümdə səbəb bu idi ki, Bakubədə

dövlət tərəfindən qəzetlərə mülahizə edən adam yoxdur. Amma ol cənab bizə zamin

olub o izni bizim üçün aldı. Bir neçə müsəlman birləşib zor vermişdik ki,

hürufat gətirdib qəzeti çap etməkdən ötrü əlahiddə çapxana açdıraq. Amma biz

hürufatı İstanbuldan gətirəndən sonra ol icma bərhəm oldu və biz özümüz çapxana

açdırmağa məqdur olmadıq. Ol zaman cənab Staroselski zikr olan hürüfatı

qubernski pravleniyanın çapxanası üçün aldı ki, indiyəcən orada bizim qəzet çap

olunur. Sonra uyezdni naçalniklərə hökm verdi ki, kəndlərə poçt işləmədiyinə

onlardan qəzet istəyən olsa, çaparlar ilə onlara qəzet göndərsinlər. Xülasə, cənab

Staroselski həmişə «Əkinçi» qəzetinin xeyirxahı var idi. Ona binaən biz özümüzə

vacib bilib bu neçə kəlməni onun yaxşılıqları barədə yazıb, bizim qəzetin

dostlarına bəyan edirik. Qoy onun ismi tarixlərə düşüb baqqi olsun”.

 

«Əkinçi» 1876, N12, 25 iyun,

«Daxiliyyə».

 

"Sörçil adlı ingilis təbibi sinə naxoşluğu olan kəslərin bədəninin əcralarını

imtahan edib deyir ki, ol naxoşluğa düşən şəxsin bədənində fosfor adlı şey

azalır. Çünki fosfor ki, ondan kibritlərin başı olur, bərk zəhərdir, ona binaən

onu çox az naxoşa vermək olur. Bu təcrübəni edənlər deyir ki, sinə naxoşluğuna

fosfor vermək qeyri müalicələrdən yaxşıdır”.

 

«Əkinçi» 1876, N12, 25 iyun,

«Elm xəbərləri».

 

«Əkinçi» qəzeti bina oluncan bizim heç bir qəzetimiz ya jurnalımız

olmayıb.

«Əkinçi»nin adını qəzet qoymaqdan muradımız ancaq qövmiyyə xəbərlər

yazmaq idi. Amma bizim eldə jurnal olmadığına naəlac qalıb həmi təzə xəbərlərdən,

həm elm və qeyri xəbərlərdən danışırıq”.

 

«Əkinçi» 1876, N14, 25 iyul,

«Daxiliyyə».

 

"Osmanlı dövlətinin Suriya vilayəti ki, ona xristianlar Palestinya

deyirlər və orada Şam, Şərifi-Qüds, Şərifi-Beyrut və qeyri şəhərlər var,

keçmişdə yəhudilərin vətəni olub. amma həzrəti-İsa əleyhüssəlam vəfat edəndən

sonra bir Rum şahı məmləkəti-yəhudini payimal edib ki, indiyəcən yəhudilər yer

üzünə dağılıb hər bir tərəfdə dadistəd edirlər. Məsələn, bizim Rusiya dövlətində

4 milyon yəhudi var ki, onlardan heç bir əkinçi yoxdur, hamı sənətkarlıq ya

tacirlik edirlər.

Avropada ol qədər elm olmayıb, yəhudilərə çox zülm ediblər, amma onilə

belə onlar öz dillərində və məzhəblərində daim olduqlarına yəhudi milləti indiyəcən

tələf olmayıb. Avropada olan yəhudilər bir ictimai-milləti bina ediblər ki, ol

icma özlərinin qədim dillərində 5 qəzet çıxardıb, hər məmləkətin yəhudilərinə

göndərir ki, onları öz dillərində və məzhəblərində saxlasın. Ondan masəva ol

icma bu xəyala düşüb ki, Osmanlı dünləbindən zikr olan Suriya vilayətini satın

alıb qayırsın. İndi ol icma çıxardan «Həmqeyd» qəzeti yazır ki, bundan ötrü

icma 56 milyon manat cəm edib və onun valisi Qəvaddali bu halda İstanbula deyb

ki, dövləti-Osman ilə Suriya vilayətinin barəsində danışsın.

* *

Rusiyanın Voloqod quberniyasında qədim zaman Zizyan adlı bir tayfa sakin

olurmuş. Yazırlar ki, ol tayfa indi elə azalıb ki, onlardan bir neçə kənd qalıb

və onlar həm qeyri tayfalara elə qarışıllar ki, bu yavuq zamanda bilmərrə tələf

olacaqlar”.

 

«Əkinçi» 1876, N16, 23 avqust,

«Təzə xəbərlər».

 

"Zəlzələ 3 qism olur: ləpə kimi, tullama, dolandırma. Ləpə kimi olanda

yer su ləpələnən kimi tərpənir, yəni onun bir tərəfi qalxanda, o biri tərəfə

düşür. Tullanma olanda yer tullanıb düşür. Dolandırma olanda yer fırlanır”.

 

«Əkinçi» 1876, N18, 22

sentyabr, «Elm xəbərləri».

 

"Qəzetin həmişəlik çap olunması üçün gərək Tiflisdə çapxana nur olsun, yoxsa

1-2 ilə bizim qəzet bərhəm olacaq. Belədə lazımdır ki, bizim tavana kəslər qəzet

fikrində olub bir icma bina etsinlər ki, onlardan vüsal olan məbləğ ilə çapxana

açılsın, qəzet basılsın. Haşa bu iş bir tək adam işi deyil. Bizə məlumdur ki,

heç kəs özünə tavana deməz. Pul ver sözü heç kəsə xoş gəlməz.

Ey müsəlmanlar, vaxt keçməmiş fikrinizi birləşməyə verin ki, dağınıq

millət çox tez puç olar.

Dağısdandan Mehdi xan İsmiyev Qeytağı yazır ki, qəzetin qiymətini

artırmayıb onu həftədə bir çıxardaq ki, tavana kəslərimiz onun artıq xərcini

versinlər və özü mədyun olur ki, ayda 10-15 manat göndərsin… Belədə 1-2 adamın

cüzi köməyindən karsazlıq olmaz, yaxşıdır ki, cəm olub 5-20 min manat yığaq,

onun sələmi ilə həmişəlik və qiyməti az qəzet çıxarmaq olsun.

Ey millət təəssübü çəkən qardaşlar, əgər qəzetin xeyrini başa düşüb onun

baqqi olmağını istəyirsiniz, indi vaxtdır. Dəmir qızmış ikən onu döymək gərək,

yoxsa sonra onu qızdırmaq düşvar olur”.

 

«Əkinçi» 1876, N19, 8

oktyabr, «Daxiliyyə».

 

"20 il bundan sabiq Firəng, İngilis Osmanlı ilə birləşib Rusiya ilə elədiyi

cəngin barışığı Firəngistanın Paris şəhərində olduğuna ona Paris Sülhü deyirlər

ki, ol sülhnaməyə Rus, Firəng, İngilis, Osmanlı, Avrasiya, Russiya, İtaliya qol

çəkib. Ol sülhnamənin bir şərti budur ki, Osmanlı dövləti Avropa dövləti hesab

olunsun və zikr olan dövlətlərdən iznsiz heç bir dövlət Osmanlı ilə cəng eləməsin.

Həmçinin zikr olan sülhnaməyə görə Serb Qaradağ və qeyri əyalətlərə ki,

Osmanlıya xərac verillər, bəzi ixtiyarlar verilib. Bəzi Avropa dövlətləri

yazılan şərtlərlə razı olmadılar”.

 

«Əkinçi» 1876, N19, 8

oktyabr, «Təzə xəbərlər». 

 

"Bakubədə oktyabrın 10 və 11-də bərk xəzri əsib (buna tufan da demək

olar), çox yelkən gəmisi tələf edib, iki atəş gəmisini – birisi «Baryatinski» və

birisi «İran» şikəst edib. Bakubənin Corat qəzyəsinin əhlinin qoyun sürüsünü

ki, 950 qoyunu olub, aparıb dənizə qərq edib. Sürünün çobanı bu zaman vəfat edib. 

 

Oktyabrın 11-də olan tufan günü Dərbənd, Petrovski, Poti, Suxum, Amerika

şəhərlərində də olub.

* *

Peterburqda akademiyanın əcayibxanası var ki, altı hissədir: birinci

hissədə 7000 çap olunan qədim kitab var. 2-ci yazma kitabxanasıdır ki, orada

1200 müsəlman kitabı ərəb, fars, türk dillərində, 1200 Xəta, Mancur, Yapon, 100

Tibeti – Monqol 200 gürcü, erməni 200 sanskrit, yəni qədim Hindistan dillərində,

3-cü hissədə üstü yazılı daşlar və qeyri-qədim şeylər, o cümlədən perqament üstə

yazılan Quran saxlanır. 4-cüdə 20 000 pul ki, çoxu qədim müsəlman dövlətlərinin

sikkəsidir. 5 və 6-cı hissələrdə müsəlmanların və yəhudilərin çox qədim qeyləri

saxlanır”.

 

«Əkinçi» 1876, N20, 22

oktyabr, «Təzə xəbərlər».

 

"Bizim müsəlman tayfası ingilis tayfalarından nə qədər geri qaldığını

«Əkinçi» qəzetinə və London şəhərində çap olunan «Tayms» qəzetinə baxmaq ilə

bilmək olur:

«Tayms» hər gündə iki dəfə, «Əkinçi» iki həftədə bir çıxır. «Tayms» hər

dəfə iki vərəq üstə, «Əkinçi» yarı vərəq üstə çap olunur. «Tayms»ın hər vilayətində

müxbiri var ki, təzə xəbərləri yazıb məlum edir, onun hər fəslini bir neçə adam

yazır. Amma «Əkinçi»ni yazan bir adam olduğuna bəzi vaxtda, hətta Bakubədə vaqe

olan işlərdən bixəbər olur. «Tayms» qəzetini ingilisin qeyri şəhərlərində

oxuyurlar. Qəzetin dəmiryol ilə onlara bir gündə yetişməyi çox bilib xahiş

edirlər ki, qəzet onlara dəxi tez yetişsin. Ona binaən onu çap edən teleqraf

kimi maşın ixtira edib ki, onların hər dişini basanda hər şəhərdə bir hüruf

düzülür. Sonra hamı şəhərlərdə bir saatda, bir dəqiqədə qəzet çap olunub tamam

olur.

«Əkinçi» qəzetini hər həftəyə güc ilə düzüb çap edəndən sonra palçıqlı

yollar ilə öküz əzzadəsində kəndə çatdırır. «Tayms» elannamə çap etməkdən hər

gündə 200 manatdan ziyadə alır, amma «Əkinçi» iki illik müddətində bir manat da

almayıb.

«Tayms»ın 100 mindən ziyadə müştərisi var, «Əkinçi» 300 müştəriyə həsrət

çəkir... Bizim bir «Əkinçi» qəzetimiz var və əgər onu çap etmək ixtiyarını

satmağa dursaq, nə ki, ona bir qəpik verən olmaz, hətta onu cəbrən də boynuna

götürən olmaz, tapılmaz... Buna səbəb odur ki, ingilis əhli dünya işində mahir

və hər elmdən xəbərdar olduğuna ...onlar kamallı və xeyirli sözün qədrini bilir

ki, onlardan ol qədər qəzet oxuyan var.

Bəli doğru deyillər ki, zərin qədrini zərgər bilər... Ay qardaşlar, vaxt

keçməmiş səy edin ki, elm təhsil edib zindəganlıq cəngində faiq olasınız, yoxsa

bir qərinədən sonra iş tamam olur... hadisənin əlacını gərək o baş verməzdən əvvəl

edəsən”.

 

«Əkinçi» 1876, N23, 6

dekabr, «Daxiliyyə».

 

Həmin sayın «Təzə xəbərlər» bölməsində məlumat verilir ki, "Rusiyada bəzi

kəndin əhli icma ilə əkin və ziraət edir. İndi «Zemledelçeski qəzeti» yazır ki,

Finlandiya vilayətində 3 il bundan sabiq bir qəryədən 15 külfət birləşib yerlərini

bir ediblər ki, onu birgə əksinlər. Hasilatdan gələn məhsulu öz aralarında

bölüblər. Ol icma bina edənlər elə tavanalı olublar ki, əkin üçün maşınlar gətirdib,

öz uşaqları üçün məktəbxana açıb onun müəlliminə ildə 300 manat verillər. Belə

camaat ilə iş görməyin bir xeyri də budur ki, tənbəl olan kəslər həm gərək işləsin,

yoxsa onlara hissə verməməkdən başqa, calislikdən də xaric edirlər. Nəhayət,

bir kəs həqiqət naxoş olsa, ona hissə verillər”.

 

«Əkinçi» 1876, N23, 6

dekabr, «Təzə xəbərlər».

 

"...Bizim Qurban bayramından murad bu deyil ki, xalq qurban kəsib onun ətini

yeyib kef-damağa məşğul olsun, onun bir əsli, muradı həm var ki, Qurban

bayramını qeyri bayramlardan artıcaq şərafətli edir. Qurban günü tavanalı müsəlmanlar

Məkkəyə cəm olub, bir yerdə ziyarət edib, bir-birinə öz dərd-qəmlərindən xəbər verillər.

Yəni Qurban bayramını artıcaq şərafətli olmağına səbəb oldur ki, bu bayramda

olan ziyarət ittihadi-islama vaisdir. Pəs Məkkəyə getməkdən maraq bir bu deyil

ki, gedib ziyarət edib qayıdasan. Lazımdır ki, oraya cəm olan müsəlmanları

görüb əhvalpürsan olub öz qardaşlarını tanıyıb biləsən. Biz elə avam olmuşuq

ki, nə ki, qeyri tayfaları, hətta öz qardaşlarımızı tanıyıb bilməyə qadir

deyilik. Pəs qardaşlar, məktəbxanalar bina edib oxuyun ki, heç olmasa öz qardaşlarınızın

dilini (burada ərəb-fars dilinə işardir) öyrənib, müsəlmanların ittihadına əməl

edə biləsiniz, yoxsa bizim gözəl Qurban bayramı və Məkkə səfəri ölünün əyninə

geyilən faxır libasa oxşayır. Qurban bayramı və Məkkə ziyarətinin hikməti böyük

olur”.

 

«Əkinçi» 1876, N24, 22

dekabr, «Daxiliyyə».

 

Qeyd: Həsən bəy Zərdabinin «Əkinçi» qəzetində çap olunmuş məqalələri,

yazdığı və ya topladığı xəbərləri «Əkinçi» 1875-1877. Tam mətni transliterasiya

və tərtib edəni: Turan Həsənzadə; Ön sözün müəllifi və redaktoru: Əziz Mirəhmədov,

Bakı, «Avrasiya press», 2005, 496 s. kitabından seçilmişdir.

 

Topladı: Esmira Cavadova, Zərdabişünas

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.