#Müsahibə

“Onlayn təhsil “Skype”, “Zoom” kimi platformalarda aparılmır”

Jul 31, 12:41 / Mənbə: Kaspi.az

Mehman Bədəlzadə:

"Dünyada magistr təhsillərinin 90 faizi onlayn şəkildə təqdim olunur”

  

Ölkəmizdə

fəaliyyət göstərən təhsil müəssisələri indiyə qədər onlayn təhsilə maraq göstərməyiblər,

bununla bağlı hər hansı işlər görməyə meyilli olmayıblar. Ancaq pandemiya

dövründə məcburən buna gedildi. İşin keyfiyyəti ilə bağlı fikirlər, ödənişlərlə

bağlı narazılıqlar da çox oldu. Bu istiqamətə suallar ətrafında "USE Study Group”un rəhbəri Mehman Bədəlzadə

ilə söhbətləşdik.

- Mehman bəy, bizdə onlayn təhsil sistemi yox səviyyəsində

idi. Təhsil müəssisələri pandemiya dövründə məcbur buna getdilər. Sizcə, ümumilikdə

bu keçid necə oldu?

- Bizdə

onlayn xidmətlə bağlı müəyyən işlər görülmüşdü. e.gov və yaxud ASAN xidmətdə bəzi

xidmətlərin onlayn göstərilməsi onlayn təfəkkürün açılması cəhətdən pandemiya

dövründə xırda da olsa, bir təkan rolunu oynadı. Ancaq yenə də onlayna keçid

çox asan olmadı. Çünki insanlar birdən-birə öyrəşmədikləri rejim və üsulla

qarşılaşdılar. Bu problem təhsil sahəsində özünü qabarıq şəkildə göstərdi. Nə

müəllimlər hazır idi, nə şagird və tələbələr, nə də valideynlər. Əslində, bizdə

onlayn təhsilə keçidlə bağlı heç nə edilmədi. Pandemiya dövrü üçün keçici həll

yolu oldu. Burda hər hansı keyfiyyətdən danışıla bilməz. Onlayn tədris belə

aparılmır.

- Yəni bu üsul onlayn təhsil deyil?

-

Birincisi, "Skype”, "Zoom”, "Facebook” və ya bu kimi qrup halında görüntülü

danışıq imkanı yaradan proqramlar üzərindən gündəlik dərs mövzusunu şagirdə, tələbəyə

danışmaq, onları sorğu-sual etmək onlayn təhsil deyil. İkincisi, onlayn təhsil

"Skype”, "Zoom” və bu kimi platformalarda aparılmır. Onlayn təhsillə bağlı

dünya təcrübəsi var, bunu araşdırıb tətbiq etmək olar. Onlayn təhsili təşkil edənin

özünün platforması olur və onun üzərindən aparılır. Dərs materiallarının

toplusu olan dərslik bankları var. Hansı ki, orda əlavə müəllimlərin qeydləri

olur, onları oxuyursan. Şagird və ya tələbənin sinifdən çıxandan sonra müəllimin

keçdiyi dərsi beynində necə canlandırması məsələsi var. Onlayn təhsil onun 80

faizini verməlidir. Onlayn təhsil ciddi işdir. Əgər bu qədər bəsit olsaydı,

bütün xidmət onlaynlaşardı.

- Bizdə bunu daha yaxşı təşkil etmək üçün zaman

olmadığını deyə bilərik?

- Onlayn

təhsilin qurulması nə qısa, nə də uzun zaman işidir. Maddiyata bağlıdır.

Maddiyatınız varsa, qısa zamanda da qurulması mümkündür. Maliyyə azdırsa, daha

uzun çəkəcək.

- Yəqin ki çox maliyyə tələb etdiyi üçün ali təhsil

müəssisələri də bunu qurmağa maraq göstərməyiblər.

- Məsələnin

digər tərəfinə də baxmaq lazımdır. Düzdür, onlaynı formalaşdırmaq üçün kifayət

qədər maddi-texniki bazaya  ehtiyac var.

Çox böyük baza olmasa da, ehtiyac var. Ancaq onlayn sistemi qurmaq universitetə

daha çox tələbə qəbul etmək imkanı verir. Bir universitetdə parta sayı 10 min tələbə

qəbul etməyə imkan verirsə, o qədər qəbul edir. Onlaynda isə, bir fakültəyə də

10 min qəbul etmək imkanı yaranır.

- Ali və orta təhsil istiqamətini müqayisə etsək,

onlayn sistemin işləməməsi ən çox hansına zərər vurdu?

- Hər

ikisində eyni problem yaşandı. Hazırda bu sistemi qurmaq bəsit məsələdir, ancaq

bəzən belə durumlarda geridə qalırıq. Düşünürəm ki, orta məktəb şagirdləri üçün

daha çox problem oldu. Çünki onlar yetişən təbəqədir. Universitetdə oxuyanlar

artıq 18 yaşını tamamlayıblar, onların problemlərini daha bəsit həll etmək

olar. Çünki onlar kamera arxasında daha disiplinli olacaqlar. Orta məktəb

şagirdlərində isə daha köklü şəkildə yanaşıb, həll etmək lazımdır. Əslində çox

zaman aparmayacaqdı, 2-3 ay ərzində də qurmaq olardı. Pandemiyadan öncə bunlar

həll edilsəydi, indi problem də yaşanmazdı. Biz bir neçə dəfə orta məktəblərə

onlayn təhsil sisteminin qurulmasıyla bağlı təklif göndərmişik. Buraya dövlət məktəbləri

də daxildir, özəl də. O qədər də ciddi baxmayıblar.

- Bu təklifləri pandemiya dövründə göndərmisiniz,

yoxsa əvvəl?

-

2016-cı ildə bu təkliflə orta təhsil müəssisələrinə müraciət etməyə

başlamışdıq. 2017-də də eyni şəkildə davam etdik, sonra da. Bu günə qədər hələ

bir cavab gəlməyib. Pandemiya dövründə müraciətimiz olmayıb.

- Pandemiya dövrünə kurslar da tələbələrinə onlayn

təhsil təklif etdilər. Bir qisim əvvəldən imtina etdi, pandemiyadan sonra davam

etmək istədiyini bildirdi. Onlayn tədrisə gedənlərin böyük qismi isə bir neçə dərs

sonra dayandırdı. Dedilər ki, effekt yaxşı deyil. Biz onlayn təhsilə öyrəşməmişik,

yoxsa kursların da təqdim etdiyi onlayn təhsilin keyfiyyəti qaneedici deyil?

- Təbii

ki, bu durumdan ən çox təsirlənən kurslar olacaq. Belə desək, bazarda təklif

çoxdur, ancaq hamısının qiymət və tədris anlayışı onlayn təhsildən uzaqdır.

Kurslarda dərs keçən müəllimlərin onlayn təhsillə bağlı ciddi professional təcrübəsi

olmalıdır. Ancaq onların böyük hissəsi də məktəbdə, universitetlərdə işləyən müəllimlərdir,

onlayn öyrətmə texnikaları olan şəxslər deyillər. Onların treninqi olmalıydı,

sertifikasiyası keçirilməliydi.

- Onlayn təhsil sisteminin olmamasının şagird və tələbələrin

mart ayından bu tərəfə olan təhsildən geri qalmasına səbəb olduğunu deyə bilərik? 

-  Məsələyə həm müəssisə və müəllimlər tərəfindən

baxaq, həm də şagird, tələbə və valideyn tərəfdən. Təklifçi və tələbçi

adlandıraq. Təklifçi deyəcək ki, biz bütün proqramı tələbəyə çatdırmışıq. Tələbçi

isə deyəcək ki, bütün proqram verilsə də, gec alırdıq, düzgün formada

çatdırılmırdı və yaxud bəhanələr də ola bilər. Yarım il müddətində ciddi

problem yaşandığını deməzdim. Çünki bizdə onlayn tədrisin vəziyyəti yaxşı

deyildi və mənə elə gəlir ki, təhsil müəssisələri açıldığında həmin dərsləri

yenidən təkrar etmək məcburiyyətində qalacaqlar. Yarım ilin nəticəsinin necə

olduğunu isə qəbul imtahanlarına düşən fənlərin suallarını abituriyentlərin necə

cavablandırmasına baxaraq qiymətləndirmək olar. Ümid edirəm ki, qısa zamanda auditoriyalarda

dərslərə davam ediləcək. Ancaq pandemiya təhsil müəssisələrimiz üçün bir dərs

verdi ki, hər duruma hazır olmaq lazımdır. Onlayn sistemi qurmalıdırlar.

- Teledərslərin keyfiyyəti qaneedici oldumu?

- Onlayn

təhsildənsə, teledərslər maraqlı idi. Üzərində işlənsəydi, daha effektiv

olardı. Bu, tələbənin qavramasına daha çox kömək edir, nəinki "Zoom” arxasında

öyrənmək. Eyni zamanda teletəhsildə 15-20 müəllim yığıla bilərdi və onlara

birbaşa suallar verilmə imkanı yaradılardı. Ancaq sırf material anlatmağa

fokuslandılar. Yenə də o birilərdən effektli idi.

- Şagirdlərin valideynləri də çox əziyyət çəkdilər,

məlumatsız olanları da az deyildi. 

- Onlayn

təhsil platformasında, şagirdlə yanaşı, hər bir valideynə də hesab açılır.

Valideyn hesabına daxil olmaqla övladının gündəlik dərs prosesini izləyir. Bunu

hazırlamaq üçün valideynlərə treninq keçirilməliydi. Valideynləri qınamaq da

olmur. Deyək ki, orta məktəbi 80-ci illərdə bitirib, övladı məktəblidir və indi

onlayn təhsil almalıdır. Onlayn təhsillə bağlı bazası, hər hansı məlumatı

yoxdur ki, övladına kömək etsin. Bu səbəbdən tədris verən müəssisələr birləşib

bir platforma yaratmalı və onun təqdimatını insanlar üçün geniş şəkildə

aparmalıdırlar. Hər bir keçidin qayda və üsulları var. Bu qaydalara riayət etməyəndə,

xaos yaranır. İndiki vəziyyət odur, təhsildə ciddi axsama var, bu da təhsil işçilərinin

boynundadır.

- Bu müddətdə universitetlərlə tələbələr, özəl orta

təhsil müəssisələri ilə valideynlər arasında problem yaşandı. Xidmət verən tərəf

bildirdi ki, onlayn təhsil aparılıb, ödəniş edilməlidir, valideynlər isə təhsilin

keyfiyyətindən narazı idilər, üstəlik ödənişin onlaynda əvvəlki qədər olmamalı

olduğunu deyirdilər. Sizcə, burada məsələ necə tənzimlənməliydi?

- Təhsil

müəssisələri açıq kartlarla danışmalıdırlar ki, bizim tədris xərcimiz bu qədərdir,

tədrisdən əlavə xərclərimiz filan qədər. Dünya təcrübəsində tədris xərci ilə əlavə

xərclər ayrı göstərilir. Valideynlərə bildirilməlidir ki, əlavə xərcdən nələr

ödənilməlidir, nələr yox. Bizim xaricdə təhsil alan tələbələrimiz var. Mart

ayından ölkəyə qayıtdılar və təhsillərini onlayn aldılar. Aprel, may ayına görə

hesablamalar oldu, qalmaq, məktəbdə yemək və s. xərcləri hesabdan çıxıldı, geri

qalan hissəni ödədilər. Proses bu şəkildə getdi. Orta təhsil

müəssisələri verdikləri təhsilin keyfiyyətli olduğunu iddia edirlərsə, öz təhsil

sistemlərini bir daha nəzərdən keçirməyi məsləhət görərdim. 

- Ölkədə olmasa da, xaricdə onlayn ali təhsil almaq

imkanları var. Maraqlıdır, gənclərimiz buna nə dərəcədə maraq göstərirlər?

- Onlayn

təhsilin üstünlüyü odur ki, sən ölkədəki işinə davam edə-edə xaricdə təhsil

alırsan, özünü inkişaf etdirirsən. Ancaq xaricdə alınan onlayn təhsil

diplomlarının bizdə dövlət və şirkət tərəfindən necə qəbul olunması məsələsi

var. Təhsil Nazirliyi tələbələrin onlayn təhsil diplomunu sertifikasiya etmir.

Buna görə də hazırda problem yaşanır. İnsanların çəkindiyi nöqtə budur. Dünyada

magistr təhsillərinin 90 faizi onlayn şəkildə təqdim olunur. İnsanlar

yavaş-yavaş buna gedirlər. Bizdə də bu, formalaşdırılmalıdır.

- "İndi bilik və bacarıq dövrüdür, sertifikat və

diplom yox” yanaşmasıyla xaricdə onlayn magistr təhsili alanlar da var.

- Düzdür, bilik və bacarıq zamanıdır və sertifikat önəm kəsb etmədiyi

dövrə keçirik. Ancaq dünya ölkələrində belə praktika var ki, dövlət nəyi təsdiq

edirsə, ona daha çox inanırlar. Bu təsdiq olmayanda, düşünürlər ki, bu, hər

hansı fırıldaqdır, yaxud lazımsızdır. Özəl şirkətlər işə qəbulda o diplomun təsdiq

olunub-olunmadığına fikir verməyə bilərlər, ancaq dövlət işinə qəbulda artıq

bu, sədd ola bilər.

- Növbəti tədris ilinin əvvəlində təhsil müəssisələrinin

açılıb-açılmayacağı hələ dəqiq deyil. Sizcə, növbəti dövrə necə hazırlaşmaq

lazımdır?

- Növbəti

tədris iliylə bağlı ilk plan bu gün yaşanan vəziyyəti ciddi şəkildə analiz etmək

olmalıdır. Gələcəkdə bu və ya buna bənzər vəziyyətlər yarananda, hazırlıqlı

olsunlar. Əgər sentyabrda auditoriyada təhsil başlansa, pandemiya dövründəki

problemlər hamının yadından çıxacaq. Bir daha məsələyə qayıdılmayacaq. Martdan

bu yana təhsil müəssisələrinin prosesin üstünə düşmək üçün kifayət qədər

vaxtları oldu ki, sentyabr ayında ciddi onlayn tədris verə bilən platformalar və

ya tədris mərkəzləri yaratsınlar. Buraya kurslar da daxildir. Bəlkə də edirlər,

hələ açıqlama verilmir. Ancaq hələ ki nəticə yoxdur. 7-8 ildir ki, dünyada

onlayn təhsilə üstünlük verilirsə, biz də 

bundan kənarda qalmalı deyilik.

Aygün

Asimqızı

 

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.