#Mədəniyyət

Milli kinomuz 123 yaşına böyük ümidlərlə daxil olur

Jul 31, 12:39 / Mənbə: Kaspi.az

Mütəxəssislər deyir ki, son

illər kino sənayesində müəyyən uğurlarımız olsa da, hələ çox az yol qət etmişik

 

Kino danışan və hadisələri

ekran vasitəsi ilə göstərən bir aləmdir. Elə bir aləm ki,  hərdən onun qəhrəmanlarının yerində olmaq,

dünyanı xilas etmək istəyirsən. Kinonun gücü ifadə edilməyəcək qədər geniş və təsirlidir.

Bəzən çökmüş bir insanı ayağa qaldırar, bəzən isə bir ordunu ruhlandırar. 2001-ci ildən ulu

öndər Heydər Əliyevin sərəncamı ilə avqustun

2-si Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur. Hər kəsə bəllidir ki, Azərbaycan

kinosunun tarixi heç də yaxın keçmişə dayanmr. Tarixə boylananda, hər zaman

bizim dəyərli, keyfiyyətli filmlərimizin olduğunun şahidi oluruq. Bu gün də

barmaqla sayılası sanballı filmlərimiz var, amma prodüser qıtlığından onların nəinki

dünyada, heç öz ölkəmizdə reklamı ilə məşğul ola bilmirik. Ancaq bu, müasir

filmlərimizin çəkilməməsi anlamına gəlmir. Azərbaycanda kino sənayesində

çalışan və bu işdə ömrünü fəda edən  sənətkarlarımız

az deyil. Onlarla milli kinomuzun perspektivi və hazırki durumu barədə danışdıq. 

Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov cəmiyyətimizdə kinoya ictimai və sosial marağın ötən illərdəkindən daha

yüksək olduğunu bildirdi: "Azərbaycan kinosuna ümidlərimiz çox böyükdür. Gənclərimizin

kino qavrama potensialı yüksəkdir. Kino kimi vizual mədəniyyətə bu gün böyük

bir ehtiyac yaranıb. Bu çox sevindirici haldır. Çünki cəmiyyətin istəyi və tələbatı

olmasa, heç bir sahə inkişaf edə bilməz. Bu gün ictimaiyyət arasında kinoya

maraq kifayət qədərdir.  Ümidliyəm ki,

yaxın illərdə "Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazası düzələcək

və yeni keyfiyyətli filmlər çəkiləcək. Biz həm Azərbaycana, həm də dünyaya gözəl

kino nümunələri təqdim edə biləcəyik. Müstəqil Azərbaycan kinosunda müəyyən  mərhələləri keçib uğurlar əldə etmişik. Əlbəttə

ki, biz bundan daha yüksək və gözəl nəticələr istəyirik və bu nəticələr uğrunda

da çalışacağıq". 

Xalq artisti Qurban İsmayılov Azərbaycan kinosunun müasir incilərinin sayının çox olmasını arzulayır:

"Kəmiyyət çox olanda, onların arasından daha yaxşılarını seçmək də asan

olur. Biri var 10 filmin arasından ən yaxşısını seçəsən, biri də var ki, 2

filmin. Azərbaycanın bugünkü filmləri qənaətbəxşdir. Yəni demək olmaz ki, film

cameəmiz tamamilə inkişafdan dayanıb. Ola bilsin ki, çəkilən filmlərimizin təbliğatı

aparılmır. Amma əslində yeni çəkilən əksər filmlərimiz beynəlxalq festivallarda

iştirak edib, mükafata layiq görülürlər. Bu istiqamətdə gənclərin rolu

böyükdür. Kino sahəsində çalışan istedadlı gənclərimiz kifayət qədərdir. Hətta sentyabrda

keçiriləcək 77-ci Venesiya Film Festivalının əsas müsabiqəsində azərbaycanlı rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında”

filmi yer alıb. Bundan başqa, Rüfət Həsənovun "Daxildəki

ada" filmi avqustda beynəlxalq festivalda iştirak edəcək. Əslində bunlar

böyük bir nailiyyətdir. Təkcə adını qeyd etdiklərim deyil, bundan öncə çəkilən  "Nar bağı", "Nabat",

"Çölçü", "Axınla aşağı" və digər filmlərimiz bir çox tanınan,

beynəlxalq festivallarda iştirak edib. Sonra da deyirlər ki, Azərbaycanda film

çəkilmir. Əgər çəkilmirsə, bu festivallarda iştirak edən filmləri kimlər çəkir?

Sadəcə olaraq, çəkilən filmlərimizin təbliğatı zəifdir. Bu filmlər Azərbaycanda

çox az təbliğ olunub. Sovet dövründə çəkilən filmlər davamlı olaraq efirdə

nümayiş olunur, kinoteatrda göstərilirdisə, indi çəkilən filmlər festivallara

göndərilir. Festivalların da şərtləri ondan ibarətdir ki, bu filmlər heç bir şəbəkədə

nümayiş olunmamalıdır. Bundan başqa, həmin filmlər nə kinoteatrlarda, nə də

televiziyada nümayiş olunur. Eybi yox, təki, dünya kino festivallarında azərbaycanlı

rejissorların adları çəkilsin və bu, kiçik bir şey deyil. Azərbaycanın adının

dünya kinosunun siyahısına düşməsi bizim kinomuzun uğurudur.  Bu o deməkdir ki, Azərbaycanda kinonu başa

düşən, kino çəkməyi bacaran insanlar var. Kinonu hər adam çəkə bilmir. Kino çəkmək

üçün yüksək təfəkkür, düşüncə, savad və intellekt lazımdır. Qarşıdan gələn

Milli Kino Günü münasibəti ilə intellektli, yüksək əqidəli rejissorlarımızı,

aktyorlarımızı, eyni zamanda bu sahədə çalışan hər kəsi təbrik edirəm". 

Əməkdar artist Azad Şükürov kinomuzun həm rejissura, həm də yaradıcılıq baxımından Şərq ilə Avropa

kinosu arasında bir mövqedə dayandığını bildirdi: "Milli Kino Günü münasibəti

ilə bütün kino xadimlərimizi ürəkdən təbrik edirəm. Azərbaycan  kinosunun inkişafında zəhməti olan hər kəsə

bu təbrikdən pay düşür. Milli kinomuzun 

avqustun 2-də bayram kimi qeyd olunması ümummilli liderimiz Heydər Əliyevin

kinoya, mədəniyyətə olan diqqəti sayəsində baş verib. Azərbaycan kinosunun hər

zaman özünəməxsus dəst-xətti olub. Heç kəsə sirr deyil ki, son illər kinomuz

sanki öz tempindən geri qalıb. Hər halda bu vəziyyət kinonu sevən insanların ürəyincə

deyil. Burda kimisə şəxs olaraq günahlandırmaq fikrində deyiləm. Söhbət ondan

gedir ki, biz bir yerə toplaşıb kinomuzun inkişafı ilə məşğul olmalıyıq. Heç

olmasa, 70-ci illərdəki Azərbaycan kinosunun vəziyyətinə gətirə bilsək, böyük

iş görmüş olarıq. Bunun üçün hər cür potensiala malik sənətkarlarımız var. Gənclərimizin

çoxunu yaxından tanıyıram. Kifayət qədər dəst-xətti, sözü və münasibəti olan, vətənini

sevən gənclərimiz var. Bu barədə düşünmək lazımdır. Bəzən hansısa bir dərdi,

hansısa problemi böyük konfranslarla, məqalələrlə geniş tamaşaçı kütləsinə

çatdırmaq çətin olur, nəinki kino ilə".

A.Şükürov kinonun bu günkü gücündən danışaraq

onun nələrə qadir olduğunu qeyd etdi: "İkinci dünya müharibəsində yəhudilərin

başına gətirilmiş hadisələri Stilberq kinoya köçürdü. Filmi dünyanın müxtəlif

ölkələrində nümayiş etdirdi. Onlar bütün dünyaya sübut etdilər ki, yəhudilər İkinci

dünya müharibəsində əzab çəkiblər. Onlara 

qarşı soyqırımı həyata keçirilib. Həmin kinonun dili ilə öz problemlərini

göstərmiş oldular. Bu mövzuda çəkilən filmlər dünyanın ən böyük film mükafatı

olan "Oskar"a layiq görüldü. Yəni deməyim odur ki, biz kino mədəniyyəti,

estetikası ilə bütün dünyaya öz problemlərimizi göstərə bilərik. Qarabağ münaqişəsi,

Xocalı faciəsi, Aprel döyüşləri kimi mövzularda filmlər çəkib, bütün dünyaya

nümayiş etdirmək olar. Bu, seminarlar, çıxışlarla səsimizi dünyaya çatdırmaqdan

daha effektlidir. Bu yöndə kinonun gücü çox böyükdür. Təəssüflər olsun ki, həmin

gücdən səmərəli istifadə edə bilmirik. Bizim bəlamız burdadır. Haqqında ssenari

yazılmağa layiq hadisələr başımıza gəldiyi halda, onların heç birini normal səviyyədə

ekranlaşdırmamışıq. Bu sahədə müəyyən cəhdlər olub. Amma çox az yol qət

etmişik. Biz Azərbaycan kinosunu inkişaf etdirmək üçün ciddi işlər görməliyik.

Demirəm ki, bu sahədə uğursuzuq, əsla. Müəyyən 

uğurlarımız var. Məsələn, son illər çəkilən film və seriallarımızın

milli kinonun inkişafı üçün müstəsna rolu var. Ancaq daha böyük işlərə ümidliyik,

ümid isə sonda ölür".

Filmləri beynəlxalq

festivallarda iştirak edən və xaricdə təhsilini davam etdirib ölkədə yeni filmlər

çəkən gənc rejissor Amil Məmibəyli də həmkarlarını təbrik edib, kinonun

bugünkü durumundan danışdı. Gənc rejissor Azərbaycan kinosunun uğurunu  beynəlxalq kino təşkilatlarına üzv olmaqda

görür: "Əsas gözləntilərimdən biri EURİMAGES kimi təşkilata üzvlüyü, nəhayət

ki, qəbul etməkdir. Bundan əlavə, nazirlik tərəfindən filmlərə ayrılan vəsaitlərin

tender yolu ilə, düzgün proqramlarla həll olunması vacibdir. Ən azı, Avropa təcrübəsini

götürə bilərik. Ortada heç bir xidməti olmayan və işdən xəbərsiz olan bəzi kino

məmurlarının vasitəçiliyini aradan qaldırmaq lazımdır. Yeni sistem və bu

sistemi çalışdırmaq üçün perspektivli gənc kadrlara ehtiyac var. Kinoyla məşğul

olan, xaricdə təhsil almış kinematoqrafçıları kinodan küsdürmək yox, onları

birbaşa bu işə sövq etmək lazımdır. Karantin dövründə Moskva təhsilli Rüfət Həsənovun

"Debüt” studiyasında təşkil etdiyi onlayn master-klasslar və özünün nüfuzlu

festivalda iştirakı onu göstərdi ki, bu işi bu işdən başı çıxanlar və ancaq təhsilli

gənclər görə bilər. Bu gün mən qarışıq, xaricdə təhsil alan gənclərin çoxu

başqa işlərlə məşğuldur. Halbuki, içimiz aşıb-daşır. Hazırda Moskva təhsilli

rejissorlar olan bizlər - Məzahir Həşimov, Ayşad Səfərəliyev, mən hələlik gözləmə

mövqeyindəyik. Bu şəxslər şəxsən yaxından tanıdığım rejissor dostlarımdır.

Onlarla belə gənc rejissorlar var. Ümid edirik ki, Mədəniyyət Nazirliyinin yeni

rəhbərliyi qurduğu yeni sistemlə bütün bu nöqsanları aradan qaldıracaq,

boşluqları dolduracaq. Bir neçə gün əvvəl Hilal Baydarovun filminin uğurunu

hamımız gördük. O uğur ki, Azərbaycan kino tarixində bir ilkdir və deyərdim ki,

hələ beləsi olmamışdı. Halbuki, bu işin hazırki Azərbaycan kino sistemi ilə bir

əlaqəsi yoxdur. Bu mənada, Hilal Baydarova böyük bir təşəkkür düşür. Yuxarıda

adını çəkdiyim təşkilata üzvlüyün bərpası baş tutsa, kinomuz həm mövzu sərbəstliyi

qazanar, həm də "məmur kinosu”ndan azad olarıq. Bu da dünyanın ən nüfuzlu

festivallarına bizlərin də ayaq açmasını sürətləndirəcək. Buna çox inanıram".

 

Xəyalə Rəis

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.