Düşmənə qan udduran kəşfiyyatçı əsgər - FOTOLAR
Mar 06, 10:24 / Mənbə: Kaspi.az
Ordudan tərxis olunmasına 3 gün qalsa da, Bayram
Məmmədov evə dönməyi deyil, döyüşlərə qatılmağı üstün tutub
Vətən Müharibəsi başlayanda
əsgər Bayram Məmmədovun hərbi xidmətini başa vurmasına 3 gün qalmışdı. Cəmi 3
gün sonra tərxis olunacaq, yolunu gözləyən, onu min bir əziyyət və
məhrumiyyətlə böyüdüb boya-başa çatdıran anasının yanına qayıdacaqdı.
İşləyəcək, anasına dəstək olacaq, ötən bir il altı aylıq xidmət müddətində
qurduğu xəyalları gerçəkləşdirəcəkdi. Lakin müharibə bu arzuların reallığa
çevrilməsinə imkan vermədi. Bayram, onu dünyaya gətirən anasını, qardaşını ata
əvəzi bilən bacısını gözü yolda qoyub darda olan Ana Vətənin harayına yetişdi.
Kəşfiyyatçı əsgər kimi ön cəbhəyə atıldı, erməni işğalçılarına qarşı rəşadətlə
vuruşaraq şəhidlik zirvəsinə ucaldı.
Uşaqlığını, yeniyetməliyini ailə qayğılarına qurban
verdi
Öz davranışı, xarakteri,
bacarığı ilə əsgər və döyüş yoldaşlarının, hərbi komandanlığın yaddaşında dərin
iz buraxan Bayram Elnur oğlu Məmmədovun qısa tərcümeyi-halı var. O, 11 mart
2001-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Hələ körpə
yaşlarında olarkən valideynləri ayrılan Bayram, bacısı ilə birlikdə anasının
himayəsində yaşayıb. Ailənin sosial durumu yaxşı olmadığı üçün o, orta təhsilini
yarımçıq saxlayıb, anası ilə birlikdə təsərrüfatda çalışıb. Beləliklə də, hələ
uşaq yaşlarından çiyinlərinə ailə qayğısı yüklənib. Uşaqlığını, yeniyetməliyini
unudan Bayram çox çətinliklərlə üzləşib, həyatın sərt sınağına çəkilib. Bütün
bunlara rəğmən, o, əziyyətlərə qatlaşmağı, mərdliklə ayaqda durmağı,
sınaqlardan üzüağ çıxmağı bacarıb. 18 illik enişli-yoxuşlu ömründə 40 yaşlı
ailə başçısının ömrünü yaşayıb, qayğılarını çəkib, möhkəmlənib Bayram. 2019-cu
il aprelin 2-də əsgərliyə yollanıb. Abşeron rayonunun Pirəkəşkül qəsəbəsindəki
"N” saylı hərbi hissədə həqiqi hərbi xidmət etməyə başlayıb.
Komandanlığın diplomlarına layiq görüldü
Həyat imtahanından üzüağ
çıxan, möhkəm xarakterə sahib olan Bayramın qətiyyəti, nizam-intizamı,
mərdliyi, silah-sursatla davranış qaydalarını dərindən mənimsəməsi
komandanlığın diqqətini çəkib. O, hərbi andı qəbul etdikdən sonra gənc əsgərlər
bölüyündən birbaşa kəşfiyyat bölüyünə cəlb edilib. Həmin vaxtdan etibarən
kəşfiyyat bölüyündə xidmətini davam etdirib. Kəşfiyyatçılardan yüksək mənəvi,
psixoloji, döyüş keyfiyyətləri və peşəkarlıq, eləcə də bölmələrin döyüş
uzlaşması tələb olunur. Buna görə də Bayram digər əsgər yoldaşları kimi
davamlı təlimlərə, taktiki-texniki dərslərə cəlb olunub. Xidmət müddətində
özünü bacarıqlı kəşfiyyatçı əsgər kimi göstərib. Şərti düşmən ərazisinə
soxularaq onun canlı qüvvə və hərbi texnikasının yerinin və sayının
müəyyənləşdirilməsi, kəşfiyyat məlumatlarının əldə edilərək komandanlığa
çatdırılması kimi çoxsaylı təlimlərdə əsgər Bayram Məmmədov xüsusilə fərqlənib.
Hərbi hissə və korpus komandanlığının təşəkkürünə, diplomlarına layiq görülüb.
29 günlük döyüş yolu
Vətənpərvərlik ruhunda
tərbiyə alan, mənəvi-psixoloji durumu yüksək olan Bayramı torpaqlarımızın
Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi faktı daim narahat
edib. Hər bir azərbaycanlı gənci kimi o da bu işğala son qoyulmasını, ərazi
bütövlüyümüzün təmin olunmasını istəyib. Məhz bu istəyi reallaşdırmaq üçün də
Vətən Müharibəsinin iştirakçısına çevrilib. Düşmənin bütün cəbhə boyu hücum
cəhdinə cavab olaraq Silahlı Qüvvələrimizin əks-hücuma keçməsi xəbərini
hərbi-hissə komandanlığı şəxsi heyətə çatdırandan sonra Bayram Məmmədov da önə
çıxaraq döyüşlərə qatılmaq istədiyini bildirib. 2020-ci il sentyabrın 27-dən
oktyabrın 25-ə kimi – şəhid olduğu günə qədər bir çox döyüşlərdə, o cümlədən
Füzulinin, Xocavəndin yaşayış məntəqələrinin erməni qəsbkarlarından azad
edilməsi əməliyyatlarında iştirak edib, kəşfiyyatçı və atıcı olaraq döyüş
şücaəti göstərib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin
imzaladığı sərəncamlarla Bayram Məmmədov ölümündən sonra "Füzulinin azad
olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif olunub.
"Özünü deyil, daim məni, bacısını düşünürdü”
Şəhid
Bayram Məmmədovun anası Gülnarə xanım bizimlə söhbətində oğlunun
hələ uşaq yaşlarından çox çətinliklər gördüyünü, onunla birlikdə ailənin
qayğısını çəkdiyini söylədi. Bildirdi ki, Bayram ailəsinə sahib çıxan,
bacısının təəssübünü, qeyrətini çəkən oğul olub: "Bacısının xoşbəxt olmasını,
bizim çəkdiyimiz əziyyəti onun da çəkməsini istəmirdi. O, bacısına qardaş
deyil, ata əvəzi olmuşdu. Əsgərliyə gedəndən cəmi bircə dəfə evə gəlmişdi. Onda
da bacısının toyu idi. 2019-cu il dekabrın 22-də bacısının toyuna çatdırmışdı
özünü. Yaşadığımız çətin günlərdən sonra ailəmizdə baş verən bu xoşbəxt
hadisəyə çox sevinirdi. Bacısının toyundan dərhal sonra hərbi xidmətinə
qayıtdı. O, 18 il yanımda böyüdüyü vaxtlarda olduğu kimi əsgərlikdə olduğu
müddətdə də mənə narahatlıq, çətinlik yaşatmadı. Yanımda olanda mənə kömək,
həyan oldu. Həyatdan əlimi üzəndə, gücüm, səbrim tükənəndə, mənə qol-qanad,
sabaha ümid oldu. Yaşadığım çətinliklərin qarşılığında övladlarımı Allahdan
özümə böyük pay, mükafat bildim. Onların gələcəyi üçün hər çətinliyə dözdüm.
Qohum-qonşular, məktəbdə müəllimləri də həmişə Bayramdan razılıq etdilər.
Ağlına, qanacağına, fəhminə görə, ən əsas da, mərd və həssas ürəyinə görə hamı
ona hörmət edirdi. O, özünü deyil, daim məni, bacısını düşünürdü”.
Şəhidlər öz qanları ilə tarix yazdılar
Şəhid anası deyir ki,
Bayramın müharibəyə getdiyini, savaşa qatıldığını şəhid xəbəri gələnə qədər
bilməyiblər: "Vətən Müharibəsində döyüşün, odun-alovun içində olan balam fürsət
tapan kimi bizimlə əlaqə saxlayırdı. Biz müharibə getdiyini deyib
narahatlığımızı çatdıranda, bildirirdi ki, Bakıdadır, təlimlərdə iştirak edir.
Narahat olmayaq deyə, bildirmirdi ki, müharibədədir. Şəhid olandan sonra döyüş
yoldaşları mənə bildirmişdilər ki, Bayram ilk günlərdən müharibəyə qatılıb,
şəhidlik zirvəsinə ucaldığı ana qədər də ermənilərə qarşı vuruşub. Döyüş
yoldaşları da oğlumdan çox razılıq edirdilər. Oğlumun ürəklə döyüşdüyünü,
erməni hərbçilərini, onların texnikalarını məhv etdiyini deyirdilər. Hətta
özünün həyatını təhlükəyə ataraq yaralı əsgər yoldaşlarını güllə, mərmi yağışı
altından, döyüş meydanından çıxardığını söyləyirdilər. Özü də Bayram bir dəfə
deyil, bir neçə dəfə bunu edib. Öz həyatı bahasına onların həyatını xilas edib
oğlum. Ona görə də oğlumdan, onun şücaətindən ağızdolusu danışırlar. Bayram öz
döyüşkənliyi, bacarığı ilə çox kömək edib hərbçi yoldaşlarına. Onun şəhid
olması xəbəri məni və bizi tanıyanları çox sarsıtdı. 19 yaşlı balam arzularına
çatmadan həyata gözlərini yumdu. Bu, mənim ürəyimi yandırır. Amma
torpaqlarımızın işğaldan azad olunduğunu, oğlumun Allah yanında müqəddəs bir
mərtəbəyə - Şəhidlik zirvəsinə ucaldığını düşünəndə, bayrağımızın
yüksəkliklərdə, o cümlədən Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda dalğalandığını
görəndə təskinlik tapıram. Hər necə olsa da anayam, bir gözüm gülürsə, bir
gözüm ağlayır. Övlad itkisi ilə barışmaq çox çətindir. Allah bütün
şəhidlərimizə rəhmət eləsin, başımız sağ olsun. Şəhid anası kimi onların
valideynlərinə səbir diləyirəm. Şəhidlər öz qanları ilə tarix yazdılar, tək
bizim deyil, bütün xalqın övladı olduqlarını sübut etdilər. Qazilərimizə də
Allah şəfa versin. Allah bundan sonra xalqımızı müharibə ilə sınağa çəkməsin,
itkilər yaşatmasın”.
Rufik İSMAYILOV
Xəbərin mənbəsi: Kaspi.az