Futbol meydanını döyüş meydanına dəyişən hakim
Mar 06, 09:45 / Mənbə: Kaspi.az
Kamal Umudlu: "Müharibədə
döyüşçülər arasında ailədən də ötə bağ yaranır”
Futbol
hakimidir, onu daim futbol meydançasında görürük. O da bu işindən zövq alır və
özünü futbol meydançasında xoşbəxt hiss edir. Ancaq İkinci Qarabağ Savaşı
başlayanda, o, özünü futbol meydançasından çox, döyüş meydanında görür və buna
görə sentyabrın 30-u səhər saat 7-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinə zəng vurur və elə həmin gün də döyüşdə iştirak etmək üçün yola
düşür. Söhbət futbol hakimi Kamal Umudludan
gedir.
Redaksiyamızın
qonağı olan K.Umudlu ilə İkinci Qarabağ Savaşı dövründəki 93 günlük hərbi
xidmətindən danışdıq.
Bildirək
ki, K.Umudlu 1995-ci il iyulun 9-da Bakı şəhərində anadan olub. Əslən Qazax rayonundandır.
Orta təhsilini Xətai rayonunda yerləşən Ədalət Abbasov adına 257 saylı tam orta
məktəbdə alıb. 2012-2016-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasında futbol ixtisası üzrə təhsil alıb. Təhsil aldığı müddətdə uşaq
liqalarında köməkçi hakim kimi iştirak edir. Təhsilini başa vurduqdan sonra
hərbi xidmətə yola düşür. Qayıtdıqdan sonra isə öz mövqeyini baş hakimliyə
dəyişir.
"Çağırışı gözləyə bilmədim”
K.Umudlu
döyüşə könüllü yollananlardandır. Deyir ki, müharibə başlayandan cəbhədə deyil,
evdə olmağı ona narahatlıq verirmiş: "Uzun illər idi ki, hər birimiz
torpaqlarımızın azad olunmasını istəyirdik. Bu müharibədə də belə bir şansımız
yaranmış olurdu. Sentyabrın 27-si səfərbərlik elan olunandan sonra bir neçə
yaxın dostuma çağırış gəldi və onlar döyüşə yola düşdülər. Cəbhədə döyüş gedəndə,
bəzilərinin ön cəbhədə düşmənlə üzbəüz
olduğu vaxtda evdə oturmağım mənə narahatlıq verirdi. Evdə deyirdim ki, mən
getmək istəyirəm. Amma sentyabrın 25-i futbol çempionatımızda oyun idarə etmişdim.
Oyun bitəndən sonra başım bir neçə gün də oyunla bağlı bəzi proseslərə qarışdı,
amma yenə də narahat idim. Sentyabrın 29-u uşaqlıq dostum Famil də yola düşdü,
həmin gün düşündüm ki, ən yaxınlarım gedib, mən hələ burdayam. Sentyabrın 30-u
səhər tezdən 7-də səfərbərlik xidmətinə zəng vurdum, həmin gün günorta artıq
döyüşdə iştirak üçün yola düşdük”.
Kamalın
ailəsi onun döyüşdə iştirak etmək istəyini normal qarşılayır: "Atam ehtiyatda
olan hərbçidir. Deyirdi ki, çağırış olanda, hər birimiz gedəcəyik. Dedi ki, 1-2
gün səbir et, çağırış olmasa, özün müraciət edərsən. Amma çağırışı gözləyə
bilmədim. Gəlməyə, yaxud gec gələ bilərdi. Atam da, anam da normal
qarşıladılar, dedilər ki, ürəkdən istəyirsən, get”.
"Vətən sevgisi qorxu hissini üstələyir”
Kamal
bildirdi ki, kənardan təsəvvür etməklə, müharibənin içində olmaq tamam başqadı:
"İlk olaraq Goranboy tərəfdən Ballıqaya ərazisinə yaxınlaşanda, mərmilərin,
topların səsləri gəlməyə başladı və müharibənin içində olduğumuzu hiss edirdik.
Ballıqayaya yaxınlaşanda, hər birimizə 3 giliz təqdim olundu. Hər birinin
üstündə ad-soyadımız və bir nəfərin əlaqə nömrəsi yazılır. Düşündük ki, bunun
biri bəsdir, niyə üçünü verirlər? Amma bunların hər birini fərqli ciblərimizə
qoymağımızı istədilər. Səbəbini soruşduq, cavab belə oldu ki, döyüş meydanında
nə olacağı bilinmir, ona görə bu məlumatlar bir neçə cibinizdə olsun. Bu, müharibə
ilə bağlı çox fikir demiş olur”.
Kamal
deyir ki, hər insanda qorxu hissi olur, amma vətən sevgisi bu hissi üstələyir:
"Mən döyüşə artilleriyaçı kimi qatılmışdım. Artilleriya döyüşdə nə qədər önə
getsə də, döyüşçülərlə müqayisədə arxa cəbhədə olur. Ona görə, tam ön cəbhədə
deyildik, amma aramızdakı məsafə çox qısa idi, orda olan məlumatlar birinci
bizə gəlirdi. Hər an şahidi olduğumuz hal döyüş yoldaşlarımızın qorxmazlığı ilə
bağlı olurdu. Kimsə heç nədən qorxmadığını deyirsə, buna inanmıram. Normal
insanda qorxu hissi olur. Amma döyüş meydanında bu, fərqli olur. Burda vətən
sevgisi var. Vətən sevgisi qorxu hissini üstələyir, buna görə, döyüş meydanında
qorxu hissi tamam itir. Belə nümunələr var idi ki, düşmən minomyot mərmiləri atan
zaman bizim əsgərlər geriyə deyil, irəli doğru qaçırdı. Ölümdən deyil, ölümə
doğru qaçırdılar. Döyüşçülərimizdən eləsi var idi ki, qolunun birini itirirdi,
yenə irəli doğru qaçırdı, düşmən üzərinə gedirdi. Bu, mərdliyin, igidliyin,
cəsurluğun ən böyük göstəricilərindən biridir”.
"Bir-birimizlə hallaşmışdıq”
K.Umudlunun
sözlərinə görə, düşmənin kapitulyasiya aktını imzaladığı gecə çox böyük
əməliyyata hazırlaşırmışlar: "Əməliyyatların ağırlığını, orda döyüşçüləri nələr
gözlədiyini öncədən də təxmin etmək olur. Sonuncu belə əməliyyata noyabrın 9-u
hazırlaşdıq. Komandanlıq tərəfindən bizə hücum əmri verilmişdi ki, tam hazır
vəziyyətdə gözləyin, bu gecə böyük əməliyyat olacaq, daha irəliyə doğru
gedəcəyik. Həmin gün yoldaşlarımızla yatmadıq, əmr gözləyirdik. Elə bir
əməliyyat idi ki, orda hər şey ola bilərdi, qayıtmamaq da var idi.
Bir-birimizlə hallaşmışdıq. Həmin gecə düşmən kapitulyasiya aktını imzaladı və
təslim oldu. Müharibə belədir, bir saat sonra nə olacağı ilə bağlı
qeyri-müəyyən düşündüyümüz vaxtda düşmən təslim oldu”.
Müharibə
bitəndən sonra xidmətdə qalanlardan biri də Kamal olur. Döyüş olmadığı üçün boş
vaxt da yaranırmış. Deyir ki, bu dövrdə kitab oxumağa vaxt ayırırmış: "Müharibə
bitdikdən sonra müəyyən qədər vaxtımız
olurdu. Hər kəsin öz məşğuliyyəti var. Kimi internetə daxil olurdu, kimi kitab
oxuyurdu, kimlərsə də başqa nələrsə. Mən kitab oxuyurdum. Məndə hakimlik
peşəsinə böyük sevgi var. Bu işdə daim özünü təkmilləşdirməlisən. Oyun
qaydaları kitabı var, hər il orda yeniliklər olur. O kitabı əldə etmişdim. Boş
vaxtlarımda oxuyurdum”.
"Ən yaxınlarım bilirdi, bir də sənə deyirəm”
Kişilərin
dostlarının bir qismi hərbi xidmət yoldaşları olur. Kamalın da hərbi xidmətdən
qazandığı dostları var. Amma deyir ki, müharibənin dostluqları isə bir
başqadır: "Hərbi xidmətdə qazandığım dostlar var, hazırda da əlaqə saxlayırıq,
görüşürük. Ancaq müharibə dövrünün dostluqları bir az başqa olur. Sakit dövrdə
hərbi xidmətdə olanda, düşünürsən ki, bir yerdəyik, bir il, il yarım sonra sən
də, yoldaşların da evinə qayıdacaq. Lakin müharibə dövründə yanında olanlardan
kimlərin sağ qalıb-qalmayacağını, bir neçə dəqiqə sonra başına nə gələcəyini
bilmirsən. Müharibədə döyüşçülər arasında ailədən də ötə bağ yaranır. Hər anın
bir yerdə keçir, heç kim yanındakının və özünün sabahının necə olacağını
bilmir. Bu isə insanları daha da bir-birinə bağlayır”.
K.Umudlu
bildirdi ki, müharibə döyüşçülərə çox böyük güvən hissi aşılayır: "Normal
vaxtda bir adamla bəzən 3-4 il dostluq edərsən, amma ona sirlərini,
ürəyindəkiləri danışa bilməzsən. Amma müharibədə 10-15 gün ərzində tanıdığın
birinə sirrini açırsan, ən yaxın dostlarına dediklərini, bəzən demədiklərini
onlara danışırsan. Mənə də danışılan sirlər, olub, mən də danışmışam. Bu cür
söhbətlər belə başlayırdı: "Bunu heç kimə danışmamışam”, "Ən yaxınlarım
bilirdi, bir də sənə deyirəm”. Müharibə həm də bizə daha böyük güvən hissi
aşılamış olur. Əgər sirrini kiməsə danışırsansa, deməli, döyüş meydanında da
ona güvənəcəksən”.
"Erməni əsgərləri uduzacaqlarına əmin idilər”
K.Umudludan
döyüşçü deyil, hakim kimi iki ölkənin döyüşçülərini müqayisə etməyini də
istədik: "Futbolda belədir ki, sonda bir tərəf qazanır, digər tərəf uduzur.
Adətən, güclü tərəf qalib gəlir. Amma güclünün şansı gətirmədiyi vaxtlarda
zəiflər də hansısa oyunda qalib gəlir. Biz bu döyüşdə güclü, mərd, igid və
haqlı tərəf idik. Haqqımız olanı almaq üçün əsgərlərimiz çox böyük fədakarlıq,
igidlik göstərdilər. Bu döyüşdə güclü, mərd, igid və haqlı tərəf qazandı. Amma
erməni əsgərləri bu döyüşdə qalib gəlmək üçün heç nəyi gözə almırdılar. Həm
haqsız tərəf idilər, həm də qorxaq. Döyüş meydanında silah-sursatlarını atıb
qaçırdılar. Erməni əsgərlərinin vuruşmaq istəmədikləri ilə bağlı internetdə
videolar da yayılırdı. Qaçırdılar, çünki qorxurdular. Qorxan, məğlub olacağını
bilir deyə qorxur. Biz güclü olduğumuzu bilirdik və qorxmurduq. İstər müharibə
olsun, istər hansısa yarış, güclü tərəfin qorxmağa səbəbi olmur. Erməni
əsgərləri uduzacaqlarına əmin idilər”.
Döyüş
yoldaşları arasında futbolla maraqlanan və onu tanıyanlar da olur: "Döyüşçülər
arasında futbolla maraqlanan, əvvəlki dövrlərdə peşəkar, yaxud həvəskar futbolçu
olmuş şəxslər də var idi. Futbolla xüsusi maraqlananlar tanıyırdılar. Bəziləri
üzdən tanıyırdı, amma kim olduğumu bilmirdi, deyirdilər ki, sizi hardansa
tanıyırıq. Deyəndən sonra bilirdilər. Futbolla maraqlanan ətraf olanda,
futboldan danışırdıq, müzakirələr edirdik”.
Subay döyüşçülərin ailəli-uşaqlı döyüşçülərə jesti...
Kamal
əlavə etdi ki, subay döyüşçülər ailəli-uşaqlı döyüşçüləri nisbətən arxa plana
çəkməyə, riskli döyüşlərdə özləri iştirak etməyə çalışırdılar: "Əməliyyatlara
hansı qrupların, əsgərlərin gedəcəyi tamamlama mərkəzlərində
müəyyənləşdirilirdi. Tamamlama mərkəzlərində seçimlər, əməliyyata uyğun, fərqli
olur. Döyüş zamanı vaxt olmur ki, çox riskli əməliyyatlarda "ailəli, iki-üç
uşaqlı, subay” deyə seçim etsinlər. Tamamlama mərkəzində belədir ki, filan
qədər əsgər ehtiyatı lazım olur və bu, çox qısa müddətdə təmin edilməlidir.
Burda analiz aparmaq olmur. Kiminsə gəlib nə isə təklif verməsini belə analiz etmək üçün vaxt qalmır.
Kim təyin olunursa, gedir. Amma subay əsgərlər ailəli-uşaqlı əsgərləri arxa
plana çəkməyə çalışırdılar. Təbii ki, subay şəxsləri də gözləyən sevdikləri
çoxdur, amma onlar döyüş yoldaşlarının uşaqlarını daha çox düşünürdülər. Biz bu
cür yanaşırdıq”.
"Zəfər dəhlizi”
K.Umudlu
döyüşdən sonrakı oyunda hakim kimi meydana daxil olanda, onun üçün "Zəfər
dəhlizi” təşkil edilir. O, belə bir qarşılanma gözləmədiyini deyir: "Mən döyüşə
gedəndə, bunun karyerama, yaxud mənə olan münasibətlərə təsirini düşünüb o
zəngi etməmişdim. Vətən uğrunda döyüşmək lazım idi və mən də özümü cəbhədə
gördüm və getdim. Döyüşdə iştirak etmişəm deyə, hansısa özəl münasibət də
gözləmirdim. Döyüşdən sonra "Səbail” – "Neftçi” matçında meydana qayıdacaqdım.
Ümumiyyətlə, qayda belədir ki, həmişə hakimlər və komandalar meydançaya bir
yerdə daxil olurdu. Oyundan bir gün əvvəl Peşəkar Futbol Liqasından Elgiz
Abbasovla əlaqə saxladıq. Həmişə oyundan öncə bəzi təşkilati məsələlər barədə
danışırıq. Bildirdi ki, pandemiyaya görə qaydalarda bəzi dəyişiklik edilib.
Dedi ki, birinci ev sahibi komanda, sonra qonaq komanda, sonra da hakimlər meydana
çıxacaq. Həm də dedi ki, orda nəsə tədbir olacaq. Onun nə olduğunu demədi, mən
də heç özümlə bağlı nəsə olduğunu düşünmədim. Oyun günü tuneldə Elgiz bəylə bir
yerdə idik. Komandalar dediyi kimi getdi, ancaq bildirdi ki, sənin hakim
komandan birinci getsin, sən axırda gedərsən. Soruşdum ki, hər hansı reqlament
dəyişikliyi var? Boylananda gördüm ki, komandalar meydançanın girişində dəhliz
formasında düzülüblər. O zaman dedi ki, bu dəhliz sənin üçün qurulub. Bu
diqqətə görə təşəkkür edirəm. İdman ictimaiyyəti tərəfindən çox yaxşı
qarşılandıq. Onlara da minnətdarlıq edirəm”.
Aygün
Asimqızı
Xəbərin mənbəsi: Kaspi.az