#Sağlamlıq

Düzgün oturuş qaydalarına əməl etməmək onurğa əyriliklərinə səbəb olur

Feb 28, 19:39 / Mənbə: News.milli.az

Ofis şəraitində işləyənlər, eləcə də tələbə və şagirdlər, bir sözlə, insanların böyük bir qismi vaxtının çoxunu kompüter arxasında keçirir. Həmin hal davamlı olduqda isə bel və boyun ağrıları, orta yaşlarda varikoz, ayaq ağrıları, onurğa əyriliyi, həmçinin gözlə əlaqədar problemlərə aparıb çıxarır. Həkimlər bildirirlər ki, düzgün oturuş qaydalarına lap körpəlikdən alışmaq lazımdır.

Milli.Az bildirir ki, həkim-fizioterapevt Səidə Kərimova AZƏRTAC-a deyib: "Valideynlər uşaqların düzgün oturuş qaydalarını lap körpə vaxtlarından formalaşdırmalıdırlar. Məsələn, uşağı altı ayından tez oturtmaq olmaz. Bu, gələcəkdə onlarda onurğa problemlərinə səbəb olur, qamət pozuntusu yaradır. Həmin pozuntu isə get-gedə onurğada əyriliklər əmələ gətirir. Onurğanın yana əyilməsi skolioz, önə əyilməsi kifoz, içəriyə doğru əyilməzi isə lordoz adlanır. Qamət pozuntusu əmələ gəldikdə isə onurğada artıq disk yırtıqları yaranır".

Günün çox hissəsini işdə keçirənlər düzgün oturmağa çalışmalı, işlədikləri məkanda özlərinə rahatlıq yaratmalıdırlar. Həkim-fizioterapevt bildirib: "Oturaq iş şəraitində və ya ofisdə çalışanlar 6-8 saat hərəkət etmədən oturmalı olurlar. Yaxşı olar ki, onlar arada durub otağın içərisində olsa da, müəyyən fiziki hərəkət etsinlər, heç olmasa, bir qədər addımlamaq lazımdır. İlk növbədə stolda onurğanı əymədən, düzgün vəziyyətdə oturmaq tövsiyə olunur. Açıq havada gəzmək, onurğaətrafı əzələni gücləndirən idman hərəkətləri etmək məsləhətdir. Baş, boyun və ürək ağrısından şikayət edənlər əsasən stulda düzgün əyləşməyənlərdir".

Mütəxəssislər bildirirlər ki, kompüter arxasında uzun müddət işləyənlər bir neçə qaydaya əməl etməklə sağlamlıqlarını qoruya bilərlər. Uzun müddət oturmaqdan yaranan sərt ağrılardan xilas olmaq üçün ofis şəraitində bir neçə idman hərəkəti etmək çox faydalıdır.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.