#Cəmiyyət

“Xocalı ağrısından gələcəyə baxış” adlı beynəlxalq onlayn konfrans keçirilib - FOTO

Feb 26, 12:29 / Mənbə: News.milli.az

Dünən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏGF) Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzi, Macarıstanın "Subyektiv Dəyərlər Fondu" və Budapeştdə yerləşən Soyqırım və Kütləvi Qırığınların Qarşısının Alınması Fondunun birgə təşkilatçılığı ilə "Xocalı ağrısından gələcəyə baxış" adlı beynəlxalq onlayn konfrans keçirilib. Faciənin 29-cu ildönümündə Xocalı qurbanlarını yad etmək məqsədilə "Xocalıya Ədalət" kampaniyası çərçivəsində təşkil edilən təbirdə beynəlxalq tədqiqatçılar və ekspertlər çıxış ediblər. Konfransın moderatorluğu ABŞ-dan olan mütəxəsis Sara Bouman və beynəlxalq film prodüseri Tyagi Pallava tərəfindən edilib.

Tədbirin açılış hissəsində İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev 29 il əvvəl Xocalıda erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayətin miqyasından və təmsil etdiyi qurumun Xocalıya Ədalət kampaniyasının hədəfləri istiqamətində gördüyü işlərdən bəhs edərək bu tərz konfransların faciə haqda geniş məlumatın dünya ictimaiyyətinə çatdırılması baxımından vacibliyini qeyd edib. Soyqırım və Kütləvi Qırığınların Qarşısının Alınması Fondunun sədri və soyqırımlar üzrə beynəlxalq ekspert Gyorqi Tatar öz çıxışında Fondun dünyada və o cümlədən Avropa qitəsində etnik nifrətə qarşı mübarizə zəminində fəaliyyət apardığını nəzərə çatdırıb. O, münaqişə aparan tərəflər arasında dialoqun zəruri olduğunu vurğulamaqla yanaşı, "ədalətsiz sülh olmur" tezisini xatırladıb və Xocalı faciəsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin müvafiq addımlar atmalı olduğunun vacibliyini bildirib.

Faciədən bir neçə gün sonra İngiltərənin "Independent" qəzetində Xocalıda baş verənlər haqda məqaləsi dərc edilən və o zaman qəzetin Cənubi Qafqaz üzrə müxbiri olan Helen Uoumakın xahişi ilə onun 1992-ci ildə nəşr edilən məqaləsi konfrans iştirakçıları üçün oxunub. Məqalədə jurnalist bir gün ərzində qətl edilən insanların sayından, yaralı qadın və uşaqların çəkdiyi əzablardan dəhşətə gəldiyini qeyd edib.

ABŞ-ın Sahil Karolina Universitetinin professoru Kristofer Qann konfransın ilk panelində çıxış edərək erməni terror təşkilatlarının keçən əsr boyunca azərbaycanlılara və türklərə qarşı törətdikləri cinayətlərdən və apardığı tədqiqata əsasən 20-ci əsrin 80-ci illərinin ən fəal erməni əsilli terroristlərinin 90-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gəldiklərini bildirib. Xocalı kimi dəhşətli bir qətliamın baş verməsində məhz belə soyuqqanlı və amansız terroristlərin iştirakının da rol oynadığını qeyd edib.

Xocalıdan olan Nərmin İbrahimova hadisə zamanı uşaq olmasına baxmayaraq, faciənin sağ qalanlar üzərində ağır travma və sarsıntı qoyduğunu və faciənin dəhşətini bütün həyatı boyu yaşadığını qeyd edərək Xocalı cəlladlarının ən qısa zamanda beynəlxalq səviyyədə mühakimə edilməsinin həyatda qalanların qismən rahatlıq tapmasına və ədalətin bərqərar olmasına xidmət edəcəyini bildirib.

ABŞ-dan olan siyasi şərhçi və aparıcı, "Dağlarda cinayət" kitabının müəllifi Raul Loveri Contreras Azərbaycana gələrək faciə zamanı əsir götürülən Xocalı sakinləri ilə görüşdüyünü qeyd edib, xüsusilə, qadınların və uşaqların başına gələn müsibətlərdən dəhşətə gəldiyini bildirib. R.Contreras həmçinin 44 günlük 2-ci Qarabağ müharibəsinin nəticələrinə də toxunaraq, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinin bölgənin gələcək inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Konfransın ikinci panelində hüquqşünas və insan hüquqları müdafiəçisi Fahmida Faiza Xocalı faciəsinin hüquqi aspektlərindən bəhs edərək faciənin beynəlxalq səviyyədə müvafiq hüquqi qiymət almasının vacibliyini vurğulayıb. "Subyektiv Dəyərlər Fondu"nun sədri Marsel Lorints 90-cı illərin əvvəllərində Qarabağın işğalı ilə bölgədəki sülhün yox edilməsindən, Xocalı kimi mühaibə cinayətinin xalqlar arasında uçurum yaratmasından və gələcəkdə dayanıqlı sülhə nail olmaq üçün bu cinayətin lazımi səviyyədə tanınmasının vacibliyindən bəhs edib. İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzinin əməkdaşı Sevinc İskəndərova "Xocalıya Ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası haqda xüsusi təqdimatla çıxış edərək kampaniya çərçivəsində 2008-ci ildən etibarən həyata keçirilən layihələr haqda məlumat verib.

Sonda konfrans iştirakçıları Xocalıya Ədalət kampaniyası tərəfindən yeni hazırlanmış "Xocalı nişanəsi" adlı qısa sənədli videonu izləyiblər.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.