#Cəmiyyət

Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları işlə təmin olunub - FOTO

Feb 23, 17:33 / Mənbə: News.milli.az

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində bir qrup Vətən müharibəsi qazilərinin abidə mühafizəçisi kimi işə qəbulu ilə əlaqədar görüş keçirilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, görüşdə Dövlət Xidmətinin rəisi Azad Cəfərli çıxış edərək Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə edilən qələbədən danışıb: "Bu gün bu qəbildən olan insanların işə götürülməsi istiqamətində ilk addımımızdır. İlkin olaraq 10 nəfər işə cəlb olunub. Bu şəxslər əvvəlki və son Vətən müharibəsi döyüşlərində iştirak etmiş qazilərimizdir. Lakin daha bir qrup qazimizin də abidə mühafizəçisi, yardımçı dövlət qulluğu vəzifəsinin daşıyıcısı kimi sıralarımıza qoşulması nəzərdə tutulur. Yeni 6 nəfərin işə cəlb olunması istiqamətində sənədələşmə işləri artıq tamamlanmaq üzrədir".

Vurğulayıb ki, şəhid ailələrinin və qazilərin işlə təmin olunması daim diqqətdə saxlanılacaq və bundan sonra da bu istiqamətdə əhəmiyyətli addımlar atılacaq.

Dövlət Xidmətinin rəisi həmçinin qeyd edib ki, bütün ölkə ərazisində, xüsusən də işğaldan azad olunmuş ərazilərdə abidələrin mühafizəsi, bərpası və istifadəsi işinin günümüzün tələblərinə, çağırışlarına uyğun şəkildə həyata keçirilməsi və lazımi koordinasiyanın təşkilini təmin etməyə çalışacağıq.

Vətən müharibəsi iştirakçısı Allahverdi İsgəndərov qeyd edib ki, müharibə veteranı kimi Dövlət Xidmətində işə götürülməsi sevindirici haldır. Vurğulayıb ki, bundan sonra xalqımızın mədəni irsinin qorunmasına xidmət etməkdən qürur duyur.

Vətən müharibəsində könüllü olaraq iştirak edən gənc Turan Hacıyev Vətənin müdafiə olunmasının hər bir şəxs üçün müqəddəs borc olduğunu bildirib. Xalqımızın mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılmasında onun da əməyinin olacağını sevindirici hal kimi dəyərləndirib.

Dövlət Xidmətinin rəisi sonda işə götürülən qaziləri bir daha təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yeni formalaşan regional idarələrində abidə mühafizəçisi kimi 16 nəfər müharibə iştirakçısı işlə təmin olunacaqdır.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.