#Siyasət

İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının ekspertləri Gəncəyə səfər ediblər (FOTO)

Sep 25, 14:30 / Mənbə: Az.trend.az

Bakı. Samir Əli - Trend:

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) ekspertlərdən ibarət nümayəndə heyəti Gəncəyə səfər edib.

Trend xəbər verir ki, qonaqlar 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziləri ziyarət edib, törədilən hərbi cinayətin izləri ilə yerində tanış olublar. Xarici qonaqları Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk müşayiət ediblər.

Məlumat verilib ki, işğalçı dövlətin silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Gəncə şəhərinə edilən raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 100-dən artıq dinc sakin yaralanıb.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Mülki vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir. Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.

İƏT MDİHK ekspertlərindən ibarət nümayəndə heyətinin üzvləri Gəncədə mətbuat konfransı keçirib, jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.